AZ EN RU

Qərbi Azərbaycana qayıdışın sədası Naxçıvandan eşidilir

Prezident İlham ƏLİYEV: Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır.

2024-cü il iyun ayının 21-22-də Zəngəzur Milli Parkında (Batabat yaylağında) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi ölkəmizdə böyük maraqla qarşılandı. 2023-cü ilin noyabr ayında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində də biz silahla deyil, sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində tarixi dədə-baba torpaqlarımıza qayıtmaq kimi mühüm mesajlar vermişdik. Hər iki festival-konqresdə soydaşlarımıza qarşı həyata keçirilən mənfur deportasiya siyasətinin bütün qaranlıq məqamlarına yenidən aydınlıq gətirildi. 
Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə həmsöhbət olduq. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası istiqamətində Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası məsələlərinə işıq tutulması ilə bağlı həyata keçirilən tədbirlərdən danışdıq: 
– Vətən müharibəsindən sonra ölkəmizin qarşısında duran ən ciddi strateji məsələlərdən biri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın təmin edilməsi idi. Əlbəttə ki, qayıdış konsepsiyasının hazırlanması və qayıdış proqramının aktuallığı birbaşa ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasında ölkəmizin ziyalıları ilə görüşündə səsləndirdiyi fikirlərlə əlaqədardır. Bilirsiniz ki, həmin görüş vaxtı cənab Prezident ölkəmizdəki mövcud reallıqların, bütövlükdə, Zəfərdən sonrakı postmüharibə dövründə regionumuzdakı yeni gözləntilərin qaçılmazlığını həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkəmizin tarixi problemi olan Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi tarixi ədalətin və bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına xidmət edən bir konsepsiyadır. Təbii ki, cənab Prezidentin çıxışından sonra Qərbi Azərbaycan əsilli ziyalılar və bütövlükdə, Qərbi Azərbaycandan deportasiyalara, köçürülmələrə məruz qalmış insanlar tərəfindən artıq bir müzakirə mövzusuna çevrilmişdir. Qərbi Azərbaycan mövzusu Qarabağ üzərindəki tarixi qələbəmizdən sonrakı mərhələdə ictimaiyyətin müzakirə etdiyi mövzuya ona görə çevrildi ki, Qarabağ və ətraf rayonlar artıq işğaldan azad edilib. Bu ərazilərdə də, əslində, bizim insanlarımız kifayət qədər böyük məhrumiyyətlərə, köçürülmələrə, soyqırımlara məruz qalıblar. Lakin Qərbi Azərbaycan mövzusu uzun illər sovet rəhbərliyi tərəfindən unutdurulmuş bir mövzu olmuşdur. O ərazilər tarixi Azərbaycan torpaqları olmasına baxmayaraq, təəssüf ki, “Ermənistan ərazisi” kimi təqdim edilib. Sovetlər birliyi dönəmində bu bölgədə insanlar, eyni zamanda bu ərazinin bütün maddi mədəniyyət nümunələri  soyqırımına, deportasiyaya, dəyişikliyə məruz qalıb. Qərbi Azərbaycandakı yer adlarının son yüz ildə dəfələrlə dəyişdirilməsi az qala adıçəkilən ərazinin tarixi adlarının gənclər tərəfindən unudulmasına səbəb olmuşdur. Düzdür, tarixin müxtəlif dövrlərində, xüsusilə müstəqillik illərində Qərbi Azərbaycanın bu probleminə dair yazılmış məqalələr və aparılmış tədqiqatlar müəyyən dərəcədə Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaya