AZ EN RU

Qərbi Azərbaycan mövzusu bədii ədəbiyyatda

Böyük Turan ideyasının mədəni xəyaldan siyasi gerçəkliyə çevrildiyi müasir dövrümüzdə həyatımızın mühüm bir mərhələsi yaşanır. Bu, Qərbi Azərbaycan mərhələsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasında bir qrup ziyalılarla görüşündən sonra onun çıxışı əsasında qayıdış konsepsiyası hazırlanmışdır. Bu konsepsiyada Qərbi Azərbaycan ədəbiyyatının təbliği, bugünkü gündə dünya ictimaiyyətinə, o cümlədən milli ədəbi mühitimizdə tanıdılması və inkişafı da öz əksini tapır. Buna görə də Qərbi Azərbaycan mövzusunda yazılan bədii əsərlərin poeziya və nəsr nümunələrinin  tədqiqata cəlb olunması, bu ədəbi xəzinənin araşdırılması müasir dövrümüz üçün olduqca böyük əhəmiyyətə malikdir və bu gün daha çox ehtiyac duyulan, aktuallıq qazanan vacib məsələlərdəndir.

Bildiyimiz kimi, erməni vandalları zaman-zaman maddi-mədəni, mənəvi dəyərlərimizi amansızcasına məhv edib, tariximizi saxtalaşdırmaqla guya həmin ərazilərin əsl sakinləri olduqlarını sübut etməyə çalışıblar. Lakin tarixi faktlar, tutarlı sənədlər o torpaqların Azərbaycan türklərinə, azərbaycanlılara aid olduğunu təkcə arxiv sənədlərində, xatirələrdə deyil, yazılı mənbələrdə, bədii əsərlərdə də bu xalqa məxsus olduğunu sözün ecazkar dili ilə təsdiqləyiblər.

Bu danılmaz bir faktdır ki, tarixin bütün dövrlərində Qərbi Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyatının əsas tərkib hissəsi olmuşdur. Azərbaycanın istiqlalı fonunda meydana çıxan Qərbi Azərbaycan mövzusu bədii ədəbiyyatın, o cümlədən poeziyanın ən çox müraciət etdiyi mövzulardan biri olmuşdur.  Tariximizdə, ədəbiyyatımızda Qərbi Azərbaycan mövzusu polemikalara səbəb olan prioritet bir mövzu kimi xüsusi maraq doğuraraq, bu mövzuda tarixi əsərlərlə bərabər, bədii əsərlər də yazılıb çap olunmuşdur. Bu missiyanı üzərinə götürən ədiblərin – Qiyasəddin Qeybullayevin “Qərbi Azərbaycan ədəbi-bədii, publisistik toplusu”, Həsən Mirzəyevin “Hanı o səndəki el Dərələyiz”, Hidayət Orucun “Burdan min atlı keçdi”, “Didərginlər”, Səyyad Aranın “İrəvana gedən yollar” xalq şairi Vahid Əzizin “Dərələyəz” poeması, Mahirə Nağıqızının “Ruhuna beşiksə tanı, Vətəndir”, Salman Qazinin “İtirdiyim yerlər”, Araz Yaquboğlunun “Sazın-sözün sorağında”, Məlahət İsmayılqızının “Məndən Göyçəyə yetirin salam”, Tacir Qurbanovun “Ağbaba aşıq mühiti”, Şair Əli Vəkilin “Ədəbi İrəvan” almanaxı, Məcnun Göyçəlinin “Göycə təbəssümləri”, “Köçkün nəğmələri”, “Göyçənamə”, “Dərələyiz harayı”, yazıçı Fərman Kərimzadənin “Vedinin yanı dağlar”, “Qarlı aşırım”, Mövlud Süleymanlının “Köç”, Əyyub Abbasovun “Zəngəzur”, Məmməd Orucun “Köçürülmə” povesti və başqalarının yaradıcılığında Qərbi Azərbaycanın didərginlik dərdi, Vətəndən uzaq salınmanın nisgili və ağır faciəsi poetik dillə əks olunub. Bu əsərlərin  işıq üzü görməsi günahsız xalqın başına gətirilən deportasiyalara ədəbi-bədii yanaşma, dəyərləndirmə baxımından da çox qiymətlidir.

Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycan mövzusuna öz yaradıcılığında ən çox yer verən şairlərdən biri xalq şairi Zəlimxan Yaqubdur. Zəlimxan Yaqubun poeziyası bu acınacaqlı hadisələri özündə daha canlı və obrazlı şəkildə əks etdirən ədəbi nümunələrdəndir. Şairin fikrincə, bu gün qarşımızda acı bir həqiqət dayanıb. Əgər tezliklə millətin Qarabağ dərdinə, Şuşa və Laçın ağrısına, Göyçə, Zəngəzur, Dərələyiz göynəyinə dərman tapa bilməsək, sözün gücü, qələmin qüdrətiylə xalqı ayağa qaldırmasaq, intiqam hissiylə alışıb “qana-qan” deməsək, min belə kitab yazsaq da, xalqın və zamanın qarşısında gözükölgəli qalacağıq. Yazılan hər əsər, nəşr olunan hər kitab bizə dostumuzu və düşmənimizi aydın və sərrast tanıtmalıdır. Haqqımızı almaq, istiqlalımızı qorumaq üçün qolumuzdan tutulmalı, bizə düzgün istiqamət, aydın yol göstərilməlidir. Zəngəzurda, Göyçədə, Təbrizdə, Dərbənddə, Borçalıda başımıza gələnlər bizə böyük dərd olmaqla yanaşı, həm də ciddi ibrət dərsi olmalıdır. Şairə görə, Qarabağ, Qərbi Azərbaycan probleminin mənbəyini hamımız bilməliyik. İşğalda olan torpaqlarımızdan ötrü yalvarış, təvəkkül fəlsəfəsindən əl çəkib, bütöv, qalib bir Azərbaycan olmalıyıq:


Sən mənimçün

canda nəfəs, nəfəsdə can olmalısan,
Təbrizin də, Dərbəndin də, Borçalının, Göyçənin də,
Qaynadığı, qovuşduğu,
Xatalardan, bəlalardan, zərbələrdən sovuşduğu,
Bütöv, məğrur, qalib, cəsur,
Azərbaycan olmalısan!


Şair Zəlimxan Yaqub poemalarının birini “Sizi qınamıram” adlandırır. Əslində, qınaq, etiraf, tövbə və töhmət hisslərinin ifadəsindən yoğrulan  bu poemanın əsas qayəsini milli birliyə çağırış, oyanış təşkil edir. Poemanın poetik qəhrəmanı, demək olar ki, daha çox tarixə üz tutur. Göyçənin, Zəngəzurun, Qafanın, Ağbabanın, Çəmbərkin, Mehrinin, Şuşada Vaqifin məqbərəsinin zalım düşmənin tapdağına çevrildiyinə yanıb-yaxıldığını bədi sözün dili ilə etiraf edir. Tarixi abidələr, tarixi şəxsiyyətlər, milli-mənəvi sərvətlərimiz müəllifin təhkiyəsində Qərbi Azərbaycan torpaqlarının simvolu və müqəddəslik rəmzi kimi canlanır:


Gözünü yumanda Göyçə mahalı,
Gözünü açanda Zəngəzur gedir!
Ağbaba talanıb, Çəmbərək yanıb,
Qafanımız gedib, Mehrimiz gedib.
Nəcəfin belində qaynar samavar,
Sənətimiz gedib, sehrimiz gedib!


Şair ürəkağrısı ilə yazdığı bu şeirlərində daha çox oxucuya Vətənin düşdüyü ağır və acınacaqlı vəziyyəti xatırladır, onun tarixini, itirilmiş yurd yerlərini poetik dillə bir-bir vərəqləyir, xalqının övladlarını düşməndən qisas almağa çağırır. Dərbənddən Təbrizə, Borçalıdan İrəvana, Qarabağdan Kərkükə qədər uzanan acı dərdlərimizi şair Zəlimxan Yaqub köçgünlüyün, didərginliyin mənəvi iztirablarını “Dilqəmi”sində dilə gətirərək belə ifadə edir:

 

Göyçə dərdi göyüm-göyüm göynəyən,

Sızım-sızım sızıldayan yaramdı.

