AZ EN RU

Nurlan İsmayılbəyli: Təkrar sertifikatlaşdırmada uğur qazana bilməyən 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib

Müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur. Bunun başlıca səbəbi müəllimlərin sertifikatlaşdırılması prosesinin nəticəsidir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, təkrar sertifikatlaşdırmada uğur qazana bilməyən 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib: “Bu say ibtidai sinif və Azərbaycan dili fənləri üzrədir. Amma işdən çıxarılan hər müəllimin əvəzinə mütləq vakansiya yaradılmayacaq. Aparılan təhlillər göstərir ki, ölkə üzrə ehtiyac duyulandan daha çox müəllim ümumi təhsil müəssisələrində fəaliyyət göstərir. Bu təhlillər xüsusilə ibtidai sinif müəllimlərinə aiddir. İşdən çıxmış müəllimin əvəzinə yaranmış vakansiya ştatlarının həmin məktəbdəki digər müəllimlər arasında paylanması planlaşdırılır. Bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub”.

Nəşr edilib : 31.07.2024 16:06