AZ EN RU

Nə olur olsun, təki diplomum olsun yaxud diplomlu işsizlər

Əziz dost! Artıq sən seçim qarşısındasan. Bu elə bir seçimdir ki, həyata vəsiqənin başlanğıcıdır. İndi çətin bir yolun ayrıcındasan. Yollar çox, arzular geniş. Bəs necə etməlisən ki, səhvə yol verməyəsən, seçdiyin yol sənə peşmançılıq yaşatmasın, gələcəkdə özünü qınamayasan. Axı sənin gələcək həyatın bu seçimdən asılıdır.

Həyatın astanasında çox yolayrıcılar, çox aşırımlar var. Bu yollardan yaxşısını seçmək, inamla irəliləmək, dözümlü, dəyanətli olmaq məhz sənin ixtisas seçimindən asılıdır. Hədəfi düzgün müəyyənləşdirmək və bu istiqamətdə inamla irəliləmək! Bax budur, səni uğurlu gələcəyə aparan yollar. Amma bu yolu məhz özün seçməlisən.

...Övladına gözəl gələcək vermək üçün valideynin tək qayəsi onu oxutmaqdır. Onların övladlarını oxutma istəyi təbiidir, təqdirəlayiq addımdır, amma bəzi valideynlərin əllərində əlac olsa, uşağa öz istəyini, bacarığını unutdurub, öz arzusunda olduğu ixtisasa qəbul olmaları üçün dəridən-qabıqdan çıxır. İşin ən pis tərəfi isə övlad bu məqsədinə çatsa da bədbəxt olur, çatmasa da. Çünki öz istəyi, bacarığı seçdiyi sahəyə deyil.

Valideynlərini məmnun etmək naminə öz istəklərini unudan uşaqlar sayəsində yeni cəmiyyət –  “Diplomlu işsizlər və ya bacarıqsızlar” cəmiyyəti formalaşır. Sonra da valideynlər “Filankəs yaxşı işdə işləyir, yaxşı əməkhaqqı alır, “Sən oxusan da diplomun bir işə yaramır” kimi fikirlər səsləndirir. Amma düşünmürlər ki, düzgün ixtisas seçməməkdə onların böyük payı var. O valideynlər ki, “Təki diplomu olsun” deyərək övladının potensialı olmadığı ixtisasda təhsil almasına şərait yaradıb. Bu da bir dönəmdən sonra ixtisasımızı, məşğul olduğumuz işi sorğulamağa başlamağmıza səbəb olur. Bir sözlə, qərarımız bütün həyatımıza öz təsirini göstərir. Hər gün ən azı 8 saat özümüzü həsr edəcəyimiz, həftənin böyük bir bölümünü ayırdığımız işi əgər düzgün seçmişiksə,  bizə cənnət, yox əgər diplom xatirinə seçmişiksə cəhənnəm kimi görünür. Düzdür, ixtisas seçimində yanılmaq dünyanın sonu deyil, amma gələcəkdə yeni ixtisas seçmək sizə vaxt itkisi yarada bilər. Bu səbəbdən sizin üçün uyğun ixtisası ilk seçiminizdən etmək daha faydalıdır. Karyeranıza nə qədər sağlam və düzgün addımlarla başlasanız, həyatda bir o qədər uğurlu olacaqsınız.

Məhz  “Diplomum olsun”, – deyə hansısa ixtisasa yiyələnmək həm sizin şəxsi həyatınız, həm də yaşadığınız toplum üçün həddindən artıq təhlükəli bir addımdır. Hər zaman xatırlamalısınız ki, gördüyü işi sevməyən adamın nə cəmiyyətə, nə özünə heç bir xeyri olmayacaq. Əgər xəyalınızda çoxlu pul qazanmaq varsa, bunu öz işinizi sevərək və zamanınızı düzgün bölüşdürərək daha yararlı hala gətirə bilərsiniz. İstənilən halda çoxlu pul üçün çoxlu çalışmaq düşüncəsi də doğru deyildir. Əgər gecə-gündüz çalışacaq və şəxsi həyatınıza vaxt ayıra bilməyəcəksinizsə, bu sizi yoracaq və hətta sevdiyiniz iş belə olsa, bir müddətdən sonra sizi bezdirəcək. Seçim edərkən elə bir ixtisas seçməlisən ki, insanların ona çox ehtiyacı olsun. Öz lazımlılığını insanlardan alan, insanların tələbatından qidalanan ixtisaslar heç bir zaman məhv olmur. İnsanın ehtiyacı olan sahələr heç bir zaman köhnəlmir, geriləmir və yerini digər hər hansı peşəyə vermir. Məsələn, suya çox ehtiyacımız var, onun qiyməti bir manatdır. Əgər sabah suyun qiyməti yüz manat olarsa, biz yenə də həmin suyu alacağıq, çünki ehtiyacımız var. Bəzi ixtisaslar da bir növ “su” rolunu oynayır. Hər ixtisasda müəyyən boşluqlar var və hətta sahəsi üzrə ən mükəmməl olan şəxslər o boşluqlara sahib olur. Məqsədiniz insanların ehtiyacı olan həmin boşluqları tapıb, onu öz xeyrinizə istifadə etməkdir.

