AZ EN RU

Qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulan Azərbaycan və Pakistan əlaqələri

Prezident İlham ƏLİYEV: "Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur". 

Dövlət başçısının yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənib, nüfuzu artıb, xarici ölkələrlə əməkdaşlıq sahəsində etibarlı tərəfdaş kimi tanınıb. Azərbaycanın dost, qardaş dediyi ölkələr sırasında Asiyanın ən iri dövlətlərindən sayılan Pakistan İslam Respublikası mühüm yer tutur. Azərbaycanın ən çətin günündə yanında olan, ona dəstək verən bu ölkə ilə münasibətlər tarixi köklərə əsaslanır və möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulub. Ölkəmiz Pakistanın əldə etdiyi nailiyyətləri və apardığı siyasəti dəstəkləyir, iki və çoxtərəfli əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir.
Qeyd edək ki, Pakistan Azərbaycan müstəqilliyini tam bərpa etdikdən sonra onu ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biridir. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub və bundan sonra daim inkişaf etdirilib, bu gün isə strateji müttəfiqlik səviyyəsindədir. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
İki ölkə arasında qardaşlıq münasibətlərinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1994 və 1996-cı ildə Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşü, apardığı danışıqlar, imzalanmış sazişlər, sənədlər Pakistan-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün mühüm olmaqla yeni bir mərhələni təşkil edib. Ölkəmiz bu illər ərzində dostluq, əməkdaşlıq əlaqələrinə daim sadiq olub və bu əlaqələrin inkişaf etdirilməsi üçün səylər göstərib. Dövlət başçısı Prezident cənab İlham Əliyev bu qarşılıqlı inam və etimada əsaslanan siyasi əlaqələri davam və inkişaf etdirməklə strateji müttəfiqlik səviyyəsinə yüksəldib.  Hər iki ölkə başçılarının qarşılıqlı rəsmi, işgüzar səfərləri Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif sahələrdə inkişafına mühüm töhfələr verib. 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”  də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
Azərbaycan və Pakistan bir-birinin haqq işini daim müxtəlif platformalarda fəal şəkildə müdafiə edib, həmişə çətin zamanlarda bir-birinin yanında olublar. Pakistan Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Qeyd edək ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri və digər rəsmi nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da isə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. 2020-ci ildə, 44 günlük Vətən müharibəsində Pakistan öz bəyanatları ilə Azərbaycana siyasi dəstək verib, ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edib. Azərbaycan da, eyni zamanda Cəmmu və Kəşmir probleminin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə tərəfdardır. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər və İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləridir. İki ölkə arasında görüşlər son illərdə daha da intensivləşib. Bu baxımdan iyulun 3-də Astanada “ŞƏT plyus” formatında görüş çərçivəsində Prezident cənab İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş Azərbaycan, Pakistan və Türkiyənin qarşılıqlı maraqlarına xidmət etməklə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyini göstərir. 
Azərbaycan ilə Pakistan arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar sahələrdə ikitərəfli sıx münasibətlər qurulub. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanın “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb. O bu orden ilə təltif olunan ilk birinci xanımdır. 
Prezident cənab İlham Əliyevin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlməsi, İslamabadda Pakistan İslam Respublikasının Baş naziri   Məhəmməd Şahbaz Şərif , iyulun 12-də Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşləri, müzakirə edilən məsələlər Azərbaycan-Pakistan əlaqələrinin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Ölkə başçısı cənab İlham Əliyev deyib: “Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”. Buna görə də Prezident cənab ­İlham Əliyevin Pakistana budəfəki səfəri çoxşaxəli münasibətlərin inkişafı, əməkdaşlığımızın genişləndirilməsinə töhfə ­verəcək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 19.07.2024 17:06