AZ EN RU

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2024-cü ilin 6 ayı ərzində xidmətin fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, müşavirəni giriş sözü ilə açan ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Emin Kazımov bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində müəssisələrdə infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib.
Xidmət rəisi qeyd edib ki, dövlət başçısının ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində xidmətin fəaliyyəti və infrastrukturu müasir çağırışlara uyğun təkmilləşdirilir, məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının etibarlı təmin olunması, onların islah prosesinin səmərəli təşkili, rejim və davranış qaydalarına riayət edilməsi və digər məsələrlə bağlı olaraq ardıcıl işlər görülür. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov penitensiar müəssisələrə baş çəkərək, fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verib.
Müşavirədə vurğulanıb ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də növbədənkənar parlament seçkilərində penitensiar müəssisələrdə cəzaçəkən məhkumların səsvermə hüququnun tam təmin edilməsidir.
Sonra Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin baş inspektoru Rasim Xudaverdiyev cari ilin ilk 6 ayı ərzində fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üzərində nəzarətin gücləndirilməsi və profilaktik işin daha səmərəli təşkili nəticəsində rejim pozuntularının sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələrə nail olunub.
Müşavirədə tabe qurumların rəhbərlərinin məruzələri dinlənilib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini Xidmətin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsinə, nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tapşırıqlarını verib.

Nəşr edilib : 01.08.2024 17:12