AZ EN RU

Prezident İlham Əliyev: ”Naxçıvanla bağlı böyük planlarımız var”

II Qarabağ müharibəsindən sonra ölkəmizin bir çox regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi-siyasi, sosial və mədəni sahələrdə irəliləyiş baş verdi. Uzun illər blokada şəraitində yaşamasına, dövlətimizin digər əraziləri ilə quru yollarının kəsilməsinə baxmayaraq, Naxçıvan son 20 ildə sürətli şəkildə inkişaf edərək özünün yeni mərhələsinə qədəm qoydu. Keçdiyi tarixi inkişaf yolunu, o cümlədən ötən əsrin 90-cı illərindən etibarən düşdüyü ağır vəziyyətləri göz önünə gətirsək, tam əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası blokadadan – inkişafa doğru uğurlu yol keçmiş, dövlətimizin bu və ya digər sahələrdə yürütdüyü siyasətdə aparıcı yerlərdən birini tutmuşdur. Təsadüfi deyil ki, hələ ötən əsrin 90-cı illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev muxtar respublikanın dövlət siyasətimizdə üstün mövqedə dayandığını nəzərə alaraq onun müasirləşməsi, ixrac potensialının yaxşılaşdırılması, turizm, sənaye, səhiyyə, təhsil və digər sahələrdə nailiyyətlər əldə etməsini prioritet məsələ kimi qarşıya qoymuşdu. 
Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət siyasətini davam etdirən ölkə başçısı cənab İlham Əliyev də, bu mənada, Naxçıvan Muxtar Respublikasının inkişafını, ölkədaxili və ölkəxarici siyasətdə aparıcı rol oynadığını yüksək qiymətləndirmiş, muxtar diyarın potensialını zənginləşdirmək üçün, demək olar ki, bütün sahələrdə ciddi işlər görülmüş və mütərəqqi addımlar atılmışdır. Muxtariyyətin yüzüncü ilində “Naxçıvan üçün böyük planlarımız var”, – deyən Prezident cənab İlham Əliyevin 20 il bundan öncə, muxtariyyətimizin 80 illiyində söylədiyi tarixi fikirlərin əhəmiyyətini və çıxışda qeyd olunan məqamları xatırlamaq yerinə düşər: “Naxçıvanın sosial-iqtisadi göstəriciləri çox yüksəkdir. Muxtar respublikanın ümumi daxili məhsulu ildən-ilə artır, sənaye potensialı, yerli istehsal artır, mühüm sosial məsələlər öz həllini tapır. Əlbəttə, görülən bütün bu işlərin təməli məhz o illərdə qoyulmuşdur”.
Ölkə başçısının hələ illər əvvəl söylədiyi fikirlər, həmin müddətdə qarşıya qoyulan məsələlər bu gün muxtar respublikamızda, demək olar ki, bir çox sahələrdə öz əksini tapmışdır. Belə ki, Prezident cənab İlham Əliyevin diqqəti sayəsində Naxçıvanda son illər güclü infra­struktur yaradılmış, iqtisadi potensial artmış bu və ya digər sahələrdə iqtisadi, sosial, mədəni əlaqələr qurulmuşdur. Dövlət başçısının müəyyənləşdirdiyi proqramlar, imzaladığı sərəncamlar, o cümlədən muxtar respublika ilə bağlı qəbul edilən qərarlar, verilən Dövlət proqramları buna əyani sübut olmaqla bərabər, həm də diyarımızın inkişaf tendensiyasını formalaşdıran başlıca faktordur. Təsadüfi deyildir ki, bütün bunlar cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda öz təsdiqini tapmışdır. Proqramda deyilir: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş Dövlət pro­qramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. 

Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə, öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur”. 
Məlumdur ki, istənilən regionun inkişafı və müasirləşməsi onun iqtisadi potensialından asılıdır. İqtisadiyyatın dayanaqlı və müasir tələblərə cavab verəcək şəkildə qurulması, bu və ya digər mənada, ölkədə sahibkarlıq bazarının formalaşmasına, turizm əlaqələrinin qurulmasına, mədəniyyət, təhsil, səhiyyə və bir sözlə, sosial infrastrukturun təkminləşdirilməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, muxtar respublikamız yuxarıda sadaladığımız bir çox cəhətlər nöqteyi-nəzərindən ölkəmizin iqtisadiyyatında böyük rol oynayır və  zaman ötdükcə dünyanın diqqətini öz üzərinə çəkən regiona çevrilir.
Dövlət Proqramından da göründüyü kimi, muxtar respublikamızda həllivacib məsələ kimi qarşıya qoyulan mövzulardan biri diyarımızda əlverişli biznes mühitinin qurulması, ölkəmizə, o cümlədən Naxçıvan Muxtar Respublikasına xaricdən sərmaye qoyuluşunun təmin edilməsidir. Məsələyə ümumi kontekstdən yanaşsaq, deyə bilərik ki, bu gün ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, dövlət-biznes dialoqu genişlənir. Sahibkarların maliyyə resurslarına daha rahat və sistemli çıxışının təmin olunması, vergi, sosial və digər güzəştlərin tətbiqi, investisiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi tədbirləri biznes fəaliyyətinin daha da genişlənməsinə münbit şərait yaradır. Bununla yanaşı, məqsədyönlü Dövlət proqramları çərçivəsində bölgələrimizin tarazlı inkişafının sürətləndirilməsi prioritetinə uyğun olaraq həyata keçirilən tədbirlər bütün regionlarımızı, o cümlədən Naxçıvanı da əhatə edir. Bu istiqamətdə dövlət başçısının tapşırığına uyğun olaraq müxtəlif layihələr reallaşdırılır. Bu layihələr çərçivəsində yeni iş yerləri yaradılır ki, bu da iqtisadi inkişaf zəncirinin tamamlanmasına bilavasitə xidmət edir. 
Qeyd etmək lazımdır ki, Dövlət Proqramının icrası istiqamətində görülən ardıcıl və sistemli işlərdə iqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsininin daha da yüksəldilməsi üçün Naxçıvanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması və digər zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bütün qeyd edilənlərlə yanaşı, bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, növbəti illərdə Zəngəzurdan keçəcək dəmir yolunun açılması Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artmasına şərait yaradacaqdır…
Bu gün muxtar respublikamız üçün müəyyən edilən inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasında davamlı və tarazlı inkişafı təmin edib, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına hərtərəfli şərait yaradıb. Xüsusən də sahibkarlıq subyektlərinin genişlənməsi, onlara dövlət qayğısının artırılması istiqamətində sistemli və ardıcıl işlər görülüb. Belə ki, cari ilin 6 ayında ayrılmış kreditlər sənaye və kənd təsərrüfatı sahələrini əhatə etmiş, layihələrin maliyyələşdirilməsinə 2,4 milyon manata yaxın vəsait sərf olunmuşdur. İqtisadiyyatın sahələri üzrə verilmiş kreditin 84,2 faizi sənayenin, 15,8 faizi isə kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşmüşdür. Bununla yanaşı, kredit borclarının geri qaytarılması təmin edilmiş, nəticədə, cari ilin 6 ayı ərzində qaytarılan kreditlərin həcmi 12,1 milyon manat olmuşdur ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur. 
Onu da nəzərə çatdıraq ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir. 
Qeyd etmək yerinə düşər ki, ötən ay muxtar respublikamızda keçirilən “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” adlı konfransda sahibkarlara güzəştli maliyyə kreditlərinin verilməsi, dövlət – sahibkar münasibətlərinin qurulmasının vacibliyi, o cümlədən xarici maliyyə axınının muxtar respublikamıza cəlb edilməsi gündəmə gətirilmişdir. O cümlədən Naxçıvanda 10-a yaxın bankın iştirakı ilə keçirilən bu tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin olunması məqsədilə kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılmasıdır.  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunub. 2024-cü il üçün 4 əsas istiqamət – aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır.
Konfransda o da qeyd olunmuşdur ki, muxtar respublikada kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib. Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10,1 milyon manat və yaxud 63,5 faiz az – 5,8 milyon manat olub. Nəticədə, fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb.  
Muxtar respublikada infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Görülən işlər muxtar respublikanın şəhər, qəsəbə və kəndlərinin simasını köklü şəkildə dəyişib, bölgələrinin potensialı artıb. Bütün bunlara əsaslanaraq, əminliklə deyə bilərik ki, bu gün Naxçıvan sosial-iqtisadi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Və təsadüfi deyildir ki, qısa zaman ərzində Naxçıvan Muxtar Respublikası Qafqazda inkişaf tempinə, müasir iqtisadi-sosial, mədəni səviyyəsinə görə lider mövqeydə dayanan regionlardan biri olacaq. Bu istiqamətdə atılacaq addımlar, görüləcək işlər barədə cənab İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında da ətraflı mesajlar verdi. Dövlət başçısı bildirdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “yaşıl enerji zonası” elan edilib və Naxçıvanla da bağlı böyük planlar var. Naxçıvanda 500 meqavat həcmində Günəş elektirik stansiyası tikiləcək. Nəzərə alaq ki, bu layihənin həyata keçməsi ilə muxtar respublikamızda enerji hasilatı ondan əvvəlki dövrlərlə müqayisədə iki dəfədən daha çox artacaq və nəticədə, diyarımızın enerjiyə olan tələbatı tam ödəniləcək. Bu da Ali Baş Komandanın dövlət tədbiri zamanı söylədiyi: “Naxçıvanla bağlı böyük planlarımız var” ifadəsinin əhəmiyyətini və muxtar respublikamızın ölkəmizin yürütdüyü siyasətdə tutduğu rolun vacibliyini bir daha göz önünə gətirir.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 12.08.2024 14:02