AZ EN RU

Şəffaflıq, operativlik və əhatəlilik prinsipləri ilə – Vergi Ödəyicilərinə Xidmət Mərkəzi

Naxçıvanda bu mərkəzlərdə göstərilən xidmətlərdən razılıq səviyyəsi 99,1 faizdir

Ölkənin iqtisadi siyasətinin uğurla reallaşdırılmasında əsas fakorlardan sayılan dövlət büdcəsinin maliyyə resursları ilə təmin edilməsi və sosial rihafın gücləndirilməsində vergidaxilolmalarının rolu mühümdür. Sahibkarlıq subyektlərinin ən çox müraciət etdiyi bu sahədə xidmətin yüksək keyfiyyət və kəmiyyət göstəricilərinə nail olunması üçün mütəmadi olaraq həm qanunvericilik bazası təkmilləşdirilir, həm də dünya praktikası tətbiq edilir. Ən uğurlu addımlardan biri də son illərdə yaradılan Vergi Ödəyicilərinə Xidmət mərkəzləridir ki, şəffaflıq, operativlik, əhatəlilik kimi səmərəli fəaliyyət prinsipləri ilə bütün təbəqədən olan vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Bu baxımdan Naxçıvanın ən yeni dövrünün dayanıqlı inkişaf konsepsiyası sayılan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə belə mərkəzlərin yaradılması mühüm vəzifə kimi qarşıya qoyulub. Artıq ötən dövrdə Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin dövlətin vergi siyasətinin həyata keçirilməsində, sahibkarlıq subyektlərinin lazımi xidmətlərə əlçatanlığının təminində rolu, əhəmiyyəti barədə suallarımızı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini, vergi ödəyicilərinə xidmətin təşkili və təhlil şöbəsinin rəisi Elçin Babayevə ünvanladıq.

Xoş gördük, Elçin müəllim. İstərdim, əvvəlcə Vergi ödəyicilərinə xidmət mərkəzləri nə üçün yaradılır sualına aydınlıq gətirək, bu mərkəzlərin təyinatı haqqında oxuyucularımıza məlumat verək.

Xoş gördük, ilk öncə qeyd edim ki, Vergi Ödəyicilərinə Xidmət mərkəzləri vergi ödəyicilərinin qəbulu, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi məsələləri barədə onların məlumatlandırılması və izahat işlərinin aparılması, sualların cavablandırılması, elektron və şifahi xidmətlərin göstərilməsi zamanı vergi ödəyicilərinin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə yaradılıb. Vergi ödəyicilərinə xidmət mərkəzləri vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələrinin yerinə yetirilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu mərkəzlərin təyinatı vergi orqanlarının fəaliyyəti ilə bağlı (orqanın səlahiyyətlərinə dair) sualların birbaşa cavablandırılması və ya cavablandırılmaya qəbul edilməsi, əməliyyat xarakterli müraciətlərin birbaşa emalı və ya emala qəbul edilməsi, şikayət (məlumat, təklif) xarakterli müraciətlərin qəbulu, məlumatlandırma və məsləhət xidmətinin göstərilməsi, vergi ödəyicilərinin təqdim etdiyi sənədlərin vergi orqanlarına çatdırılmaq üçün qəbulu və hazır sənədlərin müraciət edən şəxslərə təqdim edilməsindən ibarətdir.

 Bəs ölkəmizdə Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin yaradılması prosesi nə zamandan başlanılıb?Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılmasında həmin mərkəzlərin əhəmiyyəti nədən ibarətdir?

Vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin sayı və əhatə dairəsinin genişləndirilməsi bu sahədə daha təkmil sistemin qurulmasını şərtləndirib ki, bu da, öz növbəsində, ölkəmizin iri şəhər və rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzləri yaradılması zərurətini ortaya çıxarıb. Buna uyğun olaraq vergi ödəyicilərinin bütün növ vergi xidmətlərini vahid bir mərkəzdən ala bilmələri, daha üstün xidmət standartlarının tətbiqi, vətəndaş məmnuniyyətinin artırılması, onlara elektron xidmətlərdən istifadə imkanlarının aşılanması, vergi orqanlarının müsbət imicinin yaradılması məqsədilə 2007-ci ilin may ayından etibarən mərhələli şəkildə vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılmasına başlanılıb və hazırda 4-ü Naxçıvan Muxtar Respublikasında olmaqla ölkə üzrə 60-dan çox xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Bu mərkəzlər daha çox regionlarda, vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə və vətəndaşlara xidmətlər təqdim edirlər.

Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyiciləri ilə münasibətlərin şəffaf müstəvidə qurulması və vergi orqanlarının fəaliyyəti ilə bağlı müsbət imicin formalaşması vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətindən birbaşa asılıdır. Məhz xidmət mərkəzlərinin də yaradılmasının  əsas məqsədi vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir ki, bu da, öz növbəsində, vergi ödəyiciləri ilə  münasibətlərin şəffaf müstəvidə qurulması və vətəndaş məmnunluğunun təmin edilməsində çox mühüm əhəmiyyət kəsb edir.

