AZ EN RU

Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb

    Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.

    Fevralın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan “N” hərbi hissəyə başçəkmə həyata keçirilib. 
    Başçəkmə zamanı müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.
    Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.
    Ümumi qaydada qəbul zamanı hərbi qulluqçuların hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı tapşırıq və tövsiyələr verilib, hüquqi maarifləndirici söhbət aparılıb. 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə 
Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

 

Nəşr edilib : 16.02.2023 11:15