AZ EN RU

Sağlamlıq imkanımın məhdud olması mənim üçün əngəl deyil

Bu gün muxtar respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər sosial əhəmiyyət daşıyır. Sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər bu siyasətin ana xəttini təşkil edir. Xüsusilə fiziki imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısı nəticəsində onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili daim diqqətdədir. Bu qayğıdan bəhrələnən arasında qadınlar da yer alıb. Belə ki, ötən günlərdə sağlamlıq imkanları məhdud Xanım Hüseynova avtomobillə təmin olunub. Bununla bağlı Xanım Hüseynova ilə görüşüb təəssüratlarını öyrəndik. O bildirdi ki, 2018-ci ildə avtomobil qəzası keçirərək onurğa yaralanması ilə yerimə qabiliyyətini itirib. Həkimlər ona ömürboyu yatağa məhkum bir həyat yaşayacağını deyiblər: “Buna baxmayaraq, əzmim və iradəmlə özümə inanaraq həyata davam etmək qərarına gəldim". Məqsədim 6 il bağlı olan otaqdan çıxıb cəmiyyətə qarışmaq idi. Şükürlər olsun ki, illər sonra bunu bacardım. Bu yolda isə ən böyük dəstəkçim ailəm oldu. Müsahibimiz bildirdi ki, gələcək arzularım sırasında maşın almaq var idi. Çünki mən maşınım olmadığından  çox işlərimi həll edə bilmirdim. Evdən çölə çıxmağım, özümün və ailəmin ehtiyaclarını qarşılamaq üçün avtomobil gərəkli idi. Altı il sonra mənim bu arzum reallaşdı. Buna görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə dərin minnətdarlığımı bildirirəm”.

Müsahibimiz qeyd etdi ki, ona avtomobil hədiyyə olunması həyatda mübarizə aparmağım üçün böyük bir stimuldur: “Artıq sağlamlıq imkanımın məhdud olması mənim üçün əngəl deyil. Eyni zamanda qarşıma qoyduğum bir neçə məqsəddə var ki, bunun üçün çalışıram. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə səyyar kofe evi açmaqla bağlı müraciət etmişəm. İnanıram ki, bu arzumda zamanla reallaşacaq. Bununla da səyyar xidmət sahəsi üzrə çalışacağam. Özümdə bir ana kimi hər zaman çalışmışam ki, övladlarım Vətənə və cəmiyyətə layiqli bir şəxs olsun. Bunun üçün onların təlim-tərbiyəsi və təhsili ilə yaxından maraqlanıram”.

Unutmayaq ki, bugünkü həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək olmaz. İnsanın fiziki imkanlarının məhdud olması heç də onun sıralarımızdan geri qalması demək deyil. Çünki fiziki məhdudluq zahiri əlamətdir, əsas olan insan mənəviyyatının sağlam olmasıdır.

Bülbül QULİYEVA

Nəşr edilib : 03.07.2024 17:10