AZ EN RU

Olimpiadanın dünya standartlarına uyğun, yüksək səviyyədə təşkilinə, bizləri burada qonaq yox, dost kimi qəbul etdiklərinə görə minnətdarıq

    Muxtar respublikanın ev sahibliyi etdiyi 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları şənbə və bazar günləri Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi və “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində olublar. Qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Ali Məclis Sədrinin 2017-ci il 12 sentyabr tarixli digər bir Sərəmcamı ilə Duz Muzeyi yaradılıb. Duz şaxtalarının bura verdiyi ecazkar görüntü qonaqlara xoş ahəng bəxş edir. Gələn qonaqlara duzun müalicəvi təsiri haqqında məlumat verilib, astma və allergiyadan əziyyət çəkən xəstələrin şəfa tapmasında böyük rol oynadığı bildirilib. Muxtar respublikada aparılan beynəlxalq arxeoloji ekspedisiya nəticəsində əldə edilmiş xeyli sayda maddi mədəniyyət nümunələri qonaqlara da böyük maraq yaradıb. Diqqətə çatdırılıb ki, belə bir muzeyin yaradılması muxtar diyarımızın tarixinə, milli-mədəni dəyərlərə göstərilən diqqət və qayğının bir nümunəsidir. Olimpiadada iştirak edən qonaqlar buranın füsunkar gözəlliyinə heyran qaldıqlarını bildiriblər. 

    Şahmatçı qonaqlara “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində məlumat verilib ki, muxtar respublikada belə abidələrin qorunub yaşadılması dini-mənəvi dəyərlərin təbliğ olunması istiqamətində və turizm potensialının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində abadlıq-bərpa işləri aparılıb. Son illərdə Əshabi-kəhf ziyarətgahının ərazisində yenidən bərpa və abadlıq işləri aparılıb. Bərpa və abadlıq işləri zamanı bu müqəddəs məkanda zəvvarlar üçün hərtərəfli şərait yaradılıb, 13 kilometr məsafədə rahat yol salınıb, yolboyu yaşıllaşdırma işləri aparılıb, məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

    Ekskursiya zamanı olimpiada iştirakçıları ilə həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik:
    Buyan Tsetseq (Monqolustan komandasının kapitanı): “Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında keçirilən olimpiadada özümüzü çox xoşbəxt hiss edirik. Şahmatçılarımız sanki evdə olduğu kimi burada hərəkət edirlər. Hər şey çox yaxşı düşünülüb. İstər idmançıların və qonaqların rahatlığı, onların hotellərinin seçimi, istərsə də nəqliyyat xidməti çox rahatdır. Mümkün qədər gəzmək, görmək istədiyim yerlərdə oldum. Naxçıvanı və buradakı insanları çox sevdim. Şəhərin sakit və təmiz olması ilə yanaşı, insanlar dostcasına bizə münasibət göstərdilər. Xüsusilə qonaqlar üçün nəzərdə tutulan turlar çox əla idi. Burada biz çox muzey və abidələrdə olduq. Naxçıvan tarixi zəngin olan bir diyardır. Naxçıvana gələn istənilən qonaqdan soruşsanız, o buranın necə gözəl məkan olduğunu deyəcək. Öz komandama gəlincə heç də uğursuz oyun sərgiləmədik və olimpiadanı 8-ci yerdə başa vurduq”.

    İsak Antonio Qarsiya (Meksika komandasının nümayəndəsi): “Uzaq diyara gəlmək çox xoş, maraqlı və əyləncəlidir. Burada komandamız əla oyun nümayiş etdirdi. Düzdür, nəticələrə baxdıqda, bəzi komandalarla oyunlarda oyunçularımız məğlub oldu. Lakin onlar hələ uşaq və yeniyetmədir, gələcək karyeraları qarşıdadır. Onlar üçün bu olimpiada bir sınaq və rəqabətdir. Biz hər zaman şahmatçılarımıza daha çox dostluq qurmalarını və dünyanın hər yerində dostlarının olmasını deyirik. Burada çoxlu dostlar qazandıq və bunun davam edəcəyini düşünürük. Olimpiada çox əla səviyyədə təşkil olunmuşdur. Açığı, etiraf edim ki, öz komandamı favorit hesab edirdim (gülür). Lakin olmadı. Qazandığımız təcrübə hər şeydən önəmlidir. Sonda hər bir təşkilatçıya, bizləri burada qonaq yox, dost kimi qəbul edən yerli insanlara minnətdarlığımı bildirirəm”.

