AZ EN RU

Ordubad rayonunda şəhid ailələri və müharibə iştirakçıları dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub

Şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biridir. Ali Baş Komandan İlham Əliyev və birinci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı olaraq Ordubad rayonunda da sistemli işlər görülməkdədir. Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin anım, doğum və digər xüsusi günlərində məzarları ən yüksək səviyyədə ziyarət olunur, onların əziz xatirəsinə həsr olunan müxtəlif  tədbirlər həyata keçirilir. Ötən müddət ərzində Ordubad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən müntəzəm olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqə saxlanılıb, dövlət əhəmiyyətli tədbirlərdə iştiraklarına xüsusi önəm verilmişdir.  Bu günədək hər iki Qarabağ müharibəsində şəhid olan vətən övladlarının rayonun müxtəlif ərazilərində yerləşən məzar və abidələri bərpa olunub, adlarını daşıyan bulaqlar tikilərək istifadəyə verilib. Şəhidlər Xiyabanı ərazisinin abadlaşdırılması işi daim gündəmdə saxlanılıb. Qeyd edək ki, yaxın gələcəkdə Ordubad rayonunda “Zəfər Parkı”nın da tikintisi nəzərdə tutulmuşdur.
Hazırda rayonumuzda şəhid ailələri və müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də onların müxtəlif problemlərinin həlli istiqamətində mütəmadi olaraq iş aparılır. Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhidlərimizin ailə üzvləri və qazilər növbədənkənar qəbul edilir, şikayət və təklifləri dinlənilir, həlli istiqamətində praktiki addımlar atılır.
Görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin tapşırığı ilə Ordubad rayon Yol-Təmir Tikinti İstismarı İdarəsi MMC tərəfindən ilkin olaraq rayonun Tivi və Düylün kəndlərində, həmçinin Ordubad şəhərində şəhid ailələrinin yaşayış evlərinə gedən daxili yollara asfalt döşənib, ətraf ərazilər abadlaşdırılıb. Bu günlərdə Düylün kəndində şəhid Hüseynov Mətin Ramiz oğlunun doğulub boya-başa çatdığı evinə gedən daxili yollarda Yol-Təmir Tikinti İstismarı İdarəsi MMC tərəfindən asfaltlama işləri görülüb, ərazidə ümumi bərpa və abadlıq işləri aparılıb.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter alaraq rayonun şəhid ailələri və müharibə iştirakçılarının yaşadığı bütün əraziləri əhatə edəcəkdir.

Nəşr edilib : 08.08.2024 10:55