AZ EN RU

Qüdrətli ordumuza inam, güc verən Cəbrayıl zəfəri

Kiçik Qafqaz dağlarının qoynunda, Qarabağ silsiləsində yerləşir Cəbrayıl rayonu. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. 1930-cu ildə inzibati rayon statusu alan Cəbrayıl 1 şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi. Rəvayətlərə görə, Cəbrayıl kəndinin əsasını VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş Cəbrayıl ata qoymuş, rayonun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür.

Cəbrayıl sement, mərmər, mişardaşı kimi qiymətli tikinti materiallarına, dəmir filizi, hətta neft yataqlarına sahib bir rayon olub. Torpaqları yüksək məhsuldarlığa malik rayon əhalisinin əsas məşğuliyyətini üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq təşkil etmiş, elm, mədəniyyət, maarif  kimi sahələr inkişaf etmişdi. Rayonda  xəstəxanalar, musiqi məktəbləri, mədəniyyət evi, klub,  mədəni çadır və avtoklub, kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi və digər mədəniyyət müəssisələri fəaliyyət göstərmiş,  sənaye müəssisələrində, quşçuluq fabrikində minlərlə cəbrayıllı çalışaraq yaşayışını təmin etmişdir. Kəhrizləri, təbii mineral bulaqları ilə tanınan Cəbrayılda 118 kəhriz, 360-dan çox bulaq var idi.  İki böyük suvarma kanalı kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Saf havası-suyu, bənzərsiz təbiəti ilə seçilən rayonda 4039 hektar meşə zolağı, 58 min 585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi.

 Rayonda müxtəlif sənət sahələri inkişaf etmiş, cəbrayıllılar özlərinin xalçaçılıq ənənələri ilə tanınmış, bu sahədə məktəb yaratmışdılar. Qadınların toxuduğu əl əməyi göz nuru olan “Qasımuşağı”, “Kürd”, “Qaraqoyunlu”, “Bəhmənli” adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçalar xaricdə tanınmışdır. Maddi və mədəni abidələrlə zəngin olan rayonun Dağ-Tumas kəndi yaxınlığında yerləşən Divlər Sarayı mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji abidlər burada məskunlaşmanın eramızdan əvvələ aid olduğunu göstərir. Həmçinin Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələri, eləcə də Ağoğlandakı Orxan yazılı abidəsi Cəbraylın türk-oğuz yurdu olduğunu bir daha təsdiq edir. 

 Cəbrayılda həm də şifahi ədəbiyyatımızın bir qolunu təşkil edən aşıq sənəti inkişaf etmiş, burada milli aşıq-ozan sənətimizin baniləri olan Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın,  Aşıq Abdullanın və başqa el sənətkarlarının ifa etdikləri məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləri kimi mənəvi-tərbiyəvi aşıq havaları sonrakı dövrdə aşıq sənətinin inkişafında mühüm rol oynamışdır...

1988-ci ildən başlayaraq Cəbrayılın başı üstünü qara buludlar almağa başladı. Tarixən torpaqlarımıza göz dikən, hər vəchlə ərazilərimizi işğal etmək istəyən, çörəyimizi bölüşdüyümüz ermənilər satqın, xain olduqlarını bir daha sübut etdilər. Cəbrayılın, cəbrayıllıların üstünə topları, atəşləri yağdırıb, günahsız insanları  qanlarına qəltan etdilər. O çətin, dözülməz günlərdə rayonda kifayət qədər qüvvə olmasa da dövlətə, dövlətçiliyə sədaqətləri ilə seçilən cəbrayıllılar içərisindən Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov kimi ərənlər yurdun harayına çıxarıb son damla qanlarına qədər vuruşaraq şəhid oldular.  Mübarizəyə baxmayaraq, Cəbrayıl 1993-cü il avqust ayının 23-də düşmənin tapdağı altına keçdi. Buradakı bütün tarixi-mədəni abidələr, kəndlər, şəhərlər ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Cəbrayıldan 362 nəfər şəhidlik zirvəsinə yüksəldi, 191 nəfər sağlamlıqlarını itirdi, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Həyatda qalanlar qaçqın, köçkün vəziyyətinə düşərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşdılar. Bütün çətinliklərə baxmayaraq, 27 il dədə-baba torpaqlarına qayıdacaqları günü həsrətlə gözlədilər və ən əsası bu günə olan inamlarını heç vaxt itirmədilər…

 Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki ağır vəziyyəti nəzarətə götürmüş ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atmış, 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən Horadiz əməliyyatı Füzuli rayonunun bu qəsəbəsi və 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə nəticələnmişdir. Təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın mümkün olmadığı bu kəndə Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbədən sonra yeni həyat  bəxş olunmuşdur. Dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı, bu mənada, mühüm rol oynamış, kənddə təhlükəsiz yaşayış bərpa edilmiş, məcburi köçkünlər doğma yurdlarına qaytarılmışdır. Cocuq Mərcanlı qələbəsi həm də işğal altındakı torpaqlarımıza – Qarabağımıza Böyük Qayıdışın başlanğıcı olmuşdur. Ölkə başçısı bununla bağlı demişdir:“Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır.”

