AZ EN RU

Penitensiar xidmətin əməkdaşları üçün təlim keçirilib

Ölkəmizdə məhkumların hüquqlarının qorunması, onlarla sağlamlıq vəziyyətlərinə uyğun şəkildə rəftar edilməsi, ayrı-seçkiliyə yol vermədən zəruri tələbatlardan istifadənin əlçatanlığının vacibliyi daim diqqət mərkəzində saxlanılır.  Qeyd edilən məsələlərə diqqəti artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Hüquq və İnsan Haqları İnstitutu Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı çərçivəsində iyunun 14-də xidmətin inzibati binasında əməkdaşlar üçün təlim keçirilib.
Əvvəlcə Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nın icrası ilə əlaqədar xidmət tərəfindən məhkum olunmuş şəxslərin hüquqlarının qorunması və təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib, məhkumlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd olunub ki, nümunəvi həbsxana sisteminin təməlini məhz peşəkar təlim görmüş xidməti heyət təşkil etməlidir. Məhz keçirilən təlim gələcəkdə əməkdaşların öz peşələrinə daha da ciddi yanaşmalarına rəvac verəcək.
Sonra BMT-nin İnkişaf Proqramının nümayəndəsi Tural Əhməd, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi ekspertləri  Heydər Əliyev və Hamlet Babayev, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ruslan Cumayev təlimçi qismində təqdimatlarla çıxış ediblər.
Təlim zamanı “İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin standartları”, “BMT-nin məhbuslarla rəftarın minimal standart qaydaları”, “Məhbusların hüquqları Azərbaycan Respublikasının qanunvericiliyində” və bu kimi digər mövzular ətraflı şərh olunub.
Daha sonra təlimdə həbsxana işçilərinin əmək funksiyalarını yerinə yetirərkən məhkumlarla vicdanlı rəftarı, məhkumlara qarşı davranış qaydalarına əməl edilməsi, onların sosial qayğılarının həll olunmasında yaranmış problemlərin aradan qaldırılması məsələləri müzakirə olunub, həmçinin məhkumlara ilkin tibbi yardım göstərilməsi, mənəvi ehtiyaclarının ödənilməsi və bu kimi digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
Sonda  xidmətin təlimdə iştirak edən əməkdaşlarına sertifikatlar təqdim olunub.

Nəşr edilib : 14.06.2024 18:47