İndən belə kirpik çalmaz gözlərim,

İndən belə yuxu mənə haramdı.

 

Həqiqətən də, “Göyçə dərdi” dastanı ədəbiyyatımızda bizdən sonra gələn nəsillərə xalqımızın başına gətirilənləri xatırlamaq, unutmamaq üçün bir yaddaş möhürüdür.

Ədəbiyyatımızda istiqlal şairi kimi tanınan Bəxtiyar Vahabzadənin şeirlərinin mühüm bir qismini Qərbi Azərbaycan mövzusunda yazılmış poetik nümunələr təşkil edir. Bəxtiyar Vahabzadənin yaradıcılığında düşmən tapdağı altında inləyən yurd yerləri, torpağımıza göz dikən erməni təcavüzkarlarının işğalçılıq siyasəti, qaçqınlıq, didərginlik və sair kimi mövzular əsas yerlərdən birini tutur. Onun “Bəlkə ayıldım”, “Utanıram”, “Yurd yad əlində”, “Didərgin”, “Vətən məcnunluğu”, “Bizə dərs olmadı”, “Parçalandıq, bu məlumdur hər kəsə” və sair şeirlərində Dağlıq Qarabağ müharibəsi zamanı xalqın başına gətirilən faciələr öz bədii ifadəsini tapmışdır. Adı çəkilən şeirlərində şair Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələrin səbəblərini açmağa, yol verilən səhvlərdən ibrət götürməyi  oxucusuna tövsiyə edir:

 

Gözləri yollarda, sinəsi dağ-dağ,
Bizdən imdad umdu o dərdli torpaq.
Naləsi, fəryadı aləmi sardı,
Torpaq dilə gəldi, fəryad qopardı:

 – Kömək əlinizi uzadın mənə,
Həddini bildirin zalım düşmənə!

 

Şair “Həddini bildirin zalım düşmənə” deyərək torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvasından ayrı düşən insanların acı taleyini diqqət mərkəzinə çəkərək onların faciəsinə biganə qalmamağa çağırır.

Professor, şair, el ağsaqqalı Həsən Mirzəyev də torpaq həsrəti və nisgilini, Vətən dərdini dilə gətirmiş, poetik yaddaşa çevirmişdir. Həsən Mirzənin “Dərələyəz”, “Dağlar” rədifli şeirlərində, “Dərdimi” qoşmasında, Aşıq Mehdi ilə olan deyişmələrində doğma ata-baba yurdundan uzaq düşmənin ağrılı-acılı əhvalını görür, ədəbi dilin üsyankarlığı ilə vətəndaş yanğısının şahidi oluruq. “Dərələyəz” rədifli şeirində şair el hayqırtısını, xalqın üsyanını ümumiləşdirərək şeir dili ilə belə ifadə edir:

 

   Ey ana torpağım, ey can diyarım,

Hanı o səndəki el, Dərələyəz?

Ey cənnət məkanım, ey dağ vüqarım,

 Pərən-pərən olub el, Dərələyəz!

 

Yaram göz-göz olub bil, Dərələyəz! – deyə şair Vətəndən, doğma ata-baba yurdlarından didərgin düşənlərin kədərli halını ifadə etmişdir. Sinələri dərdli olsa da, söz sahibi olan şairlərimiz həmişə gələcəyə ümidlə, inamla yaşayıblar. Onlar hər zaman inanıblar ki, öz doğma ata-baba yurdlarından zorla didərgin düşən xalqımız mütləq öz elinə, obasına dönəcək, mənfur düşməndən yurdunu təmizləyəcək. Buna görə də şairlər poeziyalarında da ümid dolu inamlarını dilə gətirmişlər. Dərələyəz mahalının el ağsaqqalı, qəlbi Vətən eşqi ilə alışıb yanan şair Həsən Mirzənin dediyi kimi:

 

Mütləq gələcəyəm, bil, Dərələyəz,

Çox ötüb keçsə də il, Dərələyəz!

