AZ EN RU

Qızıla bərabər gümüş medal

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya oyunlarında Azərbaycanı təmsil edən taekvondoçumuz Qaşım Maqomedov bütün rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. Yarımfinalda isə Qaşım Maqomedov  oyunun birinci yarısında 9 xal, ikinci yarısında isə 11 xal əldə edərək italiyalı rəqibi Vito Dellakvilanı  məğlub edərək finala yüksəlmişdi.

Oyun həyəcanla davam edirdi, azərbaycanlı taekvondoçunun zərbələri olduqca fəal idi. Qaşım Maqomedov oyun zamanı sanki rəqibinin bütün hərəkətlərini əvvəlcədən bilirmiş kimi qarşılıq verirdi. O, hər xalı xeyrinə yazdırdıqca bütün baxışları öz üzərinə çəkərək, oyunu izləyənlərin gözünü qırpmağa macal vermirdi.

Final mərhələsində Qaşım Maqomedovun rəqibi Cənubi Koreyanı təmsil edən taekvondoçu Park Taejoon oldu.  Final mərhələsinin  başlanğıcında Qaşım Maqomedovun gözlərindən sevinc hissi açıq-aydın duyulurdu. Sanki bu hiss ona Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kostsoyevdən sonra 3-cü qızıl medalı Vətənə gətir deyirdi.

Taekvondo idman növü ilə yaxından maraqlananlar bilməmiş olmazlar ki, taekvondo Koreyada meydana çıxaraq inkişaf etdirilib. Sanki idmançımız tək Park Taejoonla deyil, taekvondonun özü ilə mübarizə aparır. Təmsilçimiz əminliklə mübarizə aparmaqda inadla davam edir... Ta o ana qədər ki, ayağından zədə alır. Bu zədə onu ayaq üstündə durmağa imkan vermirdi. Həkimlərin ilkin tibbi yardımı onun oyuna davam edə bilməyəcəyini açıqca göstərirdi. Oyun dayandırıldı. Rəqib də onun ciddi vəziyyətdə olduğunu başa düşürdü. Həkimlərin baxışları da Qaşım Maqomedovun oyunu dayandırmasını söyləyirdi. Təmsilçimiz bilirdi ki, oyunu dayandırsa, gümüş medalın sahibi olacaq. Lakin o mübarizədən əl çəkməyərək, Vətənini sona qədər təmsil etməyi layiqincə bacardı.

Zədəsi get-gedə böyüyürdü. Koreyalı rəqibi artıq onun zəif nöqtəsini tapmışdı. Qaşımın üzərinə gedərək onu yarış zonasından kənara çıxarmaq və xal əldə etmək istəyirdi. Və bunu bacarırdı. Ayağındakı zədəyə görə hər zərbəbaşı hakim oyunu dayandırır və Qaşım Maqomedova nə isə olmasından qorxurdu. Axı bu idmançımızın kariyerasının sonu ola bilərdi.

Qaşım Maqomedovun baş məşqçisinin nigaran baxışları, idmançımızın aldığı zədə səbəbindən alnından axan tər... Oyunun ikinci turundan, təxminən, 40 saniyə keçmiş, bitməsinə isə, təxminən, 1 dəqiqə qalırdı. Qaşım Maqomedov rəqibinə qarşı bir hərəkət yoxlamaq istəyir və bu hərəkət boşa keçir. Nəticədə, idmançımızın arxası rəqibinə tərəf dönür. Artıq onun rəqabətə dözümü qalmayıb. Və nəticədə, arxaya döndüyü anda rəqibindən aldığı zərbə ilə yarış zonasını tərk edərək yıxılır. Cənubi Koreyanın baş məşqçisi təmsilçimizin yerindən qalxa bilmədiyini görüb öz oturduğu yerdən cəld Qaşım Maqomedovun yanına gəlir. Vəziyyət ciddidir. Onsuz da üstünlüyün özündə olduğunu bilən cənubi koreyalı idmançı arxadan vurduğu zərbənin peşmanlığını baxışları ilə açıq-aydın deyirdi. O da diz çökmüş vəziyyətdə həkimlər və baş məşqçilərlə birlikdə Qaşımın uzandığı yerdə dayanıb. Artıq Qaşım Maqomedovun yarışa davam edə bilməyəcəyini anlayırlar. Qaşımdan soruşmayaraq üzərindəki qoruyucu jileti soyunduraraq onu kənara çıxarırlar.

Baxmayaraq ki, Qaşım Maqomedov Azərbaycana qızıl medal gətirə bilmədi, lakin ayağındakı zədə ilə sonadək mübarizə apararaq ölkəmizə qızıla bərabər medal qazandırdı.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 08.08.2024 12:38