AZ EN RU

Şəhid Akif Abbasovun nəşinin qalıqları Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Birinci Qarabağ Müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun nəşinin qalıqları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yayılım atəşi açılıb.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edilib.

Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Nəşr edilib : 18.07.2024 15:27