AZ EN RU

Paris-2024-də günün yekunu: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə haqq qazanıb, atletimiz 7-ci olub

Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

Yunan-Roma güləşçilərinin yarışında Sənan Süleymanov ilk iki görüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

Həlledici mərhələyə gedən yolda qazaxıstanlı rəqibi Demeu Jadrayevə məğlub olan Sənan, qızıl medal qazanmaq şansını itirib. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq. Sənanın rəqibi təsəlliverici qarşılaşmalardan sonra bəlli olacaq.

Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. 130 kq çəki dərəcəsində yer alan Şəriəti iranlı Amin Mirzəzadəyə uduzaraq fəxri kürsüyə yüksələ bilməyib.

Qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik üçün də yarış uğursuz keçib.

İlk görüşündə Anastasiya Blayvasa (Almaniya) qalib gələn Mariya 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olub. Onun rəqibi finala çıxa bilmədiyi üçün Stadnik bürünc medal uğrunda qarşılaşmadan kənarda qalıb.

Azərbaycan çəkicatanı Anna Skidan isə final mərhələsində yarışıb. 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz son 3 cəhdindən sonra 73.66 metr göstərici ilə olimpiadanı 7-ci sırada başa vurub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Nəşr edilib : 06.08.2024 23:36