AZ EN RU

Şanlı Zəfər tariximiz

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 noyabr Azərbaycanda “Zəfər Günü” kimi qeyd olunur.
    2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı güclü əks-hücum əməliyyatları aparan Azərbaycan Silahlı Qüvvələri öz şücaəti ilə XXI əsrdə müasir müharibə aparmağın parlaq örnəyini ortaya qoydu. Qələbəni şərtləndirən başlıca amillərdən biri də o idi ki, işğalın davam etdiyi 30 il ərzində Azərbaycan beynəlxalq aləmdə özünü münaqişənin sülh yolu ilə həllinə sadiq qalan bir dövlət kimi tanıtmışdır. Münaqişənin ilk illərindən ümummilli liderimiz Heydər Əliyev, sonra isə Prezident cənab İlham Əliyev bunun üçün böyük diplomatik səylər göstərmişdilər. Lakin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə vermir, BMT-nin məlum qətnamələri icra olunmur, Ermənistan isə bundan arxayınlaşaraq həddini daha da aşırdı. Düşmənin növbəti – 2020-ci il sen­tyabrın 27-dəki təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlanıldı. Həmin gün ölkə başçısı cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində vətəndaşlarımıza qələbəyə böyük inam hissi aşıladı, düşmənə layiqli cavab veriləcəyini bildirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”. Artıq Ordumuz öz sözünü deməyə başlamışdı. Təmas xətti boyunca düşmənə sarsıdıcı zərbələr vurulurdu. Eyni zamanda müharibənin ilk günlərindən başlayaraq on minlərlə könüllü bölgələrimizdəki hərbi çağırış məntəqələrinə üz tutaraq döyüşə getməyə can atırdı. Lider-Xalq-Ordu birliyi sayəsində hər kəs bu savaşda sona qədər getməyi istəyirdi və getdi də. Elə bu möhtəşəm birliyin nəticəsi idi ki, 44 gün ərzində Azərbaycanın qarşısını nə bir ölkə, nə bir bəyanat, nə də ermənilərin illərcə qurduğu beton istehkamlar ala bildi. 

