AZ EN RU

Şəhidlik – vətənpərvərliyin ən ali məqamı

Azad Rafiq oğlu Zeynalov

04.03.1987-26.10.2020

Azad 1987-ci ildə Çomaxtur kəndində dünyaya göz açmışdı. VIII sinfə qədər Çomaxtur kənd orta məktəbində təhsil aldı. IX sinifdən hərbi liseydə oxumağa başladı. Sonra Ali Hərbi Məktəbə daxil oldu. Azad çox həvəslə hərbçi olmağı seçmişdi. Yadımdadır ki, hərbi liseyə sənədlərini bir az gec hazırladıq. Hey deyinirdi. Deyirdi, Elnurun babası getdi maşın tapdı, sənədlərini düzəltdi. Siz mənim sənədlərimi hazırlamadınız. 

Sonra özü sənədlərini hazırladı. Hərbi liseyə təqdim etdi. Liseyə o qədər sevinə-sevinə, həvəslə gedib-gəlirdi ki... İnanın ki, bir dəfə də olsun, narazılıq etmədi. Elə bil ki, Azad bunun üçün doğulmuşdu. Ürəyindəki Vətən eşqi o qədər güclü idi.
AHM-ni bitirdikdən sonra müxtəlif yerlərdə xidmət etdi. İl yarım Müşfiq qəsəbəsində işlədi. Sonra hərbi komisarlığa təyinat aldı. Oradan da Qazaxda hərbi polisə xidmətə göndərildi. Sonra il yarım Beyləqanda xidmət etdi. Sonradan Müdafiə Nazirliyinə göndərildi. Bir müddət işlədi, Qusarda bölük komandiri vəzifəsinə təyin edildi. Oradan da müharibəyə getdi. 
Müharibəyə yollanarkən evdən çıxanda son sözləri bu olub: “Mən müharibəyə gedirəm. Qoy bu məsələnin həlli oğlum Aslana qalmasın. Bu torpaqları biz almalıyıq”. 
Azad deyirdi ki, ana, dekabrda mayor rütbəsini alıb kəndə gələcəyəm. O da balama qismət olmadı. 
Oktyabrın 11-i yaralanır. Bizə gələn məlumata görə, Füzuli ərazisində baş verir bu hadisə. Sonra Bakıya gətirirlər. Yaralandıqdan 15 gün sonra şəhidlik zirvəsinə ucalır. 
Arzuları o qədər çox idi ki, Azadın. Həm ailəsi, həm də işi ilə bağlı.
Azad çox vətənpərvər, çox dostsevər, çox qohumcanlı idi. Hər kəsə hörmətlə yanaşırdı. Həm də çox savadlı idi. 
Sonuncu danışığımızda da heç nə demədi. Yalnız qabağa gedirik, dedi. Yaralananda da yoldaşlarına deyib ki, siz gedin. Məni buradan götürəcəklər. Baxın, mənim Azadım orada Vətənini düşünüb, onun xilasını fikirləşib. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Nəşr edilib : 23.07.2024 15:35