Həsən səninlədir, bil, Dərələyəz!

 

Dərələyəz mahalının folkloru, dialektologiyası və toponimiyasının ən yaxşı tədqiqatçısı olan filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının yaradıcılığında da Qərbi Azərbaycan mövzusu mühüm yer tutur:

 

Buradan boylanıb nə cürə baxam,
  Qaçaq qayasına qəsd var, qərəz var?
    Gündüzlər getməyə gücüm yox catam,
Yuxuda gördüyüm Dərələyəz var.  

 

Qərbi Azərbaycan mövzusu şair Mahirə Nağıqızının şeirlərində təkcə məzmun baxımından deyil, həmçinin dilçilik nöqteyi-nəzərindən, dialektoloji baxımdan da xüsusi olaraq diqqəti cəlb edir:

 

   Dərələz şenniyi, Göyçə, Ağbaba
O ağır ellərin boşaldı bir-bir.
    Yetiş hayımıza Xan Heydər baba,
      Sənsən loğmanımız, dərman səndədir.

 

Aradan neçə illər keçməsinə baxmayaraq, o yurd yerlərinə dönmək, sönmüş ocaqları yandırmaq, qurumuş bulaqların gözündən öpə-öpə onları yenidən cana gətirmək tək Mahirə Nağıqızının yox, bütün yurd həsrətlilərinin ən böyük arzusudur. Çünki o yerlərin hər daşı, qayası, gülü, çiçəyi ilahi sehrlə, ilahi harmoniya ilə köklənmiş, doğulandan ta ölənədək əbədi sığınacaq yeri olmuşdur. Mahirə Nağıqızı da o yurda qayıdışı, o yurda dönüşü və elə o yurdlarda da haqqa qovuşmağı Allahdan arzulayır.

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, publisist, dramaturq Hidayət Orucun rəngarəng mövzulu bədii yaradıcılığı həmişə Qərbi Azərbaycanla sıx bağlı olmuşdur. O, ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığında, xüsusilə “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı”, “Ömrümün çəhlimləri”, “Zəngəzurda doğuldum” və sair bədii əsərləri müasir Azərbaycan ədəbiyyatının Qərbi Azərbaycan mövzusunda yazılmış ən dəyərli nümunələridir. Onun yazdığı bu əsərlərin hər sətrində belə Qərbi Azərbaycanın min illik tarixinin kitablarda vərəq-vərəq əks olunduğunun bir daha şahidi oluruq:

 

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

Kövrək sarı sim idim,

Unudulmuş,

Mükəddər

nəğməyə dönəcəyəm.

 

Xalq şairi Sabir Rüstəmxanlı Hidayətin bədii yaradıcılığında əsas mövzu olan yurd sevgisi, yurd həsrətini belə ifadə edir:  “Azərbaycanın görkəmli qələm ustalarından biri, şair, dramaturq, nasir, publisist, ictimai-siyasi xadim kimi yaxşı tanınan və sevilən gənclik dostum Hidayət yetmişi haqlayıb. Həyatın çox sınaqlarından keçib, sevinc də görüb, dərd də; ancaq ilk tanışlığımızda gözlərinin dərinliyində və sözündə gördüyüm kədər heç vaxt silinib getməyib. Hidayət bütöv Vətənin nəğməkarıdır, lakin Zəngəzur öz acı taleyi ilə həmişə onun oxuduğu nəğmələrin şah bəndidir”.

Ürəkağrısı ilə “Oğulluq etmədim sənə, bağışla, Vətən, günahımdan keç, keçə bilsən” – deyən dərələyəzli şair Vahid Əziz də:

 

Gör nələr əkmişdim, nələr göyərdi?

Gör kimlər ömrümün barını dərdi?

Hər yanda boy atıb tikan cücərdi.

 

İndi bu “zəmini” biç, biçə bilsən, – deyə özünün vətəndaşlıq duyğularını, giley və kədərini poetik dillə ifadə edib.