bilmişdir. Qərbi Azərbaycan toponimlərinin, folklorunun, tarixinin, coğrafiyasının unudulmaması üçün müəyyən dərsliklərdə, dərs vəsaitlərində, bir sıra məqalələrdə, monoqrafiyalarda bu ərazidə baş vermiş hadisələrə münasibət bildirilmişdir. Amma etiraf etməliyik ki, cənab Prezidentin çağırışından sonra ziyalıların səfərbər olması məlum mövzuya yenidən daha fundamental və əhatəli baxışın təmin edilməsinə güclü şərait yaradıb. Çünki bu gün Qərbi Azərbaycan mövzusunda bütün tədqiqatçılarla yanaşı, xarici ölkələrdə yaşayan Qərbi Azərbaycan əsilli tanınmış tədqiqatçılarımız, alimlərimiz var ki, onlar da bu istiqamətdə çox sanballı işlər aparırlar. Cəmi iki il ərzində çap olunmuş materiallar bunu deməyə əsas verir ki, Qərbi Azərbaycanla bağlı araşdırmaya ehtiyacı olan kifayət qədər böyük elmi araşdırma sahələri var və bu istiqamətlərdə bütün elm, ali təhsil müəssisələrinin üzərinə mühüm və təxirəsalınmaz vəzifələr düşür. Çünki tədqiqatçı qruplar, tədqiqatçı heyətin formalaşdırılması birbaşa bu müəssisələrin bazası hesabına mümkün olacaqdır. Sevindirici haldır ki, ötən il artıq ölkəmizin bir sıra elm və ali təhsil müəssisələrində Qərbi Azərbaycanın araşdırılması ilə bağlı mərkəzlərin yaradılması, Qərbi Azərbaycanı tədqiq edən müxtəlif fənlərin tədris olunması, ayrı-ayrı tədqiqat qruplarının təşkili reallığa çevrildi. Eyni zamanda Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanın toponimikası, mədəniyyəti və tarixi ilə bağlı seçmə fənlər artıq bir il ərzində universitetin tələbələrinə tədris olundu. Təbii ki, bu tədris prosesində tələbələrin materiallara əlçatanlığını təmin etmək üçün biz vaxtaşırı yeni kitabları və monoqrafiyaları onlara təqdim etməliyik. Cənab Prezidentin müəyyənləşdirdiyi istiqamətlər üzrə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, folklorunu, məişətini, onun adət-ənənələrini təbliğ edə biləcək materialları gənclərə çatdırmaqla həmin fənlərin tədrisi böyük əhəmiyyət daşıyır.
– Bu dəfə keçirilən festival-konqres həm də xalqa açıq idi. İstərdik ki, bir qədər də festival-konqresin təfərrüatları barədə danışasınız. 
– Bəhs etdiyimiz tədbir ölkəmizdə ilk dəfə idi ki, bu formatda keçirilirdi. Müxtəlif vaxtlarda Naxçıvanda festivallar olub, indi də keçirilir, belə tədbirlər diqqətdə saxlanılır. Amma adıçəkilən son möhtəşəm tədbirdə biz konqresimizin folklor və mədəni hissələrini həm elmi cəhətdən dinləməyə, həm də praktik olaraq o mühiti yaradıb göstərməyə çalışdıq. Bir məqamı da nəzərə almaq lazımdır ki, bizim hansısa iclasda 300-500 dinləyici üçün belə bir konfransı, konqresi təşkil etmək imkanımız da var. Bu konqresdə 500 nəfərin iştirakı ilə 300 məruzə dinlənilə bilərdi. Amma biz çalışdıq ki, bugünkü mövzumuzu – bu milli ideyanı ictimaiyyətin bütün üzvlərinə çox sadə üslubda, sadə dildə çatdıraq. Hamımız bilirik ki, ağır akademik dil-üslub və ciddi tədqiqatların auditoriyası bir o qədər geniş deyil. Lakin xalqa yaxın və açıq olan auditoriyada minlərlə dinləyici və izləyicini cəlb etmək, informasiyanı ötürmək imkanımız yoxdur. Söhbət canlı ünsiyyətdən gedir və ona görə də cümə və şənbə günlərində festivalımızı xalqa açıq keçirdik. 
