AZ EN RU

Şahbuz rayonunda “Təmiz ölkəm!” devizi ilə aksiya keçirilib

Vətəndaşların istirahət üçün üz tutduqları Şahbuz rayonunun Batabat ərazisində Ümumrespublika Təmizlik Marafonu çərçivəsində “Təmiz ölkəm!” devizi ilə təmizlik aksiyası keçirilib.
Aksiyada Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin üzvləri, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının, yerli Kommunal Müəssisələr Kombinatının nümayəndələri, ekokönüllülər və yaşıl dünya könüllüləri iştirak edib. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar tullantıları yaşıllıq sahəsindən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

“Təmiz ölkəm!” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində
keçirilən aksiyaların məqsədi insanları istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, ictimaiyyətin bu məsələyə diqqətini artırmaq və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanı təmin etməkdir.

Nəşr edilib : 27.07.2024 17:27