AZ EN RU

Qəhrəman olmağa gedirik

Vüqar Aydın oğlu Nəcəfov

10.08.1988 – 02.10.2020

Analar oğulları ilə var olur, tanınır, fəxr edir, qürurlanır. Mənim iki qızım var idi, çox istəyirdim ki, oğlum da olsun. Allah o oğulu mənə verən günü dünyanın ən xoşbəxt anası idim. Oğlumu itirməyimə baxmayaraq, bu gün də onunla fəxr edirəm. Çünki Vüqar şəhidlik zirvəsinə ucalaraq mənə fəxarəti, qüruru yaşatdı. 
Dediyim kimi, Vüqar iki bacının bir qardaşıdır. Qardaşıydı deməyəcəyəm. Çünki Vüqar həmişə bizimlədir və bizim yanımızdadır. Evimizin balacası idi.  Hamımız onu çox sevirdik. Mən də, bacıları da, atası da. Vüqar çox mehriban uşaq idi. Körpəlikdən daim fikirli olardı. Balaca olanda mən ona laylay deyib yatırda bilmirdim. Laylay deyən kimi dodaqlarını büzüb ağlayırdı. Bir gün ona “Səsin gəlsin, xarıbülbül” segahını oxumağa başladım. Vüqar bunu eşidəndən sonra yatdı.  

Vüqar böyüdü, həqiqətən, bizim vüqarımız oldu. O, çöldə evdə olduğundan da sakit və tərbiyəli idi. Küçə-bacada heç oynamazdı. Özünü biləndən, yəni böyüyəndən sonra küçəyə çıxdı. Çox yaxşı oxuyurdu. Vüqarın əmisi hərbçi idi. O bizə gələndə Vüqar onun paltarlarını və silah qabını tumarlayardı. Bir gün mənə dedi ki, ana, mən hərbçi olmaq istəyirəm. Mən bu an çox sevindim. Həqiqətən, çox sevindim. Sənədlərini hazırladıq, yüksək balla hərbi liseyə daxil oldu. Oranı bitirdikdən sonra hərbi akademiyada təhsilini davam etdirdi. Biz də onunla birlikdə Bakı şəhərinə köçdük ki, Vüqar ailəsinin yanında olsun. Həftə sonları evə gələndə rahatlıq tapa bilsin.
26 sentyabrda mənə zəng vurdu ki, biz gedirik. Dedim, gələk səni görək, dedi, ana, yox, gəlməyin səhər tez çıxacağıq. Getdiyi müddətdə hər gün – səhər, günorta, axşam zəng vururdu. Buna imkanı olmasa da, bir kəlmə ilə mesaj yazardı. Oktyabrın 1-i saat 11-də zəng vurdu. Məni də, atasını da soruşdu. Soruşdum ki, vəziyyət necədir? Dedi, ana, hər şey yaxşıdır, məndən nigaran qalmayın. Həmin gün gecə hər birimizə mesaj göndərib: “Hamınızı çox sevirəm. Özünüzdən muğayat olun, qəhrəman olmağa gedirik. Allah sizə cansağlığı versin, zəng etməyin, qəlbimdəsiniz”. Vüqarıma tək anasının məhəbbəti yetmədi, o minlərlə ananın övladı, bacının qardaşı oldu.  

Nəşr edilib : 07.07.2024 17:45