AZ EN RU

"Özünü sev,çünki sən dəyərlisən"adlı təlim keçirilib

Naxçıvan  Gənclər Mərkəzində "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı ilə "Özünü sev,çünki sən dəyərlisən"adlı təlim keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Birliyin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibləri  elan olunub. Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş”   layihəsi qrant müsabiqənin qalibi olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənməsinə  imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılması, cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və  sosial həyatda fəal iştiraklarını təşviq etməkdir. Vurğulanıb ki,  müharibə sonrası travmaların  müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir.İlk təlim də bu istiqamətdə baş tutub. 
İlk təlim dosent, klinik  psixoloq, doktor Ayaz Seyidli tərəfindən keçirilib. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərin Vətən müharibəsində yaşadığı psixoloji travmanın nəticələrinin  aradan qaldırılması istiqamətində söhbətlər aparılıb.

Nəşr edilib : 10.08.2024 13:47