Tədbirimizin kifayət qədər geniş tərkibi var idi. Konqresə ölkəmizin müxtəlif elm və ali təhsil qurumlarından – 44 müəssisədən 301 əməkdaşın məruzəsi təqdim olunmuşdu. Tədbirdə 301 məruzə 29 paneldə 7 istiqamət üzrə təqdim edildi. Eyni zamanda 5 poster təqdimatımız oldu və onlayn hissəsi də var idi. Ümumilikdə, 301 sayda məruzəni əvvəlcədən gördüyümüz tədbirlərə görə burada dinləyə bildik. Eyni zamanda 44 müəssisə ilə bərabər qardaş Türkiyənin müxtəlif ali təhsil qurumların rəhbərlərinin, həm də universitet professorlarının iştirakı təmin olunmuşdu. Festival-konqresin idarə edilməsi üçün əvvəlcədən əsasnamə hazırlanmışdı. 32 nəfərdən ibarət elmi komitə var idi. 50 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdı. Bu elmi və təşkilat komitələrinin işi həm festivalın idarə olunmasını, həm də konqresin təşkili və yekunlaşmasını əhatə etməli idi. Tədbirin ənənəvi xarakter alması tədqiqatçıların buraya cəlbini daha da artırırdı. Bunu builki festival-konqresdə olan iştirak sayı da təsdiq etdi. Ötən il biz festival-konqresdə əgər 240 məruzə dinləmişdiksə, bu il bu rəqəm, dediyimiz kimi, 301-ə qalxdı. Konqresdə kifayət qədər aktual mövzulara həsr edilmiş 7 istiqamət – “Qərbi Azərbaycan: tarixi həqiqətləri, faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları”, “Qərbi Azərbaycanın təbii sərvətləri” mövzularında, 2 paneldə 12 müəllifin 8 məruzəsi dinlənildi. 
Konqresimiz universitetimizin binalarında, konfrans zallarında təşkil olunmuşdu. Konqresin materiallarının çap olunması elanı verilmişdi. Builki festival-konqresin tərkibi zəngin idi. Festival-konqres keçən il olduğu kimi bu il də kitab təqdimatları ilə başladı. Onu da qeyd edim ki, Qərbi Azərbaycanla bağlı nəşrlər xeyli sayda artıbdır. Festivalda kitab və rəsm sərgilərinin, müxtəlif tətbiqi sənət nümunələrinin nümayiş olunması bir daha Qərbi Azərbaycana mənəvi cəhətdən yaxınlığımıza, Qərbi Azərbaycan mədəniyyətinin müxtəlif formalarının tanıdılmasına kömək etdi. Festivalın kulinariya hissəsində çox geniş təqdimat oldu. Burada Qərbi Azərbaycana aid olan müxtəlif kulinariya nümunələri sərgilənmişdi. 60-dan çox yemək, 40-dan çox meyvə və meyvə qurusu, müalicəvi bitkilər və sair festival-konqresin iştirakçılarına təqdim edildi. 
–“Qərbi Azərbaycana qayıdış” festival-konqresi  nələri hədəfləyib? Ötən festivaldan bu festivala qədər nələri əldə edə bilmişik? 
– Bizim niyyətimiz, birincisi, dövlətimizin müəyyənləşdirdiyi “Qərbi Azərbaycana qayıdış” konsepsiyasının icrasına töhfələr verməkdən ibarətdir. Konsepsiyadan irəli gələn vəzifələri Naxçıvan Dövlət Universiteti həmin konsepsiyanın müddəaları əsasında bundan sonra da yerinə yetirmək niyyətindədir. Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyi də yaradılıbdır. Yəqin ki, növbəti festival-konqresin iştirakında məhz nümayəndəliyin də burada əməyi olacaqdır. Onu da deyim ki, bu festival-konqresdən də nəticə olaraq irəli gələn məsələlər ondan ibarətdir ki, biz bundan sonra konqresin materialları işığında Naxçıvan Dövlət Universitetində gənc tələbələr arasında tədqiqat işlərinin şəbəkəsini genişləndirək. Tələbə Elmi Cəmiyyətinin xətti ilə bu mövzularda elmi işlərin verilməsi və eyni zamanda Qərbi Azərbaycana aid olan magistratura səviyyəsi üçün dissertasiya mövzuları müəyyənləşdirək. Doktorantura səviyyəsində də mövzuların müəyyənləşdirilməsi, eyni zamanda bu sahədə dissertasiya müdafiələrinin təşkil edilməsinə nail olmağı da bu il qarşımıza məqsəd qoymuşuq. Çünki bu iki konqres dövründə biz məruzələrdən yeni istiqamətləri müşahidə etmişik. 
