AZ EN RU

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının, ərazisinin xüsusi rejimi təsdiq edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında müvafiq Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli Qərarı əsasında “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının, ərazisinin xüsusi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün komissiya yaradılmışdır. Komissiya üzvləri və işçi qrupu tərəfindən qoruğun sərhədlərinin və mühafizə zonasının təyin edilməsi ilə bağlı əraziyə baxış keçirilmiş, qoruğun sərhəd və mühafizə zonasını əks etdirən xəritə, həmçinin qoruğun mühafizə zonası, mühafizə rejimi, ərazisinin xüsusi rejimi ilə bağlı müvafiq sənədlərin layihələri hazırlanaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 29 iyun 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında  Qərar qəbul edilmişdir. Qərarda qoruğun tarix-memarlıq görkəmini, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədilə qoruğun mühafizə (bufer) zonasının yaradılması, qoruğun Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən idarə edilməsi, qoruğun ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin nazirliyin balansında olması, qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililərin yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi rejimli sahə hesab olunması və digər mühüm məsələlər öz əksini tapmışdır.

Qərara uyğun olaraq qoruq ərazisində həyata keçirilən işlər Ordubad şəhərinin baş planına, qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi-tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayişi və inkişaf etdirilməsi məqsədləri üçün istifadə edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq rəyi olmadan qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparılması məhdudlaşdırılmışdır.  Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün isə müvafiq icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir. Hazırda qoruğun fəaliyyətinin təşkili istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 09.07.2024 11:22