Şair Məcnun Göyçəlinin “Göycə təbəssümləri”, “Köçkün nəğmələri”, “Göyçənamə”, “Dərələyiz harayı” və sair şeirlər kitabı Qərbi Azərbaycan hadisələrini əks etdirən ədəbi nümunələrdəndir. Bu mənada, o, şair İntiqam Ocaqlının eyniadlı şeirinə nəzirə yazdığı “Hardasan, hardasan, ay ev yiyəsi” şeiri xüsusilə diqqəti cəlb edir, oxucunu daha çox düşündürür. H.Babaoğlunun sözləri ilə desək, bu şeir təkcə yurdunu itirən Ermənistan azərbaycanlılarının, qarabağlıların deyil, bütün 50 milyonluq Azərbaycan türkünün dərdi, faciəsidir. Şair bu şeirdə İrəvanda, Göyçədə, Ağbabada, Dərələyəzdə, Vedidə və digər qədim yurd yerlərimizdə ocaqları sönən, təndiri qalanmayan, qapısını-bacasını tikan basmış soydaşlarını haraylayır”.

 

Bir soraq varmı gör Turan elindən,

Yollar qəm bağladı durna telindən!

     Gül bülbüldən küsüb, çəmən gülündən

Zirvədə təklənib qıy vuran qartal,

Daşlara çırpılır ünü, hikkəsi,

Hardasan, hardasan, ay ev yiyəsi?

 

Yalnız qələmin gücünə söykənib dərdi yazmağa çatan şairin “Bir soraq varmı gör Turan elindən”, – deyə böyük türk xalqına harayı, oğuz birliyinin yenidən birləşib, bir olub yüksəlməsinə olan inamı şeirin sonuncu bəndində doğma el-obasına dönmək arzusu ilə səsləşərək bədii sözün təsir dairəsini daha da artırır:

 

Səsinə bir mahal yığılan kəsin,

  Yanında bir nəfər həyanı yoxdur.

 

 – misralarında şairin daxilən çəkdiyi vicdan əzabı, “Biz ki, bir zaman belə deyildik” fikri şeirin bütünlüklə qayəsini təşkil edir.

Ustad aşıqların ləyaqətli davamçısı olan Aşıq Cəlil bütün keşməkeşli həyatı, taleyi və əsərlərinin ruhu ilə qərbi azərbaycanlıların başına gətirilən ağrı-acının təqdimatçısına çevrilmişdir. Dərələyəz mahalının Sallı kəndində doğulan, “Cəlili” və “Naxçıvani” havalarının müəllifi olan Aşıq Cəlil 1918-ci il erməni zülmü nəticəsində doğma yurdundan didərgin düşərək Şərur rayonuna gəlmiş, burada Vətən həsrətilə yaşamış, torpaq həsrəti ilə dünyasını dəyişmişdi. Aşıq Cəlil “Hardasan” rədifli şeirində doğma vətənindən didərgin düşməyinin acı kədərini belə ifadə etmişdir:

 

Üzülübdür doğma yurddan ayağım,

Gecələr zülmətdir, sönüb çırağım.

Alınmaz səngərim, arxam-dayağım.

  Dilim, ağzım, söhbət-sözüm, hardasan?

 

Aşıq Mehdinin “Dığa”, “Düşdü” kimi şeirlərində, yanıqlı bayatılarında insanlıqdan uzaq, vəhşi ermənilərin etdiyi zülmlər, zorla tərk edilərək boş qalan Vətən torpaqları və yurd həsrəti öz poetik əksini tapıb. Şair sinəsinin nisgil və ağrısını əks etdirdiyi kövrək bayatılarında da böyük Vətən dərdini “Dərələyəzin güvəndiyim torpağıma zəhər düşdü”, deyən şair qorxaq və mənfur erməni dığalarının cavablarının veriləcəyini çox inamla ifadə edir:

 

Doğma yerlərindən perik düşənlər

Vətənə qayıdın, Göyçə sizindir!

 –  deyə sanki hayqırır, çağırış edirdi.

Dərələyəzli şairlərdən Əli Əkbər Dərələyəzli də “Vətən hey” şeirində Vətən həsrətini, ürəyinin Vətən nisgilini yanğı ilə qələmə alıb:

 

Nə vaxtdır ki, görəmmirəm üzünü,

Gəzəmmirəm yaylaqların düzünü.