Növbəti il bizi Qərbi Azərbaycanla bağlı daha fundamental elmi tədqiqatlar gözləyir. Bunun üçün tədqiqatçı qruplar yaratmaq niyyətindəyik. Həmin qruplara mütləq gəncləri, doktorantları, magistrantları cəlb edəcəyik. Universitetimizin elmi kitabxanasında Qərbi Azərbaycana həsr olunmuş ayrıca fond yaradılıb. Bu fondu zənginləşdirməyi düşünürük. Çünki biz 3 fənn tədris etdiyimizə görə çalışırıq ki, o fənlərin tədris bazasını təşkil edək. Bu bazanın yaradılması üçün keçirilən konqreslərin çox böyük əhəmiyyəti vardır. Konqreslərarası müddətdə, bəhs etdiyimiz 301 məruzəni bir-biri ilə əlaqələndirmək üçün bu festival çox böyük platformadır. Yəni Qərbi Azərbaycan tədqiqatçılarını biz ildə bir dəfə bir araya gətiririk. Onlar Qərbi Azərbaycan sahəsində gəzən tədqiqatçılardır. Bu baxımdan da bu festival-konqresin ikinci ən böyük tərəfi odur ki, Qərbi Azərbaycana məqalələr, kitablar, monoqrafiyalar həsr etmiş tədqiqatçıları biz görüşdürə bilirik. Qeyd etməliyəm ki, ötən festivaldan bu festivaladək universitetin müəllim və tələbələri tərəfindən Qərbi Azərbaycan mövzusunda 500-dən artıq rəsm, əl işləri və dekorativ-tətbiqi sənət nümunələri, memarlıq maketləri hazırlanmışdır. Eyni zamanda yerli icra hakimiyyətləri, Mədəniyyət, Elm və Təhsil nazirlikləri, Rəssamlar Birliyi üzvləri tərəfindən xeyli sayda maddi mədəniyyət, məişət, rəsm və əl işləri sərgilənmiş, Qərbi Azərbaycan İcması üzvləri tərəfindən müxtəlif mövzularda ustad dərslər keçilmişdir. Eyni zamanda tədqiqatçılarımız canlı informatorların dilindən kifayət qədər folklor məlumatları, ənənəvi mədəniyyət nümunələrini qeydə alaraq gələcək elmi istiqamətləri müəyyənləşdirə bilmişlər. 
Hər dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlaşanda Qərbi Azərbaycan mahalının tanınmış el ağsaqqalları, sənətkarları və ozan-aşıq ədəbiyyatının nümayəndələrinin əsərlərinə, yaradıcılıqlarına müraciət edirik. Açılış tədbirində universitetimizin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimləri Aktyorluq ixtisasının tələbələri ilə birlikdə maraqlı kompozisiya təqdim etdilər. Bu, Qərbi Azərbaycan nisgili, qədim yurd yerinə qayıdışı səsləyən, təbliğ edən bir kompozisiya idi ki, müəllim və tələbələrimiz bunu böyük həvəslə hazırlamışdılar. Çünki biz bütün yönləri ilə Qərbi Azərbaycanı təqdim etmək istəyirik. Onu da deyim ki, hər tədbirdə növbəti tədbirlər üçün də mövzular yaranır. Müşahidə etdim ki, bir il ərzində, əslində, bir il də keçməyib, noyabrdan iyun ayına qədər olan müddətdə, qərbi azərbaycanlıların ötən festivaldan bu festivala qədər öz dəyərlərinə və maddi mədəniyyət nümunələrinə olan münasibətində kəskin dönüş yaranıb. Onlar oradan gətirdikləri hər bir əşyaya qiymətli miras kimi yanaşır, gördükləri və yerinə yetirdikləri adət-ənənəni daha da həvəslə yaşatmağa çalışırlar. Hər bir qərbi azərbaycanlı böyük həvəslə öz torpağına qayıdıb, bu mədəniyyəti yenə də orada davam etdirməyi düşünür. Mənim yadımda qalan və sevindirici müşahidəm ondan ibarət idi ki, budəfəki festivalda qərbi azərbaycanlıların nəvə-nəticələri, uşaqları da iştirak edirdilər. Uşaq yallıları, uşaq kollektivləri, uşaq folklor nümayişləri var idi. Düşünürdüm ki, Qərbi Azərbaycan mövzusu, yəqin ki, orada yaşayıb və məlum hadisələr ucbatından köçməyə məcbur olan insanların yaddaşı ilə itəcək. Ancaq biz şahidi olduq ki, qərbi azərbaycanlılar bu mədəniyyəti illər keçsə də, yaşadıblar və öz nəsillərinə peşəkarcasına ötürə biliblər. Gənclər və uşaqlar Qərbi Azərbaycana aid dəyərləri çox böyük məharətlə nümayiş etdirirdilər. Eyni zamanda onlar ənənəvi Qərbi Azərbaycan geyimlərində idilər. Əlbəttə ki, gənclərimizin, uşaqlarımızın dəyərlərimizə sahib çıxmasını görməyimiz çox ümidverici hissdir və bu, yaxın gələcəyimizə estafeti çox sağlam şəkildə ötürə bilmişik anlamına gəlir. Biz hədəflərimizə yavaş-yavaş çatırıq.
