AZ EN RU

"Şahlar" elə kiçik yaşlarından taxtda oturur

Qrossmeyster Mixail Botvinnikin fikrincə, şahmat analiz sənətidir, burada yalan çox yaşamır və nəticəsi şahmat taxtası üzərində matdır. Formalaşan cəmiyyətdə "Daha ağıllı bir rəqiblə qarşılaşarsansa, daha ağıllı ola bilərsən" deyimini də elə şahmata şamil etmək olar. Rəqibinin kimliyi sənin individual zəkanın cəmiyyətdə hansı rol oynadığını da göstərir. Şahmatda yaxşı şansın olmur, yaxşı oyun təcrübən və analizin olmalıdır. Böyük həyatın kiçik modeli olan şahmatı məhz buna görə dünyanın "şahı" adlandırırlar. Maraqlısı odur ki, bu "şahlar” elə kiçik yaşlarından taxtda oturur, peşmanlıqdan daha böyük peşmanlığın olmadığını rəqiblərinə siraət etməyə çalışırlar. Elə Naxçıvanın zəka sahibləri kimi. Düşünmə qabiliyyətinin inkişafında hesablama, strategiya, hücum, müdafiə, fərqli kombinasiyalar şahmatçılarımızın bu növdə idarəetmə bacarığını bir daha üzə çıxarır. Onlar isə qazandıqları uğurlarla şahmat dünyasında "gediş"lərini dayanmadan edir, adlarını şahmat taxtası "üzərinə" yazdırırlar. Bəs bu qəhrəmanlarımız kimlərdir?


İlk müsahibimiz şahmat taxtası arxasında öz yaşıdlarını "mat" etməyə müvəffəq olan Yasin Əzimovdur. O, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdidir. Balaca müsahibimiz Yasin ailəsinin və ona bu yolda irəliləməyə dəstək olan müəllimlərinin əməyini qazandıqları uğurlarla əvəz etməyə çalışır. Orta məktəb dərsləri ilə yanaşı, şahmatda da əzmlə çalışan istedadlı müsahibimizin gözlərindəki parıltı ilə sanki ona qarşı olan qürur hissimizi anladığını ifadə edir...
2022-ci ildə Türkiyənin Malatya və Van şəhərlərində keçirilən şahmat yarışlarının hər ikisində 9 xal qazanaraq 1-ci yerə layiq görülən müsahibimiz həmin ilin noyabr ayında da Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında iştirak edərək 5-ci yerin sahibi olub. Daha sonra 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən 9 yaşlılar arasında məktəblilərin şahmat çempionatında 9 oyundan 7.5 xalla Avropa çempionu, Azərbaycan çempionatının gümüş mükafatçısı olub. Uğurlu ilin noyabr ayında Türkiyənin Elazığ şəhərində keçirilən "Yüzyılın Hamlesi Uluslararası Satranç Turnuvası"nda 10 yaşlılar arasında 1-ci yerin qalibi olub.
Uğurlarını fərəhlə izlədiyimiz balaca həmsöhbətimiz bu ilin iyun ayında Azərbaycan çempionatında 10 yaşlılar arasında qalib adını qazanaraq İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə əldə edib.
Qeyd edək ki, Yasin Əzimov 3 dəfə Azərbaycan çempionatında iştirak edərək 1-ci dəfə 4-cü yer, 2-ci dəfə 2-ci yer, 3-cü dəfə isə 1-ci yer tutaraq Azərbaycan çempionu adına layiq görülüb. Bundan başqa isə 2 dəfə Avropa çempionatında iştirak edərək 1-ci dəfə 5-ci yeri, 2-ci dəfə isə 1-ci yeri tutaraq Avropa çempionu adına layiq görülüb.


