AZ EN RU

Şahbuzda “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu gün Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin binasında Şahbuz Rayon İcra Hakimiyyətinin və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Şahbuz Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ülvi Əliyev, məsləhətçi-psixoloqu Nubar Səfərova və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli çıxış etmişlər.
Çıxışlarda qeyd edilib ki, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin  dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.
Qeyd edib ki, əhalinin ekoloji təhsili və maarifləndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaqdır.
Tədbirdə Şahbuz rayonunun təhsil, mədəniyyət və digər sahələrindən olan 32 nəfər iştirak etmişdir.

Əli Cabbarov

Nəşr edilib : 08.08.2024 16:50