AZ EN RU

Ömürlük iftixarım, fəxrim, qürurum, Amin!

Şəhid baş leytenant Amin Gülməmmədovun əziz xatirəsinə ailəsinin dilindən

Yenə həsrətli qəlblər sızıldadı ney kimi,

Yenə çatıldı qaşlar sonsuz bir giley kimi.

Yenə çatdı ən əziz, ən doğma olan günün,

Sarıldıq başdaşına bu da oldu ad günün.

 

Çiçəklərlə, güllərlə bəzədik başdaşını,

Niyə arxasız qoydun sən əkiz qardaşını?

Bitməyən həsrətinə yeni həsrət calandı,

Qəlbimdə yanan atəş bax, yenidən qalandı.

 

İllər əvvəl yaşardıq iki sevinc bu gündə,

Bizim üçün bu idi, elə toyda, düyündə.

İndi sevinc payıma kədər kölgə salıbdı,

Keçib o gözəl çağlar, xatirimdə qalıbdı.

 

Sızıldayır qəlbimiz hər adın çəkiləndə,

Günəş qürub edəndə, dan yeri söküləndə.

Nə qədər çətin imiş sənsizliyə alışmaq,

Həyata davam edib, yoxluğunla barışmaq.

 

Deyirdin, yüksələcəm ən uca məqama mən,

Bilmədim ruhsuz qalar sənsiz gör neçə bədən.

Bu ali məqamın önündə diz çökərəm,

Bir ömür gözlərimdən qanlı yaşlar tökərəm.

 

Mən əsiri olmuşam indi kədərin, qəmin,

Ömürlük iftixarım,  fəxrim, qürurum Amin.

Xuraman CƏFƏRLİ

Nəşr edilib : 31.07.2024 15:30