AZ EN RU

Qərbi Azərbaycan Xronikası: "Molla Nəsrəddin” jurnalının İrəvan müxbirləri olub

İyulun 22-də Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Rufik İsmayılovun təqdimatında növbəti buraxılış efirə gedib.

Bu dəfə müsahib Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir olub.

O, Qərbi Azərbaycanın mətbuat tarixindən, müxtəlif illərdə nəşr olunan qəzet və jurnallardan söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycanda ilk mətbu orqan İrəvanda yaranıb. Tədqiqatçılar 1882-ci ildə bu ərazidə “Çiyələk” adlı qəzetin nəşr olunduğunu iddia etsələr də, sözügedən mətbu orqanın hər hansı nüsxəsini əldə etmək mümkün deyil. Ona görə də Qərbi Azərbaycanın mətbuat tarixi “Lək-lək” jurnalı ilə başlayır.

Alimin sözlərinə görə, 1914-cü ildə İrəvanda Azərbaycan dilində nəşr olunan ilk satirik həftəlik jurnalın ömrü cəmi beş ay olub. 12 sayı nəşr olunduqdan sonra bağlanıb.
Ş.Nasir deyib ki, fəaliyyət göstərdiyi müddətdə jurnal dini dünyagörüşü, mövhumata qarşı çıxıb, yeni mədəniyyətin, müsbət ideyaların təbliğatını aparıb. “Lək-lək”in səhifələrində köhnə dünyanın çürük adət-ənənələrini tənqid edən yazılara geniş yer verilib. “Lək-lək”in sonuncu nömrəsində jurnalın bağlanacağı, yaxın gələcəkdə “Çınqı” adlı yeni jurnalın oxucuların görüşünə gələcəyi barədə elan verilsə də, sonradan belə bir mətbu orqan nəşr edilməyib. 1917-ci ildə “Cavanlar şurası” qəzeti işıq üzü görüb.

Yazıçı-publisist söyləyib ki, cəmi 3-4 nömrəsi çap olunan qəzetin hazırda hər hansı nümunəsi yoxdur. Yalnız tədqiqatçıların əsərlərində həmin mətbu orqanın varlığını sübut edən məlumatlar var. Orada qeyd olunur ki, 1917-ci ildə daşnaklar “Cavanlar şurası”nın fəaliyyətinə imkan verməyiblər.

Ş.Nasir vurğulayıb ki, Qərbi Azərbaycanda “Lək-lək”dən sonra böyük iz qoyan, əks-səda doğuran mətbu orqan “Bürhani-həqiqət” ədəbi, ictimai-siyasi jurnalı olub. 1917-ci il yanvarın 1-dən iyunun 29-a kimi İrəvanda Azərbaycan türkcəsində oxucuların görüşünə gələn jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edib. O dövrdə irəvanlı müəllimlər “Bürhani-həqiqət”lə əməkdaşlığa cəlb olunublar. Fəaliyyəti dövründə bu jurnalın da cəmi 9 nömrəsi işıq üzü görüb.

Alimin sözlərinə görə, 1905-1931-ci illərdə qısa fasilələrlə çap olunan, Şərqi qəflət yuxusundan oyadan “Molla Nəsrəddin” jurnalının İrəvan müxbirləri olub. Həmin ziyalılar millətin savadlanması üçün böyük fədakarlıqlar göstəriblər. Sovet hakimiyyəti illərində isə Qərbi Azərbaycanda “Kommunist”, “Zəngi qəzeti”, “Qızıl şəfəq”, “Qırmızı Basarkeçər”, “Vardenis”, “Sovet Ermənistanı” qəzetləri nəşr edilib. Bu mətbu orqanlarda əsasən sosializm ideyaları təbliğ olunub.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü valideynlərinin 1950-ci ildə ata-baba yurdundan deportasiya olunmasından, Beyləqan rayonunda məskunlaşmasından, yaxın qohumlarının 1988-ci il deportasiyasında üzləşdiyi çətinliklərdən də geniş danışıb. Bildirib ki, hər bir soydaşımızın ürəyində Vətən nisgili var və o insanlar öz kəndlərinə, rayonlarına qayıtmaq istəyirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyulun 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Nəşr edilib : 23.07.2024 10:41