AZ EN RU

Növbəti maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı keçirdiyi maarifləndirici seminarlar davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində keçirilən növbəti seminar iyulun 18-də Şahbuz şəhərində təşkil olunub.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayaz Əliyev, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-pediatrı Xəyalə Fətəlixanlı çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı bildirilib ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan cəmiyyətin gələcəyi olan uşaqların sağlam, layiqli vətəndaş kimi yetişməsində, cəmiyyətdə sağlam mövqe tutmasında dövlətin qarşısında böyük bir missiya dayanır. Bununla yanaşı Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Şahbuz rayonunda fəaliyyət göstərən dövlət uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə məsul şəxslərin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 
Sonda 45 nəfərin yararlandığı seminar iştirakçılarının sualları cavablandırılaraq broşürlar paylanılıb, elan lövhələrinə posterlər yapışdırılıb.

Nəşr edilib : 18.07.2024 16:03