AZ EN RU

Ordubad rayonunun Yuxarı Əylis kəndində vətəndaş müraciətləri dinlənilib

5 iyul 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Yuxarı Əylis kəndində səyyar qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişlərinə uyğun olaraq  keçirilən və əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edən görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar və eləcə də rayon ərazisində yaxın perspektivdə nəzərdə tutulan müxtəlif infrastruktur layihələri haqqında məlumat verib. Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin vətəndaş-dövlət münasibətlərinin daha da sıx şəkildə qurulmasına və müasir idarəçilik mexanizmlərin tətbiq olunmasına verdiyi töhfə dinləyicilərin nəzərinə çatdırılıb. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında məlumat verən icra başçısı, dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının həyata keçirilməsi nəticəsində yüzlərlə yeni iş yerinin yaradılacağını və əhalinin həyat keyfiyyətinin daha da yüksələcəyini bildirib. Kənd sakinlərinə yaxın günlərdə Ordubad şəhərində yeni hotel tikintisinin həyata keçirilməsi ilə bağlı işlərin başlanacağı və pilot layihə olaraq baramaçılıqla bağlı görülən işlərin müsbət nəticəsi haqqında məlumat verilib. Dövlətin qarşıya məqsəd kimi qoyduğu “Zəngəzur dəhlizi” layihəsinin reallaşmasının Ordubad rayonunun strateji önəmini daha da yüksəldəcəyi və sosial-iqtisadi inkişafın sürətlənməsinə səbəb olacağı qeyd olunub. 
Qəbulda Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad”Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının əhəmiyyəti bir daha vurğulanaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Ordubad”Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nin də artıq təsdiq edildiyi iştirakçıların diqqətinə çatdırılıb. 
Yaxın zamanda Yuxarı Əylis kəndində şəhidlər məzarlığı və digər istiqamətlərə gedən yollarda asfaltlama işlərinin həyata keçiriləcəyi, həmçinin 2024-cü ilin Dövlət Proqramı çərçivəsində  kənd ərazisində yerləşən kəhrizlərin bərpası yönündə əməli addımların atılacağı qeyd olunub. Rayon İcra Başçısı kənd sakinləri ilə görüşdə ölkə genofondunun təhlükəsizliyinə təhdid yarada biləcək halların aradan qaldırılması üçün dövlətin mövcud strategiyasına toxunub, erkən nikah hallarının qarşısının alınması ilə bağlı qəti addımların atıldığını, qanunvericilikdə yer alan son dəyişikliklərdən sonra yaxın qohum evliliklərinin də rəsmən qadağan olunduğu xatırladıb.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib,  onların məşğulluq, humanitar və sosial yardım, körpü təmiri və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 05.07.2024 21:15