Söndürən yox ürəyimin közünü,

    Mən qalmışam yana-yana, Vətən hey!

 

Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycan mövzusuna təkcə poeziyada deyil, nəsr sahəsində də dəyərli əsərlər həsr olunmuşdur. Tarixi romanlar müəllifi, yazıçı, kinorejissor, ssenarist, Vedibasarda doğulan 60-70-ci illər ədəbiyyatımızın tanınmış nümayəndəsi Fərman Kərimzadənin bu mövzuda yazdığı əsərləri xatırlatmaq yerinə düşərdi. Azərbaycan nəsrinə “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi qiymətli romanlar bəxş edən, uşaqlıq və gəncliyi Vedidə keçən, sonra dədə-baba yurdundan zorən köçürülən yazıçı “Vedinin yanı dağlar”, “Qarlı aşırım” kimi ölməz əsərlərində xalqın başına gətrilən müsibəti ürəkağrısıyla qələmə almışdır.

Professor Təyyar Salamoğlu Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Mövlud Süleymanlının “Köç” əsərinə həsr etdiyi “Azərbaycan-erməni münasibətləri tarixi müstəvisində” adlı məqaləsində əsəri təhlil edərək xronologiyanı elə gözəl təsvir edir ki, insan əsərin bədii gücünün təsirinə düşür. “Köç” əsərindəki təsvirlərdən məlum olur ki, müəllif Azərbaycan xalqının son 200 illik tarixinin bədii səciyyəsini əsas götürmüş və Azərbaycan xalqının öz milli varlığını, tarixi torpaqlarını qorumaq üçün əsrlər boyu yadellilərə qarşı mübarizə apardığını, saysız qurbanlar verdiyini, erməni-Azərbaycan probleminin bu gün üzdə görünən keyfiyyətləri ilə bitmədiyini, onun köklərinin dərinlərə getdiyini əsrlərdən keçib, bu günkü vəziyyətə gəlib çıxdığını aydın şəkildə açıb göstərib.

İstedadlı yazıçı şair, dramaturq Əyyub Abbasov Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olan qədim Zəngəzur qəzasının Şəki kəndində dünyaya göz açmışdır. Əyyub Abbasov Zəngəzurda mənfur ermənilərin törətdiyi qanlı qırğınları gözlərilə görən, ağır müsibətlər yaşayan ailəsini, el obasının əksər hissəsini bu qətliamlarda itirmiş ədiblərimizdəndir. Bu facəilərin canlı şahidi olan Əyyub Abasov  “Zəngəzur” romanında yaşadıqlarını, xalqın başına gətrilən müsibətləri qələmə almışdır. Bu roman, hər şeydən əvvəl, XX əsrin əvvəllərində Zəngəzur mahalının, onun sakinlərinin bir növ yaşam mənzərəsidir. Burada daha çox acı lövhələr – kasıbçılıq, aclıq, səfalət, yoxsulluq içində üzülən hakimiyyət, var-dövlət sahiblərinin azğınlığı, ərşə dayanan zülmü, heç bir əxlaqi ölçüyə sığmayan qudurğanlığı, acgözlüyü, hərisliyi... Və bir də gecə-gündüz acından ölməmək üçün çalışan zəhmətkeş insanların mənəvi dünyası, əxlaqi təmizliyi, duz-çörəyə sədaqəti, ailə dəyərlərini qorumaq bu insanları birləşdirən səciyyəvi cəhətlərdir. Nacı Nərimanoğlunun dili ilə desək “Bu əsər Zəngəzur kəndlilərinin əxlaq, mənəvi dəyərlər tolusudur”

“Çat, Üç Əbülfəz, Allaha qayıdış” romanı Azər Abdullanın son illərdə qələmə aldığı ən irihəcmli əsərlərindəndir. Janr baxımından ədibin yaradıcılığında yeni mərhələ olan bu romanda da müəllifin dədə-baba yurdu Zəngəzurla bağlı acılı şirinli xatirələri geniş lövhələrlə əks olunub. Müxtəlif vaxtlarda, fərqli məkanlarda baş vermiş hadisələri bir araya gətirib əsas dramaturji xəttə bağladığı bu əsərdə, əsasən, Qarabağ müharibəsi, yazıçının doğulub boya-başa çatdığı Zəngəzur mahalı və Bakı mühiti təsvir olunmuşdur.

Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsində təsvir olunan hadisə Yerevan-Qafan qatarında baş verir. Ailəsi ilə birgə Qafan stansiyasından Zəngəzurun Mehri kəndinə gedən gənc bir müəllim erməni şovinist təbliğatı ilə beyinləri doldurulmuş gənc erməni xuliqanların cinayətkar və təhqiramiz hərəkətləri ilə qarşılaşır. Bu hekayə bədii, dramaturji məziyyətləri ilə bərabər, həm də bircə sözlə ifadə etsək, ermənilik haqqında, vaxtilə o torpaqlarda doğulub yaşamış, erməni şovininzminin və onun zəhər-zəmbərəyini dadmış canlı bir şahid qələmindən çıxdığı, ağrını imitasiya etməklə deyil, ağrını, fəlakəti öz canında duymaqla ərsəyə gəldiyi üçün qiymətlidir.

Əsirlikdə qalan yurdlarımızda əhalinin üzləşdiyi fəlakətlərin real və səmimi ifadəsi Vedibasarlı yazıçı Məmməd Orucun yaradıcılığında da açıq-aydın hiss olunur. 1948-51-ci illərdə camaat Vedibasardan köçrülən zamanı beş yaşında uşaq olan, ailəsiylə birgə aran bölgəsində məskunlaşan yazıçının yaddaşında qalan o dəhşətlər çox sonralar “Köçürülmə” povestində öz əksini tapmışdır.

Ümumiyyətlə, Vətən, yurd həsrəti, etnik-siyasi məqsədlərə söykənən köç hadisələri yazıçı Məmməd Orucun yaradıcılığında həmişə aparıcı mövzulardan olmuşdur. “Köçürülmə” mənim uşaqlığımın tarixçəsidir”, – deyən yazıçı avtobioqrafik səciyyəli bu əsərdən sonra mövzunu genişləndirərək “Qara güzgü” romanında ötən əsrin iyirminci illərinə, “Qısa qapanma” romanında isə müasir dövrümüzə nəzər salmaqla uzun bir tarixə malik Ermənistan-Azərbaycan münaqişələrinin səbəb və nəticə kontekstində bədii həllini verməklə, həmin bu üç romanı trilogiya kimi “Üç roman” adlı bir kitabda oxucuların ixtiyarına vermişdir

Əlbəttə, bir məqalədə bu mövzuda yazılan bütün bədii əsərlərin hamısını əhatə edə bilməsək də deyə bilərik ki, Azərbaycan ədəbi mühitinin nümayəndələri bu dəhşətli faciənin səbəblərini düzgün müəyyənləşdirmiş, istər poeziya, istərsə də nəsr dili ilə erməni vəhşiliyini, qərbi azərbaycanlıların başına gətirilən müsibətləri tutarlı faktlarla öz əsərlərində əks etdirmişlər.

Əminik ki, cənnət Qarabağa, vəhşi erməni işğalından təmizlənən digər doğma yurd yerlərimizə  qayıtdığımz kimi, tezliklə əsirlikdə qalan Qərbi Azərbaycan elimizə də möhtəşəm qayıdış olacaq! Lakin yaxın keçmişin dərslərini unutmamaq, tariximizin qanlı səhifələrini yaddaşımıza yazmaq və bu gün qazanılan Zəfərin böyüklüyünü gələcək nəsillərə çatdırmaq üçün bu sahədə daha sanballı, aktual tədqiqatlar aparmaq, Qərbi Azərbaycan mövzusu  ilə bağlı zəngin ədəbi mədəniyyət xəzinəmizi araşdırıb, sistemləşdirmək, təhlil və nəşr etdirmək qarşımızda duran ən mühüm və vacib məsələlərdəndir.

Aypara BEHBUDOVA

Naxçıvan Dövlət Universitetinin

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 11.07.2024 10:31