AZ EN RU

Qlobal iqlim dəyişikliyi: səbəbləri və nəticələri

Hazırda dünyanın bir nömrəli problemi kimi iqtisadi, hərbi və demoqrafik potensialından asılı olmayaraq bütün ölkələri eyni dərəcədə narahat edən qlobal iqlim dəyişikliyinə qarşı ümummübarizəyə qoşulmuş Azərbaycan bu il COP29 kimi mötəbər beynəlxalq sammitə ev sahibliyi edəcək. Dövlət başçımız cənab İlham Əliyevin də bu barədə dəfələrlə vurğuladığı kimi, Azərbaycana səfər edəcək 100 minə yaxın yüksək statuslu qonağın iştirakının gözlənildiyi belə genişmiqyaslı tədbir ölkəmizin iqtisadi gücü və təşkilatçılıq imkanlarından xəbər verir. Buna görə də qlobal iqlim dəyişikliyi, onu yaradan səbəblər, nəticələri və birgə mübarizənin mahiyyəti barədə edilən çıxışlar maraq doğurur.

Qlobal iqlim dəyişikliyi, konkret olaraq qlobal istiləşmə bir təbiət hadisəsi olsa da, elmi araşdırmalarla onun əsl mahiyyətində insanın iqtisadi fəaliyyətinin olduğunu görürük. Belə ki, planetin geoloji tarixinin araşdırılması nəticəsində məlum olur ki, qlobal temperatur artımına meyil XVIII yüzillikdən başlasa da, son yüz il ərzində bu proses daha da sürətlənib. O vaxtlar, yəni ilk sənayeləşmə dövründən başlayaraq karbohidrogen mənşəli yanacağın istehlakının sürətlə artması əvvəlcə zavodların və kömürlə işləyən nəqliyyat vasitələrinin, sonra isə elektrik stansiyalarının sayının çoxalmasına səbəb oldu. Sonrakı dövrdə, yəni XIX əsrin ortalarından başlayaraq neftin və təbii qazın da istifadəyə cəlb olunması bir tərəfdən insanın minlərlə mədəni tələbatlarını ödəməyə yönəlsə də, digər bir tərəfdən bu, toxunulmamış təbiətin zərər görməsinə, təbii ekosistemin pozulmasına gətirib çıxarmışdır. Metan və digər karbohidrogen mənşəli enerji mənbələrindən kütləvi istifadə, həmçinin yaşıllıqların məhvi və plastiklərdən istifadənin həddən artıq artması nəticəsində yaranan istixana effekti Günəşdən gələn işığın bir hissəsini Yerdə tutub saxlamaqla iqlim dəyişikliyinə səbəb olmaqdadır. Bu da, öz növbəsində, təbii ekosistemə uyğunlaşmış biomüxtəlifliyə ciddi ziyan dəyməsinə, buzlaqların əriməsinə və bununla da, dənizlərin səviyyəsinin yüksəlməsinə, nəticədə, bəzi  ada  dövlətlərinin yox  olmasına, okeansahili ölkələrin quru ərazisinin azalmasına, qapalı su hövzələrinin qurumasına, çayların məcrasından kənara çıxmasına və ya qurumasına, anormal quraqlığa və ya həddən artıq yağıntıların düşməsinə gətirib çıxarır. Şübhəsiz, bütün bunlardan daha çox mənfi təsir insan həyatına dəyir,  ərzaq və ekoloji təhlükəsizlik böyük risklərlə üzləşır. Odur ki, hər il daha da mürəkkəbləşən bu vəziyyətin əsl səbəblərinin işıqlandırılması, ekoloji baxımdan arzuolunmaz, ətraf mühit üçün risk daşıyan fəaliyyət və ya hərəkətlərin qarşısının alınması üçün təbliğat aparılması məqsədilə əhalinin ümumi ekoloji problemlər, həmçinin iqlim dəyişmələri, onların səbəbləri, real və potensial fəsadları haqqında əhalini məlumatlandırması xüsusi əhəmiyyət daşıyır.

Hazırda qlobal iqlim dəyişikliyi səbəbindən ciddi iqtisadi və sosial fəsadlar yaşanmaqdadır. Ölkələrin iqtisadiyyatına milyardlarla dollar zərərlər vuran iqlim dəyişikliyi torpaqların münbitliyinin korlanmasına, kənd təsərrüfatında məhsuldarlığının aşağı düşməsinə, milyonlarla insanın miqrasiyasına və sonuncu ilə bağlı ciddi sosial-siyasi problemlərə səbəb olur. Son illər ərzində ölkəmizdə də tez-tez rast gəlinən dağıdıcı leysan və sel kimi iqlim kataklizmləri planetdə landşaft örtüyünə zərər vurmaqda, infrastrukturu dağıtmaqdadır. Orta ekvatorial qurşaqda rast gəlinən qar yağıntısı, qütblərə yaxın ərazilərdəki meşə yanğınları, yaxud içməli su mənbələrinin azalması da planet üzrə orta temperatur səviyyəsinin 1-1,5 dərəcə artması nəticəsində yaranan və qarşısı alınmadığı zaman yaxın onilliklərdə daha da kəskin xarakter alacağı gözlənilən iqlim dəyişikliyinin nəticəsidir. Ümumilikdə isə ABŞ, Çin, Almaniya, Fransa, Hindistan kimi iri sənayeləşmiş ölkələrin təbiətə atdığı karbon dioksid və metan qazlarının səbəb olduğu istixana effektindən əziyyətçəkən bütün digər ölkələr, eləcə də Azərbaycan kimi bu problemin yaranmasında çox az səbəbkar olan, ancaq problemdən daha çox əziyyətçəkən digər ölkələr, xüsusən ada dövlətləri üçün bu problem olduqca aktualdır. Belə ki, ölkəmiz istixana effekti yaradan qazların atılmasında cəmi 0,1 faiz paya sahib olduğu halda bu problemin həllinə bundan 10 dəfədən artıq töhfə verməkdədir. Azərbaycan yaşıllaşdırma və dekarbonizasiya işlərinə ayırdığı ciddi diqqət və COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə dünyada bu sahədə də öncül olduğunu göstərməkdədir.

