AZ EN RU

Səbuhi İbrahimovun monoqrafiyası Almaniyada çapdan çıxıb

Bu yaxınlarda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovun Almaniyanın “LAP LAMBERT” akademik beynəlxalq şirkətinin “GlobeEdit” nəşriyyatında “Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” adlı monoqrafiyası işıq üzü görüb.  Monoqrafiyada Naxçıvan mühitində özünə layiqli yer tutan, milli-mənəvi dəyərlərimizi təmsil edən Naxçıvan əlyazma mətnlərinin araşdırılmasının tədqiqi öz əksini tapır. Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” adlı monoqrafiya öz baxışları ilə gənclərimizə təlim-tərbiyənin nə qədər zəruri olduğunu səciyyələndirir. Bu baxımdan da Naxçıvana dair əlyazma mətnlər filoloji istiqamətdə araşdırılaraq onların yaratdığı mühüm amillər geniş şəkildə işıqlandırılır. Həmçinin əlyazma nümunələrinin yaranma zərurəti, zəngin xüsusiyyətləri, kitab müəlliflərinin yaradıcılıq fəaliyyətləri, mənəvi dəyərləri, tarixi həqiqətləri, əlyazmaların xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhhibləri və bədii cild ustalarının yaratdığı sənət əsərləri barədə araşdırmalar aparılmışdır. Bu da Azərbaycan mətnşünaslıq elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Monoqrafiya AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 16 may 2024-cü il tarixli, 3  nömrəli iclasının protokoluna əsasən nəşrə tövsiyə olunmuşdur. Əsərin baş məsləhətçisi AMEA-nın həqiqi üzvü, professor Teymur Kərimli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva, rəyçiləri filologiya elmləri doktoru, professor Sənan İbrahimov, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova və  filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Kübra VƏLİYEVA,

 AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

Nəşr edilib : 05.08.2024 18:34