– Xidmət mərkəzlərinə müraciət edən şəxslərə göstərilən xidmətlərin əsas üstünlükləri nədən ibarətdir?

Xidmət mərkəzləri müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilib və burada vergi ödəyiciləri üçün lazım olan hərtərəfli zəruri şərait yaradılıb. Sahibkarlar Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə müraciət etməklə  vergi sahəsində mövcud olan bütün xidmətləri bir məkanda əldə etmək imkanına malik olurlar. Sahibkarlara xidmət mərkəzlərində dövrün çağırışlarına uyğun olaraq təhlükəsizlik tələblərinə uyğun şəkildə xidmətlər göstərilir. Sahibkarların  təhlükəsizliyinin təmin olunması üçün bütün tələblər yerinə yetirilir. Xidmət Mərkəzlərinə müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə bütün xidmət mərkəzləri növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz edilib. Qeyd olunan sistemlər müraciət edən şəxslərin hüquqlarının qorunmasında çox mühüm əhəmiyyətə malikdir. Həmçinin vergi ödəyicilərinə vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı izahatlar verilir, şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır ki, bu da vergi ödəyicilərinin gələcəkdə maliyyə itkilərinə məruz qalmaması üçün vacibdir.

Bildiyimiz kimi, ölkə Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramında sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərinin yaradılması nəzərdə tutulub və nəticədə, bu gün artıq 4 belə mərkəz fəaliyyət göstərir. İstərdim, həmin mərkəzlərdə göstərilən xidmət növləri, yaradılan şərait barədə danışaq.

Əvvəlcə qeyd edim ki, muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının daha da artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Ordubad, Şərur və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib, bununla da Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın 8.10.10-cu yarımbəndi vaxtından əvvəl tam icra edilib. Bu mərkəzlərdə gün ərzində ayrı-ayrılıqda 150-dək vergi ödəyicisi və vətəndaşın qəbul edilməsi və onlara bir sıra xidmətlərin göstərilməsi mümkündür. Bunlara vergi orqanlarında uçot haqqında şəhadətnamənin və onun yeni nüsxəsinin, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in, vergi, sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə sığorta qanunvericiliyinin (inzibatçılığının) tətbiqi ilə bağlı məlumatların verilməsi aiddir. Həmçinin ərizələrin tərtib edilməsinə köməklik edilməsi, ASAN imza sertifikatı, hazır sənədlərin təqdim edilməsi üzrə xidmətlərin göstərilməsi,  elektron xidmətlərdən istifadəyə köməklik (Bəyannamələrin tərtib edilməsi və göndərilməsi, onlayn POS-terminalların qeydiyyatı, fiziki şəxsin uçotunun onlayn ləğvi, fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması, nəzarət kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatıdan çıxarılması və sair) və digər xidmətlər də daxildir.

Xidmət mərkəzlərində vətəndaşların və vergi ödəyicilərinin müstəqil şəkildə xidmətləri yerinə yetirə bilməsi üçün kompüterlər və printer avadanlıqları ilə təhciz olunmuş özünəxidmət masaları vardır. Eyni zamanda burada vergi sahəsində formalaşan sualların cavablandırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (195) ilə birbaşa əlaqə yaratmaq üçün telefon aparatı da quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə vergi ödəyiciləri və sahibkarlar iş günlərində saat 09:00-dan 18:00-dək fasiləsiz qaydada müxtəlif xidmətlərdən istifadə edə bilərlər. Bununla yanaşı, mərkəzlərdə şəhid ailələri və Vətən müharibəsi qazilərinə, məhdud fiziki imkanlı şəxslərə növbədənkənar xidmət göstərilməsi təmin olunur. Həmçinin “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllülük fəaliyyəti genişləndirilir. Belə ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin 2 saylı, 3 saylı və 4 saylı ƏVİ-lərinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü gənclər fəaliyyət göstərir. Könüllülər xidmət mərkəzində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olurlar.

Ötən dövrdə həmin mərkəzlərə nə qədər müraciət daxil olub, vətəndaş məmnunluğu hansı səviyyədədir?

Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 2024-cü ilin ilk 6 aylıq dövründə qəbul edilən şəxslərin və onlara göstərilən xidmətin sayında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artımın olduğu müşahidə edilir. Belə ki, 2024-cü ilin 6 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi Ödəyicilərinə Xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 17 min 683 şəxs qəbul edilib və onlara 22 min 922 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

Xidmət mərkəzlərində xidmətlərin göstərilməsi zamanı vergi ödəyiciləri və vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi də xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün çox vacib məqam olduğundan bu məsələ xüsusilə diqqətdə saxlanılır. Belə ki, 2024-cü ilin 6 ayı üzrə xidmət mərkəzlərində vergi ödəyicilərinə və vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,1 faiz olub.

Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

Nəşr edilib : 08.08.2024 12:19