AZ EN RU

Parisdə növbəti “partlayış” və ya ikili standartlara qarşı ikinci qızıl

Azərbaycanın idman şərəfini qoruyan cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərovun bir neçə gün öncə, daha dəqiq desək, iyulun 29-da Fransanın paytaxtı Parisdə ucaltdığı “partlayış” sədalarından sonra hökm sürən nisbi sakitlik dünən, nəhayət, sona yetdi. Bu sükutu pozan isə növbəti cüdoçu, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz Zelim Kotsoyev oldu. Azərbaycan pəhləvanının “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizə qazandırdığı ikinci qızıl medal həm də ikili standartlara qarşı atılan ikinci sillə oldu, desək, yeridir...

Bəli, görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi-siyasi Qələbəsini həzm edə bilməyən Fransa hakimiyyəti idman vasitəsilə də yarımcan qalmış çirkin oyununu aparmaqda israrlıdır. Elə olimpiya oyunlarının açılış mərasimi zamanı nümayiş olunan biabırçılıqların Azərbaycandan da yan keçməyəcəyi əvvəlcədən məlum, şəksiz idi. Dildə özünü beynəlxalq haqların müdafiəçisi, hüquq tərəfdarı kimi göstərməyə çalışan, əslində isə bunun tam əksinin əməli ifadəsinə çevrilən Makron Fransasından bundan artığını gözləmək də yersiz olardı. Açılış mərasimində Qarabağı Ermənistan ərazisi kimi təqdim etməklə rəsmi Paris özünü bütün dünyanın gözü önündə hərbi-siyasi meydanda uduzan qardaşının, pardon, bacısının halına yanan kimi göstərməyə cəhd etsə də, bu canfəşanlığı da özünüifşadan başqa bir işə yaramadı. Təəssüf ki, təxribat dalğası növbəti etaba da keçdi, uduzmuşluq hirsi bununla bitmədi. Düzdür, Hidayət Heydərovun İppon fəndi ilə tatamiyə sərdiyi fransız cüdoçunu qolundan tutub ayağa qaldırmaqla əsl idmançıya yaraşan hərəkətinə qarşı hər hansı FeyrPlay gözləməyə dəyməzdi ev sahibindən. Ancaq ən azından bundan ibrət götürüb yetər rəzillik, kifayətdir haqsızlıq deyə bilərdilər. Lakin, əksinə, ABŞ, Yaponiya kimi ölkələrin idmançılarına öz milli atributları, bayraqları ilə sevincini bölüşməsinə səs çıxarmayan eybəcər Paris siyasi diktaturası Azərbaycan pəhləvanına haqqı olanı da çox gördü. Əvəzində isə Dövlət Himnimizi ayaq üstdə dinləməyə düçar olundu firənglər...

Azərbaycan cüdo məktəbi avqustun 1-də  “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında növbəti rüzgarı əsdirə bildi. Hidayət Heydərov kimi, mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan Zelim Kotsoyev birinci görüşdə polşalı Pyotr Kuçeranı İppon fəndinə salaraq oyundan kənarlaşdırdı. Dörddəbir finalda İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Kotsoyev yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də eyni aqibəti yaşadaraq finala yüksəldi. Və nəhayət, finalda gürcüstanlı İlya Sulamanidzeni ipponla məğlub edərək bir neçə gün öncə Azərbaycan xalqına bəxş edilən möhtəşəm qürurlu anları yenidən yaşatdı. Kotsoyev müsahibəsində də Hidayətin qələbəsinin onda özünə inamı artırdığını qeyd etdi. İdmançımızın üçrəngli Dövlət Bayrağımızla sevincinə icazə verilməsə də, parislilərin növbəti dəfə zirvəyə qalxan ay-ulduzlu sevdalımıza həsrətlə baxmaq, himnimizə qulaq asmaq məşəqqətini yaşamaqdan başqa çarələri qalmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Hidayət Heydərov kimi, Zelim Kotsoyevə də zəng edərək öz səmimi təbriklərini, arzularını çatdırdılar. Dövlət başçımız və birinci xanımın bu jestləri ölkəmizdə idmana, idmançılara olan böyük önəmdən xəbər verməklə yanaşı, haqsızlıqla üzləşən Azərbaycan vətəndaşına göstərilən əsl arxa-dayağa, stimul, motivasiya mənbəyinə çevrildi... İdmançılarımızın növbəti qələbələrinə şahidlik edib qürur dolu anları qələmə almaq diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 02.08.2024 09:30