AZ EN RU

Sədərək rayonunda aqrar sahədə subsidiyaların verilməsi qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

Avqustun 6-da Sədərək rayonunda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında subsidiyaların verilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova bildirib ki, Naxçıvanda aqrar subsidiyalarla təminat uğurla aparılır. Ötən və cari ildə dövlət dəstəyi hesabına gübrələrin verilməsi, o cümlədən nağd vəsaitlərin ödənişləri təmin edilib. 
Əkinlərin bəyanı üçün son tarixin 30 dekabr olduğunu xatırladan  nazir müavini 2025-ci il yanvarın 1-dən etibarən aqrar sahədə subsidiyaların daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 7 oktyabr 2021-ci il tarixdə imzalanan “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanda əksini tapıb. Torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmədikləri təqdirdə istehsalçıların növbəti ildən subsidiya əldə edə bilməsi mümkün olmayacaq. 
Xəyalə Dadaşova  ötən ildən başlayaraq kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib, həmçinin aqrar subsidiyalar, lizinq xidmətləri, o cümlədən payızlıq əkinlər üçün hazırlığın aparılması, sertifikatlı toxumlardan istifadənin əhəmiyyəti, əkinlərdə aqrotexniki qaydalara riayət olunması barədə ətraflı məlumat verib. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Müslüm Cabbarzadə torpaq üzərində mülkiyyət hüququnun təsdiqlənməsinin əhəmiyyəti və qaydaları haqqında məlumat verib. Rəis müavini qeyd edib ki, sözügedən məsələ ilə bağlı vətəndaşlara kömək məqsədilə səyyar xidmətlər də təşkil olunur. Vətəndaşlar torpaq üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün bu xidmətlərdən yararlana, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər. 
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Nəşr edilib : 06.08.2024 19:10