 – Festival-konqresin keçirilməsi üçün niyə məhz məkan olaraq Batabat seçildi? Bunun bir rəmzi mənası var idi, yoxsa təsadüfən bu ünvan seçilmişdi?
– Bu gün bizim qarşımızda duran əsas məsələ bütün yönləri ilə Qərbi Azərbaycana yaxınlaşmaq, oranı hiss etmək, təbiətinə, florasına, faunasına, coğrafi quruluşuna, sərhədlərinə yaxınlaşmaqdan ibarətdir. Əlbəttə ki, ikinci festival-konqresin Batabatda keçirilmə səbəbləri içərisində bu da var. Bilirsiniz ki, Batabat yaylağı ilə Qərbi Azərbaycan torpaqlarını, demək olar ki, ayıran çox qısa bir məsafə var. Oranın təbiətini, imkanlarını həmin festivalda hiss etmək üçün məhz həmin ünvan seçilmişdi. Eyni zamanda Batabatın ən gözəl vaxtlarıdır. Bu məkanın havasını, gözəlliyini, yaşıllığını gələn qonaqlara təqdim etmək mənası da Batabat seçimində əsas rol oynayır. Əsas qayəmiz o idi ki, növbəti festivalı ötən ildən fərqli olaraq yaylaq şəraitində təşkil edək. 
– Festivalda ən çox diqqətçəkən Batabat yaylağında Qərbi Azərbaycanın 11 mahalının adına çadırların qurulması idi... 
– Düşündük ki, tədbirdə Qərbi Azərbaycanın 11 mahalının adına çadırlar qurulsun və həmin çadırları biz müvafiq təşkilatlara təhkim edək. Həm universitetin, həm müvafiq yerli icra hakimiyyəti orqanlarının, həm də Əlahiddə Ümumqoşun Orduya aid olan Qərbi Azərbaycan çadırları onlar tərəfindən hazırlansın, ictimaiyyətə təqdim olunsun. Təbii ki, burada həm də kollektiv kimi biz Qərbi Azərbaycana qoşulmanın kütləviliyinə nail olmuşuq. Eyni zamanda tədbirdə çalışdıq ki, bu mahalları bölərkən muxtar respublikanın rayonlarında məskunlaşmış Qərbi Azərbaycan əsilli insanların yerləşdikləri yerə görə adlandıraq. Məsələn, həm coğrafi baxımdan Zəngəzura yaxınlığı, həm də Zəngəzurdan köçənlərin böyük əksəriyyətinin Ordubad ərazisində məskunlaşmasını nəzərə alaraq Zəngəzur adını Ordubad rayonuna vermişdik. Qərbi Azərbaycanın mahallarının hər birinin adına təhkim olunmuş rayonlardan dəvət etdiyimiz qərbi azərbaycanlılar çox böyük həvəslə mədəniyyətlərini, folklorlarını, mətbəxlərini burada həm çadırda, həm də çadırın ətrafında təqdim edə bildilər. 
– Elbrus müəllim, bu festival-konqres həm də Naxçıvan Dövlət Universitetinin tələbələri üçün  ciddi bir platformadır. Daha açıq desək, siz Qərbi Azərbaycan mövzusunu gənc nəslə auditoriyadankənar tədbirlər vasitəsilə olduğu kimi çatdırmaq platforması imkanı qazandırdınız. İstərdim, söhbətimizə bu yöndə davam edək.