Dünyanın gündəmini tutan iqlim dəyişikliyinin mahiyyəti onun qlobal miqyası ilə izah olunur. Hələ 1992-ci ildə BMT çərçivəsində Braziliyanın Rio-de-Janeyro şəhərində və 179 ölkəni təmsil edən 11 min nəfərə yaxın nümayəndənin iştirakı ilə keçirilmiş “Yer Sammiti”ndə qaldırılmış “gələcəksiz dünya” problemi təbii ehtiyatların, enerji mənbələrinin təkcə indiki nəsillərin rifahı naminə deyil, eyni zamanda gələcək nəsillərin də istifadəsi üçün yetə biləcək şəkildə sərf olunmasının vacibliyini qeyd edirdi. Sammitdə planetimizdə “yaşıl enerji”yə keçid, karbon tullantılarının azaldılması, bir sözlə, dayanıqlı inkişaf prinsiplərinə əməl olunması qərarı alınmışdı. Ümumilikdə, dayanıqlı iqtisadi inkişafa nail olunması üçün planetdə ekoloji vəziyyətin nəzarətdə saxlanılması, buna nail olunması üçün bütün dünya ölkələrinin hökumətlərinin, özəl sektorun və vətəndaşların birgə məsuliyyətinin formalaşdırılması və daha da artırılması bu beynəlxalq tədbirdə vurğulanmışdır.

Hazırda iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri əksər ölkələrin milli inkişaf prioritetləri arasındadır. Doğrudur, ABŞ və digər bəzi ölkələr səbəb olduqları problemə görə dünyanın digər ölkələrinə ödəyəcəkləri məbləğdən yayınmaq üçün hələ də iqlim məsələləri üzrə konvensiyalara qoşulmağa inad göstərməkdə, Rusiya və ya Şimali Koreya kimi ölkələr hər gün havaya buraxdıqları uzaqmənzilli ballistik raketlərlə atmosferi çirkləndirməyə davam etməkdədirlər. Ancaq ölkəmiz. eləcə də bütün fəaliyyət istiqamətlərini yaşıl dünya naminə quran digər sivil dövlətlər isə ortaq evimiz olan planetin qarşılaşdığı bu problemin həllində qarşıya qəti məqsədlər qoymuşlar. Uzun illər boyu Ermənistanın ekoloji terroruna məruz qalmış ölkəmiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərini “yaşıl enerji zona”sına çevirməklə, əslində, problemin kökündən necə həll oluna biləcəyinin örnəyini dünyaya göstərir. Bu ərazilərin yenidən dirçəldilməsində ağıllı yaşayış məntəqələrinin yaradılması, su hövzələrindən səmərəli istifadə və kütləvi yaşıllaşdırma tədbirləri ölkəmizin, ümumilikdə, iqlim dəyişikliyinə qarşı mübarizədə öz imkanlarını necə səfərbər etdiyini göstərir. Neft və qaz ölkəsi olan Azərbaycanda alternativ enerji mənbələri hesabına güc stansiyalarının tikilməsi, elektrikli nəqliyyat vasitələrinə keçidin stimullaşdırılması, yanacaqla işləyən nəqliyyat vasitələrinə qarşı qoyulan ekoloji şərtlərin sərtləşdirilməsi, kənd təsərrüfatında mütərəqqi suvarma sistetminin, məişətdə enerjiyə qənaətli avadanlıqların tətbiqi, su sərfinin və plastik tullantıların gedərək azaldılması, bütövlükdə, cəmiyyətimizin dayanıqlı inkişaf yolunda nə dərəcədə məsafə qət etdiyini göstərir.

İnsan təbiətin bir parçasıdır və onun bütün sərvətləri düzgün istifadə olunduqda bəşəriyyətin bu günü və sabahı üçün uzun əsrlər boyunca yetəcəkdir. Lakin unutmaq lazım deyil ki, ümumi evimiz olan Yer kainatda bir nöqtə qədər kiçikdir və Uca Yaradanın buraya bəxş etdiyi canlı həyatın da gələcəyinə məsuliyyətlə yanaşmalıyıq. Bütün canlı həyat üçün ən həssas amil isə münasib iqlimdir. Odur ki, saf iqlimi qorumaq gələcəyimizi qorumaq deməkdir.

Əli CABBAROV

Nəşr edilib : 09.08.2024 11:35