AZ EN RU

Prezident İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər”

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət və diplomatik gedişlərlə Azərbaycan son illərdə beynəlxalq miqyasda əsl söz və nüfuz sahibinə çevrilib. Dövlətimizin başçısının müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan nüfuzunun və beynəlxalq aləmdə yüksələn mövqeyinin göstəriciləridir. Bu amil özünü Mərkəzi Asiya ölkələri sayılan Qazaxıstan, Özbəkistan və Qırğızıstanda ölkəmizin apardığı uğurlu xarici siyasətə rəğbətdə, göstərilən dəstəkdə, eyni zamanda iqtisadi əməkdaşlıq və mədəni əlaqələr zəminində atılan birgə addımlarda da aydın şəkildə göstərir.

Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın mövcud əlaqələrinə inkişaf mərhələsi kontekstindən yanaşdıqda qarşılıqlı səfərlər zamanı imzalanan sənədləri, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın apardığı quruculuq işlərinə verilən töhfələri də xüsusi vurğulamaq lazımdır. Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşü də bu baxımdan olduqca yaddaqalan məqamları ilə diqqət çəkdi deyə bilərik. Həmin görüşdə iştirak edən Prezident İlham Əliyev bugünkü əlaqələrin möhkəmliyinin ayrı-ayrı məqamlarına toxunaraq gələcəyə dair də mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycan və Mərkəzi Asiya ölkələrini artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi dəyərləndirərək dostluq münasibətlərinə, qardaşlıq dəstəyinə diqqəti çəkdi: “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.

 Qalib lider dünyada artan təhdid və çağırışların ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini önə çəkərək bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğuladı. Bəli, son bir neçə il ərzində dünyanın bir sıra ölkələri, o cümlədən də Mərkəzi Asiyada yerləşən respublikalar Azərbaycanla birgə hərbi əməkdaşlıqda daha çox maraqlıdırlar desək, yanılmarıq. Bu da təbii ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra formalaşan məxsusi imicinə, müzəffər Ordumuzun müasir müharibə, döyüş təcrübəsinin effektivliyinin yaratdığı reallığa rəğbətdən xəbər verir. Həyata keçirilən birgə təlimlər yeni bilik və praktiki vərdişlərin qazanılması ilə bərabər mövcud hərbi ittifaqı da möhkəmləndirməklə bəzi Qərb ölkələrinin bölgəyə olan təsir imkanlarının azaldılmasına, gələcək təhdidlərin qarşısının vaxtında alınmasına xidmət edir. Hərbi əməkdaşlıq əlaqələrindən söhbət açan zaman Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almalarını da xüsusi qeyd etmək olar...

Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın tarixi mədəni əlaqələr fonunda iqtisadi əməkdaşlıqları da yeni inkişaf mərhələsinə qədəm qoyub. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fəal şəkildə reallaşdırılan investisiya layihələri, bu xüsusda yaradılan Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları da əhəmiyyətli rola malikdir. Eyni zamanda rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfələr vəd edən “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi də nəqliyyat-ticarət əlaqələrinin daha da sıxlaşmasının bariz nümunəsidir. Ümumiyyətlə, ölkələrarası əməkdaşlıq, çoxşaxəli ticarət dövriyyəsinin həcmi olduqca genişdir və eyni zamanda perspektivləri də böyükdür. Bu perspektivə təkan verən hadisələrdən biri də ötən il Azərbaycanın sədri olduğu, Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün əhəmiyyətini  də qeyd edə bilərik. Həmin görüşdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev qarşılıqlı əməkdaşlıqların mühüm istiqamətlərindən söhbət açaraq mövcud münasibətlərin möhkəmliyini iqtisadi güc, siyasi sabitliklə əlaqələndirdi. Sitat: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir”.

Bu gün regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir. Əminliklə demək olar ki, “yaşıl enerji sahəsi”nə töhfə məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə əldə olunan razılıq, imzalanan əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət Limanının nəqliyyat-tranzit baxımından imkanları sözügedən region ölkələrini böyük inkişaf yoluna çıxaracaq. Ən əsas məsələ isə bütün bunlara beynəlxalq səviyyədə güc mərkəzləri, nüfuzlu təşkilatlar tərəfindən olunan dəstəkdir ki, o da COP 29-un timsalında özünü açıq şəkildə büruzə verməklə bundan sonra da bu amilin daha güclənəcəyinə möhkəm əsaslar yaradır.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.08.2024 17:52