AZ EN RU

Rabitəçi -mühəndislər “Kibergigiyena layihəsi”nə qoşulublar

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. 
      Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən  dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə həyata keçirilən maarifləndirmə tədbirləri  çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyinə dair biliklərin artırılması və möhkəm kiberimmuna sahib olmaqdır.
   “Kibergigiyena layihəsi”ndə  Nazirliyin  34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən olunub.
      Qeyd edək ki, kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Buraya həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir. Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyena qaydaları kimi vərdiş halına çevirməkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 28.01.2023 15:06