 – Söhbətimizin əvvəlində də dediyim kimi, Naxçıvan Dövlət Universitetində ötən ildən Qərbi Azərbaycana həsr olunmuş üç xüsusi fənnin tədrisinə başlanılıb. Bunlar bizim humanitar ixtisaslarda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, toponimikası ilə bağlı olan fənlərdir. Ona görə ki, indiyə qədər Qərbi Azərbaycan mövzusu müxtəlif mövzuların tərkibində ayrıca başlıqda gedib. Ancaq Qərbi Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına ayrıca fənn həsr olunması da ilk dəfə Naxçıvan Dövlət Universitetində öz həllini tapıb. Bu ali tədris müəssisəsi, bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasının intellektual gənclərinin mərkəzləşdiyi bir elm ocağıdır. Hazırda burada 13 minə yaxın heyət cəmləşib. Bu heyətin, deyərdim ki, hər bir üzvü universitetdə aylarla “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlıq prosesinin iştirakçısı olub. Təkcə festival günü yox, müxtəlif formalarda... Məsələn, İncəsənət fakültəsi bədii proqramların hazırlanmasında yaxından iştirak edir. Gənc­lər Qərbi Azərbaycana həsr olunmuş şeirlər, bədii nümunələr, müxtəlif obrazlar yaradırlar, görkəmli şəxsiyyətlərin həyatını öyrənirlər. Mütəmadi olaraq aparılan bu məşqlər, əslində, Qərbi Azərbaycan mövzusunda auditoriyadankənar apardığımız həm tərbiyə işidir, həm də tədris prosesinə aidiyyəti olan bir məsələdir. Universitetin Konservatoriyası, İncəsənət fakültəsi, müxtəlif sahələri əhatə edən ixtisaslar qrupu var. Ona görə də Qərbi Azərbaycan mövzusunda, sadəcə, onlar festivalın rəsmi və yaxud da konqres hissəsində yox, eyni zamanda festivalın, bütövlükdə, təşkilində yaxından iştirak ediblər. Təşkilati işlərdə 300-dən artıq gənc könüllümüz xüsusi fəallıq göstərib. Onların hər biri Qərbi Azərbaycan festival-konqresinin bütün yönlərində aylarla davam edən prosesi izləyib, öyrənib, bundan da o nəticəyə gəlib ki, Qərbi Azərbaycan mövzusu nə deməkdir. İkinci bir tərəfdən də ölkəmizdə bu konsepsiya, əslində, elə birbaşa elm, təhsil məsələləri qarşısında bir sıra mühüm vəzifələr qoyur. Konsepsiyanın böyük əhəmiyyəti məhz konfranslarda, konqreslərdə, kitab müzakirələrində, təqdimatlarında ictimaiyyətə çatdırılmalıdır. Bu festival-konqres də Qərbi Azərbaycana qayıdış konsepsiyasının qarşımıza qoyduğu vəzifələrin icrasıdır. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bununla bağlı Tədbirlər Planı var. Tədbirlər Planı bütün elm-təhsil müəssisələrinə göndərilib. Planda da festival-konqresin modeli, tərkibində olan tədbirlərin keçirilməsi bizim qarşımıza vəzifə kimi qoyulub. Bu baxımdan da düşünürəm ki, Qərbi Azərbaycan festival-konqresi əvvəldə də qeyd etdiyim kimi, kifayət qədər həssas mövzudur. Həmin mövzuda ilk olaraq alimlər danışmalıdır, ziyalılar çıxış etməlidir, təbliğat aparmalıdırlar. Çünki Qərbi Azərbaycan mövzusunu biz elmi cəhətdən cəmiyyətə izah etməliyik. Elmi cəhətdən, elmə əsaslandırılmış arqumentlərlə, tezislərlə cəmiyyətimizə mesajlarımızı verməliyik. Hesab edirəm ki, Azərbaycandakı ali təhsil müəssisələrinin hər birində Qərbi Azərbaycanla bağlı, məsələn, ötən ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi fəaliyyət göstərir və mərkəzin xətti ilə müxtəlif kitablar nəşr olunur, gənclərə müxtəlif ustad dərsləri keçilir, görüşlər təşkil olunur. Hər bir universitetin, elm-təhsil qurumunun seçdiyi bir format var, bizim seçdiyimiz isə festival-konqres formatıdır. Biz istədik ki, bu festival-konqresdə təkcə Naxçıvan Dövlət Universiteti yox, muxtar respublikanın bütün insanları və qurumları iştirak etsin. Və qeyd edim ki, qərbi azərbaycanlıların şəxsən bu festival-konqresdə iştirakı, təşkilatçı olmaları tədbirdə birbaşa onların özlərini təqdim etməsinin bizim gənclər üçün çox böyük mənəvi-tərbiyəvi əhəmiyyəti var. Çünki birbaşa Qərbi Azərbaycanda yaşayan insanın təqdimatında oranın folklorunu, mədəniyyətini görmək auditoriyadakı müəllimin mühazirəsinə qulaq asmaqdan qat-qat təsirli bir üsul, vasitədir. Həmin iki gün öz-özlüyündə bizim gənclər üçün “Workshop” (“Masterclass”) ustad dərsi idi. Çünki orada qərbi azərbaycanlılar birbaşa bizim auditoriyada səsləndirdiyimiz fikirləri praktik olaraq təqdim edirdilər. Onu da deyim ki, tezliklə nəşrlərin yayımlanmasına başlanılacaq. Həmin festival-konqresin gedişində bizim folklorşünaslar, ədəbiyyatçılar, tarixçilər, coğrafiyaçılar müşahidə aparıblar və informatorlarla söhbətlər ediblər...
