AZ EN RU

Rabitəçi-mühəndislər “Şəbəkə İnnovasiyaları Sammiti 2022”də iştirak edib

    Bu günlərdə dünyanın qabaqcıl şirkətlərindən olan “HUAWEI” şirkəti tərəfindən rəqəmsal transformasiya, yeni texnoloji sahələrdə əməkdaşlığın, eləcə də investisiya qoyuluşunun təşviqi məqsədilə Bakı şəhərində sammit təşkil olunub. 
    “Fairmont Hotel”də baş tutan sammitdə dünyanın bir sıra ölkələrindən gələn qonaqlarla yanaşı, “HUAWEI” şirkətinin ekspertləri, şirkətin əsas tərəfdaşları, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların rəhbər işçiləri iştirak ediblər. Sammitdə  məruzəçilər rəqəmsal transformasiyanı işıqlandıran qabaqcıl bağlantılarla bağlı dəyərli fikirlər səsləndiriblər. Eyni zamanda 5G texnologiyasının gətirdiyi innovativ yeniliklər, yeni FMC (Fixed Mobile Convergence – Sabit Mobil Konvergensiya) arxitekturası ilə 5G-yə hazır şəbəkənin təkamülü, ağıllı IP sahəsində və rəqəmsal gələcək naminə “HUAWEI” şirkəti ilə strateji əməkdaşlığın qurulması və innovasiyaların tətbiqi təcrübəsi, ağıllı bulud şəbəkələri, qənaətcil büdcəli dalğa boyu bölmə multipleksiyası şəbəkəsi mövzularında qonaqlar tərəfindən müzakirələr aparılıb, yeni inkişafa təkan verən Optik Şəbəkə 2.0 (ON2.0) həllinin nümayişi keçirilib.

    Qeyd edək ki, sammitdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyini tabeli qurumlarının mühəndisləri Kamal Həsənov və Elbrus Qocayev təmsil ediblər.
    Bu kimi tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar sahəsində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyaların muxtar respublikada tətbiqinə öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni 
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 21:12