Digər müsahibimiz isə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Mirsaleh Seyidlidir. Mirsaleh də həmyaşıdları kimi orta məktəb dərslərinə məsuliyyətlə yanaşır və yaxşı qiymətlər alır. Dərsləri ilə yanaşı, vaxtının səmərəli təşkili üçün zamanını şahmat taxtası arxasında dəyərləndirən müsahibimiz bu yolda uğurlara imza ataraq böyük nailiyyətlər əldə edib. O, 2022-ci ildə Türkiyənin Van şəhərində təşkil olunan Beynəlxalq Open yarışında 12 yaşı olmasına baxmayaraq, 14 yaş kateqoriyasında qalib adını qazanıb. Daha sonra 2023-cü ildə Albaniyanın Durres şəhərində məktəblilərin Avropa çempionatlığında 2-ci yerin sahibi olub. Həmin ildə Türkiyənin Elazığ şəhərində təşkil olunan "Elazığ Belediyesi Yüzyılın Hamlesi Satranç Turnuvası"nda 14 yaş kateqoriyasında 1-ci yerə layiq görülüb. Mirsaleh öz zəkası və oyunda etdiyi taktiki gedişlərlə muxtar respublikada keçirilən yarışlarda, demək olar ki, mükafatlananlar sırasına daxil olmağı bacarıb. Söhbətimiz zamanı məlum oldu ki, o, 4 ildir, birinciliyi qoruyub saxlayır.
Mirsalehin bu il Gürcüstanın Batumi şəhərində təşkil olunan beynəlxalq festivalda 14 yaşı olmasına baxmayaraq, 16 yaş kateqoriyasında 2-ci yeri tutması onu daha da həvəsləndirib. Qazandıqları nailiyyətlərdən qürurla danışan zəka sahibimiz Batumi şəhərində keçirilən bu festivalın son turundakı uğurunu xüsusi olaraq vurğuladı. Deyir ki, erməni rəqibi üzərində qələbə qazanaraq mükafatçılar siyahısına düşüb. Bu qürurlu an onun az yaşında qazandığı uğurlar içərisində ona ən yaxşı təəssüratlarla yaddaşına həkk olunmuş sevinc payıdır.


Gənc şahmatçı Nazlı Hümbətova ilə də söhbət edib, qazandığı uğurlara birgə fərəhləndik. Şahmata 6 yaşından etibarən başlayan Nazlı deyir ki, ilk uğurum Naxçıvan Opendə 8 yaşlı qızlar arasında 2-ci yerə layiq görülməyim olub. Bu uğurun davamı olaraq Gürcüstanın Tbilisi, Yunanıstanın isə Kavala şəhərində keçirilən yarışlara qatılıb. Günü-gündən şahmata olan marağı onu daha əzmlə irəli çəkərək Ankaranın Çubuk şəhərində 10 yaş kateqoriyasında qızlar arasında birinci yer, həm də ümumi qrupda 2-ci yerin sahibi olub. Müsahibimiz bildirir ki, Türkiyənin bir çox şəhərlərində keçirilən şahmat yarışlarında nailiyyətlərlə nəticənən oyunların iştirakçısı olub. Daha sonra 2022-ci ildə 16 yaşlı qızlar arasında Azərbaycan çempionu olan şahmatçımız, 2023-cü ildə isə 2-ci yerin sahibi olub. Gənc şahmatçımız 2022-ci ildə "Təhsil" Respublika İdman Mərkəzinin Azərbaycan çempionatında iştirak edərək 7 oyundan 7 xallıq nəticə göstərərək bir daha çempion adını qazanıb.
Bu gün muxtar respublikada idmanın digər növləri kimi, şahmatın da inkişaf etdirilməsi, gələcəyimiz olan yeniyetmə və gənclərimizin  sağlam addımlarla irəliləməsinə səbəb olur. Müsahiblərimizlə söhbətimiz zamanı qazanılan nailiyyətlərdən və qarşıya qoyduqları hədəflərdən danışması bizdə buna bir daha əminlik hissi bəxş etdi. İnanırıq ki, çempion adını qazanmış müsahiblərimizin timsalında digər gənclərimiz də gələcəyə ümidli baxışlarla boylanıb, bayrağımızı bir daha yüksəklərdə dalğalandıraraq hər birimizə əvəzsiz qürur hissini yaşadacaqlar. 
 

 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 20.07.2024 21:35