– Festival-konqresdə Qərbi Azərbaycan əsilli gənclərin toy mərasiminin keçirilməsi bu festivala möhtəşəm rəng qatdı... Toy mərasiminin keçirilməsi fikri necə yarandı?
– Düşündük ki, nə ilə, hansı nümayişlə tədbiri yaddaqalan, daha hansı üsullarla maraqlı edə bilərik. Əlbəttə ki, bunun üçün kollektivdə müzakirələr aparılır və təkliflər, ideyalar səslənir. Biz də bu festival-konqresi hazırlayarkən mövzu var idi ki, Qərbi Azərbaycan toy adətlərinə aid sərgilər açılsın, oranın toy adətlərini nümayiş etdirən bədii proqramlar təşkil olunsun. Mən belə bir təklif etdim ki, festival-konqresə Qərbi Azərbaycan əsilli gənclərin toyunu salaq və bu festival-konqres çərçivəsində toy tədbirində iştirak edək. Bu toyda canlı olaraq Qərbi Azərbaycan haqqındakı təsəvvürlərimiz tamam fərqli ola bilərdi. Təbii ki, bu işin böyük bir məsuliyyəti, çətinliyi vardı. Biz ilk olaraq Qərbi Azərbaycan əsilli gənclər tapmalı, sonra onları, ailələrini bu dövlət tədbirində iştiraka razı salmalıydıq, onların bütün xərclərini qarşılamalı idik. Bütün bu məsələlər ölçülüb-biçilmişdi. Mən hesab edirəm ki, bu işdə peşəkarlıq oldu, qısa vaxt ərzində o gəncləri tapa bildik və onlarla razılaşdıq. Bu elə bir mövzudur ki, hər bir azərbaycanlı, hər bir vətəndaş hansısa formada öz dəstəyini göstərmək istəyir. Biz hər iki gəncin valideynləri ilə görüşlər keçirdik. Bildirdik ki, tarixən yaşadığınız torpaqlara sülh və ədalət yolu ilə qayıtmağınız üçün belə bir festival keçiririk. Sizin bizə köməkliyiniz bu toy mərasiminin festivala salınması və toy adətlərinin nümayişi ilə həmin ərazilərdə Azərbaycan mədəniyyətinin, mədəni irsinin nə qədər köklü olduğunu bir daha iştirakçılara çatdırmaqdan ibarətdir. Sağ olsunlar ki, bu sahədə öz köməkliklərini bizdən əsirgəmədilər, razılıq verdilər. Qərbi Azərbaycandakı tarixi toy ənənələrini icra edərkən ailə üzvlərindən, onların yaxınlarından böyük dəstək aldıq. Toy adət-ənənələrimizin nümayişi bir daha onu göstərdi ki, Qərbi Azərbaycan Azərbaycanın ədəbi-mədəni mühitinin ayrılmaz bir hissəsidir. Təbii ki, o bölgənin sənət aləminin toya gətirilməsi vasitəsilə proqramın cəmiyyətə bir mesajı, bizim tarixi torpaqlara bağlılığımızın və adət-ənənələrimizin nə qədər oxşar yox, eyni adət-ənənəyə malik olduğumuzun göstəricisi idi. Bu baxımdan toyun canlı formada təqdim olunması və hökumət nümayəndələrinin, müxtəlif elm və incəsənət xadimlərinin bu toy mərasimində iştirak etməsi, əlbəttə ki, toyu rəngarəng və yaddaqalan etdi. Qərbi Azərbaycandakı yaşlı nəslin, hər iki gəncin valideynlərinin Qərbi Azərbaycanda, Zəngəzurda toyları necə olubsa, o formada biz onlara toy etdik. Bununla da Qərbi Azərbaycan əsilli insanlarda xoş hisslər yarandı. Biz onların bir daha o illərə, o yurda bağlılığına müəyyən mənada mənəvi təsir edə bildik ki, yaddaşlarını təzələsinlər. Ən əsası isə gözəl bir adət-ənənəyə bundan sonra da sahiblik edə bilsinlər. 
