AZ EN RU

“New York Times”da Azərbaycanın COP29-a Sədrliyinə həsr olunmuş məqalə dərc edilib

ABŞ-nin nüfuzlu “New York Times” nəşrində Azərbaycana və ölkəmizin COP29-a Sədrliyinə həsr olunmuş “Dağlıq kurort, şərab, qoyun kababı və çoxlu iqlim söhbətləri” başlıqlı məqalə dərc edilib.

Məqalədə bildirilir ki, bir neçə gün əvvəl şərab ölkəsi olan Azərbaycanda, Qafqazın ətəklərinə mənzərəsi olan oteldə dünyanın aparıcı iqlim diplomatları qlobal istiləşmə ilə mübarizə və onun təsirlərindən ən çox əziyyət çəkən yoxsul və həssas ölkələrə yardım üçün böyük miqdarda pulların necə ayrılacağını müzakirə etmək üçün bir araya gəliblər. Müəllif görüşün noyabrda Bakıda keçiriləcək COP 29 konfransına hazırlıq xarakteri daşıdığını bildirib.

“Əvvəlki sammitlərdə dünya ölkələri var gücləri ilə iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlər, əsasən də bəşəriyyətin mədən yanacağından asılılığının mümkün qədər tez aradan qaldırılması barədə razılığa gəlməyə çalışıb. Ötənilki tədbirdə dünya bu barədə razılıq əldə edib. Lakin bu yalnız kağız üstündədir. Bu nə qədər vəsait tələb edir, kim ödəyəcək?”,- deyə müəllif, COP 29-da məhz bu məsələlərə aydınlıq gətiriləcəyini əlavə edib.

Müəllif yazır ki, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən daha yoxsul ölkələr zəngin ölkələrdən enerji keçidlərini sürətləndirməyə kömək etmələrini istəyir. On il əvvəl Parisdə keçirilmiş iqlim sammitində imzalanmış razılaşmaya əsasən, bu zəngin ölkələr Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyadır.

“Lakin bu siyahı 1990-cı illərin əvvəllərindəki inkişaf səviyyələrinə əsaslanırdı və o vaxtdan bəri dünya çox dəyişib. Siyahıdakı ölkələr sonradan zənginləşmiş dövlətlərin, o cümlədən Çin, Sinqapur və Səudiyyə Ərəbistanı kimi ölkələrin siyahıda yer almamasını ədalətsizlik adlandırır”, - deyə qeyd olunur.

Müəllif əlavə edir ki, Bakıda keçiriləcək sammit zamanı “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi” adlı paketin imzalanması planlaşdırılır.

Jurnalist həmçinin iqlim diplomatlarının görüşündə seanslar arasında bu istiqamətdə səmimi müzakirələrin aparıldığını qeyd edib. Panama, eləcə də tropik meşə ölkələrinin koalisiyasını təmsil edən Emilio Sempris bomba və müharibələrə pul qoyan zəngin ölkələrə iqlimin daha ucuz olduğunu xatırladıb. Marşal adalarını təmsil edən fəal Kati Cetnil-Kiciner isə bunun onlar üçün sağ qalmaq uğurunda mübarizə olduğunu bildirib. Müəllif noyabrda keçiriləcək sammitdə gərgin müzakirələrin baş tutacağını xatırladıb.

Müəllif “New York Times”ın qlobal enerji və iqlim siyasətləri və istixana qazı emissiyalarının azaldılması üçün yeni yanaşmalar barədə yazan müxbiri Maks Berakdır.

Nəşr edilib : 02.08.2024 22:38