    Fərid Abbasov (Azərbaycan-1 komandasının kapitanı): “Naxçıvanda təşkilatçılığı yüksək səviyyədə olan daha bir yarışı geridə qoyduq. Hamının razı qalması üçün hər bir detal düşünülmüşdü. Oyunçuların və qonaqların komfortlu gediş-gəlişi, onların rahat oynaması üçün bütün təşkilati işlər görülmüşdü. Bunların hamısı dünya standartlarına uyğundur. Türkiyə yığması bura çox ciddi və güclü heyətlə gəlib. Bununla yanaşı, İran, Hindistan, Özbəkistan yığmaları da əsas heyətləri ilə çıxış edirdi. Ümumiyyətlə, turnirə nəzər yetirdikdə, şahmatçıların daha güclü olduğunu, gərgin rəqabətin getdiyinin şahidi ola bilərdik. Elə “Naxçıvan” komandasının da heyəti çox güclü idi və mükəmməl oyun sərgiləyirdi. Xüsusilə də 1-ci taxtadakı şahmatçımız – Hüseyn Seyid əla oyun nümayiş etdirdi. Bu onu göstərdi ki, Naxçıvan necə istedadlı şahmatçılar yetişdirir”.
    Mark Nassal (Livan komandasının məşqçisi):  “Oyunlara Livandan qatılaraq məşqçi qismində iştirak edirəm. Naxçıvana gəldiyim ilk gündən buranın gözəlliyinə heyran qalmışam. İnsanları qonaqpərvərdir. Duzdağı ilk dəfə görürəm, buradakı səyahətim zamanı ən maraqlı yerlərdən biridir. Olimpiadaya gəldikdə isə oyunlar yüksək səviyyədə keçirilir. Bizim rəqiblərimiz, həqiqətən də, güclüdürlər. Onlarla gözəl bir oyun nümayiş etdirmək bizim üçün də sevindirici haldır”.
    Livan vətəndaşı Nadia Favar da öz təəssüratlarını bizimlə bölüşdü: “Bu mənim Naxçıvana ilk səfərimdir. Düzünü desəm, Naxçıvanın bu qədər maraqlı olduğunu düşünmürdüm. İstər yüksək səviyyəli olimpiada, istərsə də maraqlı keçən rəngarəng ekskursiyalar bizə çox xoş gəldi. Mən də yarışlarda fəal iştirak edirəm, uğur qazanmağa çalışıram. Burada uğur qazanmaq əsas şərt sayılsa da, insanlarla həmsöhbət olmaq, sosiallaşmaq ən ali dəyərdir mənim fikrimcə. Minnətdaram ki, Naxçıvan bizə bu fürsəti yaşatdı. İnanıram ki, bir daha bu yurda səfər etmək fürsətini qazanacağam”.
    Latviya vətəndaşı olan Vadim Zayakin valideyn olaraq Naxçıvana gəldiyini söylədi: “Naxçıvanda ilk dəfədir ki, oluram, dağlarla əhatə edilmiş bu yurd yeri ecazkar və maraqlıdır. Naxçıvanın zəngin təbiəti və gözəl iqlim şəraiti bizi heyran etdi. Bu gün burada bir daha şahidi oldum ki, Azərbaycan xalqı dini dəyərlərinə çox bağlı bir xalqdır. “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində yerləşən məsciddə insanların namaz qılaraq ibadət etdiyinin şahidi olduq: bu, xoş, humanist mənzərə ilə qarşılaşmaq bizi sevindirdi. İnsanların gülərüz olması, qonaqpərvərlikləri, hesab edirəm ki, naxçıvanlıları fərqləndirən əsas amildir. Burada olmaqdan çox sevincliyəm. Yüksək təşkilatçılığa görə bütün olimpiada iştirakçıları adından minnətdarlığımı bildirirəm”.
    Tandi Boşoma (Cənubi Afrika Respublikasının vətəndaşı): “Buraya gəldiyim ilk gündən küçələrin təmiz və səliqəli olması, şəhərin sakit və qaynar mühiti diqqətimi çox çəkdi. Ekskursiya çərçivəsində son iki gündə “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində və Duzdağda olmuşuq. Duzdağın təmiz havası və muzeydə yaradılan şərait mənim və dostlarımın marağına səbəb oldu. Sıra dağlarla əhatə olunmuş bu gözəl dini yeri görmək, yəqin ki, hər kəsə qismət olmaz, mən özümü bu barədə şanslı sayıram. Bu gözəllikləri görmək, insanların mehribanlığına şahid olmaq bizim üçün əvəz­olunmaz hisslərdir. Naxçıvanlıların, o cümlədən Azərbaycan xalqının dini dəyərləri çox zəngindir. Naxçıvanda keçən bu müddət mənim xatirəmdə həmişəlik qalacaq. Mən ailəmlə birgə buraya yenidən gəlməyi düşünürəm”.

Ceyhun MƏMMƏDOV
Bülbül QULİYEVA

Nəşr edilib : 10.10.2022 21:45