AZ EN RU

Qürur yerimiz və fəxrimiz

Əmrah Xudaverdi oğlu İsmayılov

(10.11.1994-10.11.2020)

Əmrah balaca vaxtlarından idmana meyilli idi. Deyirdi ki, hərbçi olacağam. Ona görə də IX sinifdən hərbi liseyə getmək istədi, lakin biz icazə vermədik. Tez-tez deyirdi ki, ana, əsgərlikdən qayıtmayacağam. Mən xidmətimi davam etdirib hərbçi olacağam. Bu mənim ən böyük arzumdur. 
Dediyi kimi də etdi. Əsgərlikdən gəlmədi. Hərbidə qalıb xidmətini davam etdirdi. Nə atası, nə də mən razı idik ki, Əmrah hərbçi olsun. İstəyirdik ki, həmişə yanımızda olsun. O qədər sakit, mehriban, yaxşı uşaq idi ki. 

Əmrah Türkiyədə keçirilən hərbi təlimlərdə də iştirak etmişdi. Oradan gəldikdən sonra daha da həvəsləndi. Günnüt əməliyyatında iştirak etdi. 
Hərbidə işləyəndə evə gec-gec gəlirdi. Heç ağlıma gəlməzdi ki, Əmraha nəsə olar. Bu haqda heç fikirləşməmişdim. Əmrah evə gəlməyəndə heç qala bilmirdim. Zəng vurub deyirdim ki, “Oğul gəlmirsən?” Deyirdi ki, “Ana, narahat olma, gələcəyəm”.
Əmrah da ata idi. Bir qızı, bir oğlu var. Allah saxlasın. İndi onlarla təsəlli tapıram. Təsəlli tapıram ki, balamın nişanələri var. İnanın ki, balaları elə bil ki, Əmrahdı. Onun kimi mehribandırlar. Bizi Əmrah kimi sevirlər, biz də onları. 
Əmrahın arzuları var idi. Neynəyim ki, bütün arzuları yarımçıq qaldı. Özünə ev aldı, heç evində də otura bilmədi. Necə həvəslə getdi şəhid olmağa deyə bilmərəm.
Sonuncu dəfə 8 noyabrda danışdıq Əmrahla. 8-i tezdən atası, qardaşı, sonra da mənimlə danışdı. Dedi ki, ana, sənə bir söz deyim. Uşaqlarımı yanınızda saxlayın. Gözünüzdən uzaq qoymayın. “Oğul, uşaqlar yanımdadırlar, hara gedirlər ki?” dedim. Qayıtdı ki, ana, uşaqlar sizə əmanət. Hirsləndim ki, bala, elə demə. Dedi ki, ana, inşallah, gələrəm. Amma oğlum özü yox, şəhid olaraq çiyinlərdə gəldi.

Nəşr edilib : 28.07.2024 13:23