    Vətən müharibəsi adlandırdığımız bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini bütün dünyaya nümayiş etdirdi. İllərdir, havadar­larının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüquq normalarına məhəl qoymayan ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində məhv edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların, illərlə yalan təbliğatın nəticəsi idi ki, müharibədən aylarla sonra belə düşmən ölkənin əhalisi reallıqda nə baş verdiyini dərk edə bilmədilər.  
    Vətən müharibəsi təkcə Azərbaycan Ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlıqların real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı, eyni zamanda Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətəninə, bayrağına, torpağına olan sevgisini ortaya qoydu. Məhz bu Vətən sevgisi nəticəsində düşmən ordumuzla qarşılaşmada öz silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu. Acizliyin ən son həddi idi ki, hər gün dayanmadan irəli gedən ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən bu dəfə bütün beynəlxalq konvensiyalara zidd olaraq “S-300”, “Smerç”, “İsgəndər” kimi böyük dağıdıcı gücə malik olan raketlərlə Azərbaycanın döyüş zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Qəbələ, Yevlax və digər dinc yaşayış məntəqələrini atəşə tuturdu. Nəticədə, mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər dağıdılmışdır. Azərbaycan Ordusu isə düşməndən bu namərdliyin əvəzini elə döyüş meydanında aldı. Düşmənin hava hücumundan müdafiə vasitələrini və radioelektron mübarizə sistemlərini aşkarlayaraq məhv edən Silahlı Qüvvələrimiz qısa müddətdə hava məkanında üstünlüyünə sahib olmuşdur.
    Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev təkcə döyüş əməliyyatlarının aparılmasına nəzarət etmirdi, eyni zamanda ölkə­mizin haqq işinin dünya mediası tərəfindən düzgün, obyektiv işıqlandırılmasını təmin edirdi. Savaş müddətində Azərbaycanın haqq mübarizəsi ilə bağlı dünyanın məşhur media orqanlarına müsahibələr verən dövlət başçısı bununla həm də erməni lobbisinin yalan təbliğatını alt-üst edirdi. Təsadüfi deyil ki, illərdir, bu lobbi hesabına yanlış təbliğatla məşğul olan bir sıra məşhur media orqanları əməkdaşlarının hadisələrə qərəzli yanaşmaları cənab İlham Əliyevin obyektiv, sərrast, dəmir məntiqə əsaslanan cavabları ilə anındaca yerində susdurulurdu. 
    44 gün ərzində dövlət başçısının da ifadə etdiyi kimi, bir addım belə geri çəkilməyən ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Strateji baxımdan alınmaz bir yüksəklikdə yerləşən Şuşa şəhəri Azərbaycan əsgərinin misligörünmə­miş qəhrəmanlığı, taktiki bacarığı və əlbəyaxa döyüşü ilə azad edildi. On minlərlə fərarisi olan, ordusunun 80 faizi məhv edilmiş düşmən bu dəfə diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır”. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, ulu öndərin arzusu yerinə yetirildi. Şuşanın azad olunması xəbərini dövlət başçımız xalqa bu cür çatdırdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
    Beləliklə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək              5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladlar. Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. 
    2020-ci il dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və Tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı Tarixi Qələbənin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkı isə qazanılan Tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
    Vətən müharibəsindən iki il ötür. Ötən illərdə Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələrində ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, Böyük Qayıdış üçün kompleks quruculuq tədbirlərinə də başladı. Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yolların salınması, elektrik stansiyalarının qurulması, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, həmçinin Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin, Ağalı kəndində “ağıllı kənd” layihələrinin tamamlanması ölkəmizin iqtisadi qüdrətinin və qarşıya qoyulmuş məqsədlərə doğru qətiyyətlə addımladığının göstəricisidir. Füzuli və Zəngilanda hava limanlarının açılış mərasimində qardaş Türkiyə Respublikası Prezidentinin şəxsən iştirak etməsi isə 2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ruhuna uyğun olaraq Türkiyə və Azərbaycanın bütün sahələrdə həmrəy olduğuna ən gözəl nümunədir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərən qalib ordudur. Muxtar respublikada da sərhədlərimiz layiqincə qorunur, təhlükəsizlik təmin olunur, insanlar rahat yaşayır, təsərrüfat və quruculuq işləri ilə məşğul olurlar. Bu gün ölkəmizdəki sabitlik, inkişaf və tərəqqinin əsas səbəblərindən biri də Azərbaycan Ordusunun qüdrətidir”. Vətən uğrunda apardığımız haqq savaşında muxtar respublikamızın hərbi təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti də əsl qəhrəmanlıq göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər...” Bunu da xatırlatmaq lazımdır ki, bizi Böyük Zəfərə aparan yol həm də 2016-cı ilin dördgünlük aprel döyüşlərindən, Naxçıvanda keçirilən uğurlu Günnüt əməliyyatından, Tovuz döyüşlərindən keçdi. Ölkə başçısı Naxçıvanda olarkən demişdir: “Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi...”
    Bu, bir reallıqdır ki, müharibələr itkisiz olmur. Ancaq digər bir reallıq da odur ki, qələbə itkisiz qazanılmır. Bu müharibədə də şəhidlər verdik,  qazilərimiz oldu. Həm müharibə, həm də ondan sonrakı dövrdə muxtar respublikaya gətirilən şəhidlərimiz hava limanında ən yüksək səviyyədə –  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ehtiramla qarşılandı, dəfn mərasimləri müvafiq icra hakimiyyəti orqanları və çoxsaylı kütlə tərəfindən mütəşəkkilliklə həyata keçirildi. Ötən dövrdə müharibə şəhidlərinin ailələrinə, qazilərə hərtərəfli dövlət dəstəyi göstərildi və bu dəstək hazırda da davam etdirilir. Müharibədə iştirak etmiş hərbi qulluqçuların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, onlar müxtəlif adlara layiq görüldülər, orden və medallarla təltif olundular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi, “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamı şəhidlərə və onların ailə üzvlərinə göstərilən ən yüksək diqqətin nəticəsi idi. 
    Ötən dövrdə muxtar respublikada ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaiti hesabına Vətən müharibəsi iştirakçılarından 49 şəhid ailəsi və sağlamlıq imkanları məhdud şəxs mənzillə, 49 müharibə iştirakçısı avtomobillə təmin olunmuş, 22 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanmış, 49 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Həmçinin bu günədək fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 1 nəfərin təhsil haqqı xərci ödənilmişdir.
    Bu gün bütün dünya azərbaycanlıları Zəfər Gününü qeyd edir. Zəfər Günü həm də Milli qürurumuzun təntənəsidir. 

“Şərq qapısı”

Nəşr edilib : 07.11.2022 20:22