30 il ərzində torpaqlarımızı işğalda saxlayan, heç nəyə məhəl qoymayan erməni cəlladlarına  2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsində rəşadətli Ordumuz layiqli dərsini verdi. Prezidentimizin qətiyyəti, cəsarəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində bu gün doğma torpaqlarımız bizə qayıdıb, həmçinin də Cəbrayıl. 2020-ci il oktyabrın 4-də Prezident cənab İlham Əliyevin xalqa müraciəti bütün azərbaycanlıların, xüsusilə də cəbrayıllıların sevinc göz yaşlarına səbəb oldu. Ölkə başçısı dedi:  – “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm…”

44 gün ərzində Cəbrayıl şəhəri, rayonun 90 kəndi  Ermənistan işğalından azad olundu. Həmin il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva böyük Zəfərdən sonra ilk dəfə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində səfərdə oldular. Dövlətimizin başçısı Xudafərin körpüsü üzərində şanlı Azərbaycan bayrağını qaldırdı. Xalqımız üçün qürur və fəxarət dolu anlardan digər biri isə dövlətimizin başçısının Cəbrayıl şəhərində də üçrəngli bayrağımızın qaldırması oldu. Şəhərin gəzintisi zamanı ermənilərin talan etdiyi Cəbrayılı bütün dünyaya göstərən ölkə başçısı düşmənin əsas məqsədini açıqladı: “Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını”.

2021-ci il fevralın 14-də dövlətimizin başçısı Cəbrayıl rayonuna növbəti səfəri zamanı kənd təsərrüfatı sahəsinin sürətli inkişafını diqqətdə saxlamış, 7 min hektarda əkin işləri aparılmışdır. Həmin il aprelin 26-da Cəbrayıl rayonuna yenidən səfər edən Prezident cənab İlham Əliyev rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa edərək buradan bütün torpaqların da Cəbrayıl kimi bərpasının mesajını vermişdi. Həmin gün Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edən ölkə başçısı hərbi qulluqçularla görüşündə çıxış edərək demişdi: “Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir”.

 Dövlətimizin başçısı növbəti dəfə  Cəbrayıla 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə getdi. Həmin gün Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Ölkə başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident cənab İlham Əliyev bu görüşün xüsusi məna daşıdığını bildirərək dedi: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir…biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.

Dövlət başçısının da qeyd etdiyi kimi Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsinin işğalçılardan azad edilməsi ilə Laçın dəhlizi tam nəzarətə götürülə bilmiş, eyni zamanda Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açılmışdı. Oktyabrın 9-da Hadrut qəsəbəsinin azad edilməsi isə Şuşaya yolumuzu açmaqla həlledici Zəfərə yaxınlaşdırmışdı.

Prezident həmin gün Cəbrayıldan müxtəlif təxribatlara əl atan düşmənə səsləndi: “Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”.  Dövlət başçısı həm də Ermənistanın havadarlarına sərt cavab verdi: “Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib…Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

“Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır” – deyən Prezident cənab İlham Əliyev bildirmişdir ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə iki ölkə özləri heç bir vasitəçisiz gündəlikdə duran məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər. Bir vaxtlar Cəbrayıla yol çəkmək istəyən Ermənistan rəhbərliyinə dövlət başçısının bu cavabı isə, əslində, deyilən sözün yox, nəticənin əsas olduğunu göstərdi : “İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq”.

2022-ci il mayın 26-da  ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək  Soltanlı stansiyasının, “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.“Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.

Cənab Prezidentin Cəbrayıla və işğaldan azad edilmiş digər torpaqlarımıza səfərləri onu göstərir ki, Qarabağımız dirçəldilir, şəhərlərimiz, kəndlərimiz müasir üslubda yenidən qurulur, tarixi-mədəni abidələr, memarlıq nümunələri bərpa edilərək özünə qaytarılır, təkcə ölkəmizə yox, bütün Cənubi Qafqaz regionu üçün fayda verə biləcək işlər həyata keçirilir, uzunmüddətli sülhün və sabitliyin yaranması üçün çalışılır. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda Cəbrayıl, həmçinin digər torpaqlarımız uğrunda canı-qanı bahasına vuruşaraq şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsi yaşadılır, şəhid ailələrinin, qazilərin sosial-məişət şəraiti yaxşılaşdırılır, onlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.10.2022 23:50