– Sonda demək istədiyiniz nəsə varmı?
– Builki festival-konqresdə medianın iştirakı xüsusi vurğulanmalıdır. Doğrudan da, ölkəmizin, muxtar respublikamızın qabaqcıl media nümayəndələrinin iştirakını festival-konqresimizin təbliği baxımından çox önəmli hesab edirəm. Qeyd edim ki, builki festival-konqresə aid filmin hazırlanması üçün Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupu tədbirdə iştirak edirdi. Eyni zamanda universitetin Media Mərkəzi də bu sahədə filmin hazırlığına başlayıb. Doğma “Şərq qapısı” qəzeti də festival-konqreslə bağlı müxtəlif nəşrlərin hazırlıqlarını görür. İnanırıq ki, festival-konqresimizin tanıdılması üçün materiallar burada dərc olunacaq.
Qərbi Azərbaycan mövzusunu, daha geniş ictimaiyyətə çatdırmaq baxımından festival-konqres, mənə elə gəlir ki, öz məqsədinə çatıb. Naxçıvanda ən sadə vətəndaş belə Qərbi Azərbaycan xəritəsi, ərazisi, tarixi həqiqətləri haqqında danışır. Bu, çox önəmli bir məsələdir. Bilirsiniz ki, Azərbaycan bu bölgədə tarixən ən çox ədalətsizliyə, işgəncələrə, soyqırımlara, deportasiyalara məruz qalan coğrafiya, ölkə və xalqdır. Ona görə də bu gün bizim borcumuzdur ki, bu tarixi həqiqətləri öz ictimaiyyətimizin, cəmiyyətimizin dili ilə, həm də sülh yolu ilə, eləcə də ədalət yolu ilə, heç kəsin ərazisinə, mədəniyyətinə, heç bir sivilizasiyaya iddia etmədən öz zəngin mədəniyyətimizə, tarixi həqiqətlərimizə sahib çıxmağın yollarını axtaraq. Ölkə Prezidenti, Ali Baş Komandan biz alimlərin, ziyalıların qarşısına mühüm vəzifələr qoyub. Biz Azərbaycan həqiqətlərini olduğu kimi, elmi faktlarla ictimaiyyətə, dünyaya təqdim edək...
Çox xoşdur ki, ölkə mətbuatı ilə yanaşı, dünya mətbuatında da bu festival-konqres haqqında müxtəlif yazılar yerləşdirilir. Sosial şəbəkələrdə Qərbi Azərbaycan festival-konqresi ətrafında çox böyük müzakirələr, paylaşımlar aparılır. Təəssüf ki, erməni ictimaiyyətinin bəzi, yəqin ki, xüsusi təlimatlandırılmış nümayəndələrinin aqressiyası bu festival-konqres vaxtı da özünü göstərdi. Bu gün universitetimizin saytında onların böyük bir hücumunu görüb, hiss edirik. Heç bir tarixi mənbəyə söykənməyən və iftiralarla dolu ifadələrlə festival-konqresə kölgə salmaq cəhdlərinin şahidi oluruq. Əlbəttə ki, bunlar heç bir fayda vermir. O şərhlərə nəzər yetirəndə görürsən ki, bir nəfər normal, ağlı başında olan erməni bu festival-konqresə ciddi bir elmi arqumentlə qarşı çıxa bilmir. 
Əminik ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurlu həllini təmin edərək həm də beynəlxalq hüququn, ədalətin bərpasına da öz müsbət töhfəsini verəcəkdir.

Müsahibəni aldı:
Sara ƏZİMOVA
“Şərq qapısı” qəzetinin baş redaktoru

Nəşr edilib : 06.07.2024 11:06