AZ EN RU

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. İqtisadi-sosial, mədəni siyasətimizin əsasını təşkil edən bu sahənin günün müasir tələbələri səviyyəsinə qaldırılması, müasir inkişaf strategiyasının qurulması əsas amil kimi çıxış edir.

Görülən işlər, qarşıya qoyulmuş məqsədlərin həlli sahəsində atılan addımlar barədə daha ətraflı məlumat almaq üçün  Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsinin müdiri Səbuhi Salahov ilə həmsöhbət olduq. O bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir: “Bunun üçün Dövlət Məşğulluq Agentliyinin şəhər və rayon şöbələrinə müraciət etmək kifayətdir. Burada vətəndaşın qeydiyyatı aparılır, karyera məsləhətçiləri tərəfindən məşğulluq imkanları qiymətləndirilir və fərdi məşğulluq proqramı tərtib olunur”.

Səbuhi müəllim qeyd etdi ki, 2024-cü ilin birinci yarımili ərzində özünüməşğulluq proqramına, ümumilikdə, 533 nəfər cəlb edilib. Ötən yarım il ərzində biznes təlimlərini uğurla bitirən işsiz şəxslərdən  107 nəfər istehsal və xidmət istiqaməti üzrə öz kiçik biznesini qurub. Müvafiq aktivlərlə təmin olunmuş şəxslər avtoçilingər xidmətləri, avtoelektrik xidməti, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, avtorəngsaz, avtotəmizləmə xidmətləri, ayaqqabı təmiri və istehsalı, broyler inkubatoru, çatdırılma, dönərxana, kiçik dəmirçi sexi, kiçik dərzi sexi, kiçik dülgər sexi, kiçik foto atelye, kişi bərbərxanası, PVC qapı və pəncərə istehsalı, qadın gözəllik salonu, telefon təmiri, un məmulatları istehsalı zərfləri ilə təmin edilib. Həmçinin, arıçılıq təsərrüfatı, qoyunçuluq təsərrüfatı və maldarlıq zərfi üzrə, ümumilikdə, 426 nəfər kənd təsərrüfatı istiqaməti üzrə təsərrüfatlarını qurub. Hazırda proqramın təşkili üzrə biznes təlimlər və əmlak paylanışı istiqamətində işlər davam etdirilir.

 Müsahibimiz hazırda bu istiqamətdə işlərin davam etdirildiyini vurğuladı. Onu da qeyd etdi ki, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Proqramın icrası zamanı şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ünvanlı dövlət sosial yardımı alan şəxslər, əlilliyi olan şəxslər və 18 yaşadək əlilliyi olan şəxslər, 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxslər üstün hüquqa malikdirlər.

Mövzumuzla əlaqəli olaraq avadanlıqlarla təmin edilmiş şəxslərin bir neçəsi ilə həmsöhbət olduq.

Babək rayon Cəhri qəsəbə sakini  Türkanə İsmayılova deyir ki, həvəskar fotoqraf kimi fəaliyyət göstərir. Peşəkar olmaq və lazımlı avadanlıqları almaq üçün Dövlət Məşğulluq Agentliyinin Naxçıvan Şəhər Şöbəsinə müraciət edib: “Şöbə əməkdaşları bunu nəzərə alaraq məni kurslar və təlimlərə cəlb etdilər. Bu təlimlərdə uğurla iştirak etdim, daha sonra komputer, printer, fotoaparat, işıqlandırıcı qurğu və digər zəruri avadanlıqlar verildi. Məqsədim gələcəkdə işimdə peşəkar olub daha yaxşı fotolar çəkməkdir”.

Müsahibimiz Ordubad rayon sakini Günay Xudanova beş ildir,  dərzi kimi fəaliyyət göstərir, ancaq müəyyən avadanlıqları olmadığından çətinlik çəkib.  Buna görə də qərara alıb ki, Dövlət Məşğulluq Agentliyinin Naxçıvan şəhər Şöbəsinə müraciət etsin. Təlimlər başa çatdıqdan sonra dərzilik işi üçün lazım olan avadanlıqlarla təmin olunub. Müsahibimiz bildirdi ki, hazırda yaşadığı ünvanda dərzi kimi fəaliyyət göstərir. Gələcəkdə məqsədi işini bilən peşə sahiblərindən olmaqdır.

Həmsöhbətlərimizin fikirlərindən də aydın oldu ki, bu gün dövlət-xalq siyasətinin əsasında cəmiyyətin qayğıları ilə maraqlanmaq, onların rahatlığını nəzərə almaq üstünlük təşkil edir. Bu da günümüzdə insan amilinə verilən dəyərin bariz nümunəsidir.

Bülbül QULİYEVA

Nəşr edilib : 08.08.2024 14:47