AZ EN RU

Ordubad Rayon Xalq Teatrında “Gurultulu məhəbbət” tamaşası nümayiş olunub

"Şərq qapısı" xəbər verir ki,  iyulun 26-da Ordubad Rayon Mədəniyyət Sarayında  Azərbaycan  yazıçısı,  dramaturq, professor, tanımış ictimai xadim Salam Qədirzadənin “Gurultulu məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının repertuarında ilk dəfə yer alan tamaşada rolları Nadir Məhərrəmov, Günəş Ağayeva, Süqarə Mirzəli, Nağı Əlisoy, Davud Məmmədov və digər aktyorlar ifa ediblər.

Təqdim edilən tamaşanı Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, mədəniyyət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər. 

Nadir Məhərrəmovun quruluş verdiyi  səhnə əsərinin rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.

Qeyd edək ki, Salam Qədirzadənin “Gurultulu məhəbbət” əsəri iki gəncin saf məhəbbətindən bəhs edir.  Kommunal Müəssisələr Kombinatının müdiri Mərdan kişi hər şeyi, hətta doğma qızının xoşbəxt ailə həyatı qurmasını  belə qurban verərək onu öz mənfəətinə görə varlı, vəzifəli bir şəxsə ərə verməyi və bununla da özünə dayaq, “dayı” tapıb daha yüksək vəzifədə oturmağı arzulayır. Mərdan kişi qızı Şəlalənin saf məhəbbətini başa düşmək istəmir, onu yalnız yüksək vəzifə və daha çox gəlir maraqlandırır. Ağıllı insanların sayəsində isə Şəlalə öz sevdiyi İsrafilinə qovuşur, Mərdan kişi ifşa olunur və yığdığı haram pullarla tikilən imarət “Uşaq bağçası” üçün verilir.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra Həsən Seyidov kollektivi təbrik edib və uğurlar arzulayıb.

Nəşr edilib : 27.07.2024 12:16