AZ EN RU

Şəhid ailələri və qazilərin sosial rifahı günü-gündən daha da yaxşılaşdırılır

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə vətəndaşının rifahına yönələn sosial siyasət modeli bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətin bütün həssas təbəqələri, xüsusən şəhid ailələri, müharibə iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunur. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan təqaüd və müavinətlərin məbləği mütəmadi artırılır, onların iştirakı ilə sosial dəstək tədbirlərinin həcmi genişləndirilir. 

    Zəfər dövrünü yaşayan qalib Azərbaycanda müharibədən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlanılıb. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onlara qanunvericilikdə nəzərdə tutulan sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şərait­lərinin yaxşılaşdırılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və digər dəstək istiqamətlərini əhatə edir. Ölkə başçısının müvafiq tapşırıq və sərəncamları əsasında bu sahədə zəruri tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 
    Biz də muxtar respublikada II Qarabağ müharibəsi və sonrakı dövr ərzində həyata keçirilən sosial layihələr barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüsal Babayevlə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, 44 günlük Vətən müharibəsində öz qanı ilə tarix yazan, Vətən uğrunda canlarından keçən, şəhid olmuş 122 nəfərin 110-u Naxçıvan Muxtar Respublikası ərazisində dəfn olunmuşdur. Şəhidlərdən 14-ü Naxçıvan şəhərində, 31-i Şərur rayonunda, 16-sı Babək rayonunda, 4-ü Ordubad rayonunda, 16-sı Culfa rayonunda, 18-i Kəngərli rayonunda, 9-u Şahbuz rayonunda, 2-si isə Sədərək rayonu ərazisində dəfn olunmuşdur. II Qarabağ müharibəsi bitdikdən sonra 37 şəhidin övladlarına sosial müavinət, həmçinin 122 şəhid ailəsi üzvünə, 92 nəfər müharibə əlilinə və 1204 müharibə veteranına Prezident təqaüdü təyin edilib. Bu da onu bariz nümunəsidir ki, dövlətimiz bu həssas kateqoriyadan olan vətəndaşlarına daim qayğı ilə yanaşır.  
    Vüsal Babayev qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasında II Qarabağ müharibəsi və sonrakı dövr ərzində xəsarət almış şəxslərdən 92-nə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilib ki, onlardan 59-u avtomobillə təmin olunmuşdur. II Qarabağ müharibəsindən sonra 33 şəhid ailəsi, 25-i müharibə əlili olmaqla cəmi 58 ailə mənzillə təmin edilib, sosial rifahı yaxşılaşdırılıb.
    Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən daim diqqətdə saxlanılan Vətən müharibəsi əlillərindən 55 nəfər protez-ortopedik, həmçinin köməkçi və texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən 2 nəfər aşağı ətraf, 3 nəfər isə yuxarı ətraf yüksək texnologiyalı protezlə təmin olunmuşdur.
    Şəhid ailələri, müharibə iştirakçıları və onların yaxınları üçün yaradılan Psixoloji Dəstək Xidmətində 32 nəfər şəhid ailəsi üzvü, 25 nəfəri müharibə iştirakçısı olmaqla, ümumilikdə, 57 nəfərə psixoloji xidmət göstərilib, 18 nəfər putyovkalarla təmin olunub, 30 nəfərə isə müalicə və reabilitasiya mərkəzlərinə göndəriş verilərək onların sağlamlığı nəzarətdə saxlanılıb.
    Söhbət zamanı vurğulandı ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatının yaxşılaşdırılması məqsədilə yaradılan dəstək fondu tərəfindən 4 şəhid ailəsinin və 22 müharibə iştirakçısının muxtar respublikadan kənarda müalicə və psixoloji dəstək xərcləri qarşılanıb, 48 şəhid ailəsinin və 21 müharibə iştirakçısının məişət şəraiti yaxşılaşdırılıb, 9 şəhid ailəsinin və 14 müharibə iştirakçısının kredit borcları və 1 şəhid ailəsinin təhsil haqqı ödənilib, həmçinin 49 şəhidin ailə üzvü və 17 müharibə əlili özünüməşğulluğa cəlb olunaraq himayə edilib. Həmçinin 16 şəhid ailəsi üzvü işlə təmin olunmuş, 4 şəhid ailəsi üzvü, 1 müharibə əlili və 1 müharibə veteranı isə peşə kurslarına cəlb olunub. Ümumilikdə, bu günədək 68 şəhid ailəsi üzvünün, 29 müharibə əlilinin və 92 müharibə veteranının özünüməşğulluğu təmin edilib.               
    II Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan qazi Əli Əlisoy dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələrlə bağlı fikirlərini bölüşərək dedi: “Müharibə zamanı hər qarış torpağımız azad olunarkən döyüş yoldaşlarımla keçirdiyimiz böyük qürur, fərəh hissi hələ də xatirimdə canlanır. Ağır müharibə günlərində də, müharibədən sonra da Ali Baş Komandanımızın dəstəyini daim üzərimizdə hiss etdik. Müharibədən sonra müxtəlif medallarla təltif olunmağımız, qazi və şəhid ailələrinə xüsusi diqqət və qayğının, ehtiramın bariz ifadəsi kimi bizləri çox sevindirir. Müharibədən sonra Qıvraq qəsəbəsində 2 otaqlı mənzillə təmin olundum. Göstərilən bu qayğıya görə cənab Prezidentimizə qazilərimiz adından minnətdarlığımı bildirirəm. Biz daim Vətənin keşiyində durmağa hazırıq.  
    Söhbətimizdə bir daha əmin olduq ki, Azərbaycan dövlətinin şəhid ailələrinin qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsini gücləndirmək üçün reallaşdırdığı layihələr böyük təqdirlə, razılıqla qarşılanır.
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının günü-gündən yaxşılaşdırılması dayanır. Təqdirəlayiq haldır ki, dövlət başçısının rəhbərliyi ilə böyük işlər görülür.

Bülbül QULİYEVA

Nəşr edilib : 18.02.2023 00:47