AZ EN RU

“Paris-2024”: Azərbaycan üzgüçüsü mübarizəyə başlayacaq, basketbol yığması həlledici oyuna çıxacaq

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Üzgüçü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində çıxış edəcək.

Avarçəkənimiz Diana Dımçenko C finalında qüvvəsini sınayacaq. O, 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada son oyununu keçirəcək. Komandamız Kanada seçməsi ilə qarşılaşacaq. Yığmamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk “altılığa” düşməlidir.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

Nəşr edilib : 03.08.2024 10:38