AZ EN RU

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

İyulun 3-də Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qars bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Qars bələdiyyəsinin sədri Ötüken Senger çıxışında erməni quldur dəstələrinin 1918-1920-ci illər arasında Şərqi Anadoluda törətdikləri cinayətləri xatırladıb. O qeyd edib ki, həmin dövrdə Qars sakinləri də ermənilərin qanlı hücumlarına məruz qalıb.

“Ermənilər Qars və ona bitişik qəsəbələrin sakinlərinə qarşı qırğınlar törədiblər. Bənzər qanlı hadisələr indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərində də baş verib. İki il ərzində 300 minə qədər azərbaycanlı öz torpaqlarını tərk etmək məcburiyyətində qalıb, onların bir qismi Qarsda sığınacaq tapıb”, -deyə Senger bildirib.

Qars bələdiyyəsinin başçısı Ermənistanı Qərbi Azərbaycanın tarixi əhalisinin hüquqlarının pozulmasına görə təzminat ödəməyə çağırıb.

“İnsanlar haqlı olaraq öz tarixi torpaqlarına qayıtmaq istəyirlər. Bu tələblər təkcə Azərbaycanda deyil, Türkiyədə və başqa ölkələrdə də səslənir. Ermənistan bu ədalətsizliyi aradan qaldırmaq üçün addımlar atmalıdır. Mən dünya ictimaiyyətini azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı mövzusuna biganə qalmamağa çağırıram”, -deyə Senger bildirib.

Daha sonra çıxış edən TADEF nümayəndəsi Pərviz Məmmədzadə qeyd edib ki, Azərbaycan xalqını öz kökündən qoparmaq mümkün deyil. “Biz torpağımıza, mədəniyyətimizə, adət-ənənələrimizə sadiqik. Bizi keçmişlə birləşdirən tellər güclüdür”, - deyə o vurğulayıb.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, Qarabağa və Şərqi Zəngəzura qayıtma prosesindən danışıb, Cənubi Qafqazda tarixi ədalətin bərpasının vacibliyini qeyd edib.

Nəşr edilib : 04.07.2024 10:58