AZ EN RU

Qəhrəmanlıq örnəyi olan şəhidimiz

Qəşəm Taməddin oğlu Səfərov

01.11.1997 – 01.11.2020

Qəşəm çox mərd uşaq olub. Hər kəsə qarşı mehriban idi. Kənddə balacadan böyüyə kimi hamı ona hörmət edirdi. Həm də qoçaq idi. Dərslərini oxuyar, sonra atasına kömək edərdi.
Müəllimləri dərslərini yaxşı oxumasından razılıqlarını bildirirdilər. VIII sinfi bitirib hərbi liseyə imtahan verdi. İmtahanı uğurla başa vurdu. Sevincinin həddi-hüdudu yox idi. 
Hərbi məktəbi bitirdikdən sonra hərbi akademiyaya  da yüksək balla daxil oldu. Üç il orada təhsil aldı. Gözləri zəif olduğu üçün akademiyanı başa vura bilmədi. Sonra həqiqi hərbi xidmətə yollandı. Hərbi xidmətdən sonra yenidən hərbçi kimi işləməyə başladı. 
Elə o vaxt üçaylıq kursa yazıldı. Həmin kursun bir ayında iştirak etdi. Həmin müddətdə evə gəldi. Dedim, oğul, kurs nə tez qurtardı? Dedi ki, ana, biz Vayxırda kurs keçəcəyik, dedilər get ananı gör. Mən nə biləydim ki, balam vidalaşmaq üçün gəlib. Kaş onda...

Qəşəm idmana da çox maraqlı idi. Hər dəfə yarışlara gedəndə mütləq medalla geri dönərdi. Bir dəfə yenə yarış olacaqdı. Hər yarışdan əvvəl Qəşəm çox ciddi hazırlaşardı. Bu yarışa da hazırlaşmadı. Dedi ki, görüm bu dəfə necə olacaq? Dedim ki, oğul, ürəyim çox rahatdır. Mütləq qalib gələcəksən. Günorta qonşu gəldi ki, muştuluğumu ver. Sənə bir söz deyəcəyəm. Dedim ki, bilirəm. Bilirəm ki, Qəşəm yenə Naxçıvan birincisi olub. Soruşdu ki, nə bilirsən? Cavab verdim ki, mən bunu ürəkdən hiss edirəm. Həqiqətən də, Qəşəm Naxçıvan birincisi olmuşdu.  
Sonuncu dəfə oktyabrın 27-si Qəşəmlə danışdım. Güllə səsləri gəlirdi. Dedim, oğul, bu nə güllə səsidi? Cavab verdi ki, Sədərəkdə təlim keçirik, narahat olma, Naxçıvandayam. Amma 29 oktyabrda balamın şəhid xəbərini aldım. İndi gəl bu dərdə döz. O qədər çətin bir dərddir ki, nə ifadəsi var, nə də çarəsi. Nə edə bilərik, Vətən sağ olsun!

Nəşr edilib : 14.08.2024 10:11