İspan yazıçısı, mütəfəkkiri Baltasar Qarsian “Kamillik elmi” adlı fəlsəfi traktatında yazırdı: “Öz xasiyyətini, ağlını, fikirlərini, həvəslərini dərk et. Özünü tanımasan, həyatını idarə edə bilməzsən”. Özünüdərk etmək, özünü müşahidə etmək, özünü təhlil etmək və qiymətləndirmək... Bu nüanslar ixtisas seçimində mühüm rol oynayır.

Özünüdərk, özündə olan müsbət və mənfi cəhətləri aydın görə bilmək, nəyə qadir olduğunu, bacarıq və qabiliyyətinin, biliyinin səviyyəsini düzgün qiymətləndirə bilmək və özünü təkmilləşdirmək istiqamətində fəaliyyət göstərmək vacibdir. Özünüdərk meyilləri formalaşdıqdan sonra bu keyfiyyətlər özünə nəzər salmaq, özündə olan mənfi və müsbət cəhətləri qiymətləndirmək, görmək istədiyi bir sıra keyfiyyətləri formalaşdırmaq, yəni özünü tərbiyə etmək motivlərinin inkişaf etməsinə səbəb olur.

Özünümüşahidə, insanın özünə kənardan, başqa adamın gözü ilə baxması, özündə olan keyfiyyətləri görə bilməsidir. Şəxsiyyətin özü haqqında, özünün maraqları, qabiliyyətləri və dəyərləri haqqında məlumat toplamasına geniş imkanlar yaradır. Bu məlumatlar peşə seçmək astanasında olan hər bir şəxsdə aşağıdakı suallara cavab tapmağa kömək edir: hansı növ iş görməkdən zövq alıram? Mənim maraq və qabiliyyətlərim nəyədir? Hansı bacarıqlara malikəm? Gələcək peşəmlə bağlı hansı qərara gələ bilərəm? Aparılan bir sıra tədqiqatlar göstərir ki, bu proses şəxsiyyətin inkişafı ilə sıx bağlıdır. Şəxsiyyət inkişaf etdikcə onun elə parametrləri üzə çıxır ki, bunlar şəxsiyyətin özünə kənardan baxmasına və özündə olan bir sıra keyfiyyətləri qiymətləndirməsinə səbəb olur. Buna görə də özünə kənardan baxa bilmək özünün müsbət və mənfi cəhətlərinə daha obyektiv yanaşmaq baxımından faydalıdır. Özünün qabiliyyətini, bacarığını, psixi xüsusiyyətlərini müşahidə edir, maraq göstərdiyin peşə və ixtisasla bacarıq, qabiliyyətlərinin uyğunluq səviyyəsini araşdırır, arzu etdiyin peşəni seçməyə mane olan çətinlikləri görməyə və aradan qaldırmağa, nəhayət, imkanlarını real qiymətləndirməklə düzgün seçim etməyə çalışırsan. Özünə kənardan baxmaq insanı ona verilən kənar qiymətlərə daha da yaxınlaşdırır. Təkcə müsbət cəhətlər deyil, mənfi cəhətlər də müşahidə obyektinə çevrilir. İnsan onu görə və qiymətləndirə bilir ki, bu da seçim astanasında olan hər bir şəxsi öz potensial imkanlarını artırmağa sövq edir.

Nəhayət, özünütəhlil və özünüqiymətləndirmə. Bu mərhələ gələcəyi planlaşdırmaq üçün real imkan yaradır. Nə etməli? Hansı seçimi etməli? Necə deyərlər:, yüz ölçüb bir biçmək lazımdır. Çünki qəlbində tükənməyən arzular, qarşında geniş sahələr və çoxsaylı peşələr aləmi vardır. Bu aləmi tədqiq etmək, yəni araşdırmaqla axtardığını tapa bilərsən.

Müəllimlərin, sinif rəhbərlərinin mövqeyi ixtisas seçimində önəmlidir. Müəllim yalnız dərs deyən, öyrədən deyildir. O həm də psixoloq və dərin müşahidəçidir. Bəzən nə sənin, nə də sənin valideynlərinin görüb duya bilmədikləri müəyyən bacarıq və qabiliyyətini müəllim daha yaxşı görür və qiymətləndirməyi bacarır. Buna görə də peşə seçmək astanasında fənn müəllimlərinin mövqeyini bilmək, məsləhətlərinə qulaq asmaq faydalıdır.

Bəli, ixtisas seçimi həyat üçün ən zəruri seçimlərdən biridir. Amma təbii ki, hər şey yalnız düzgün ixtisas seçməklə yekunlaşmır. İnsan daima yeni axtarışlar etməli və mütəmadi olaraq öz üzərində çalışmalıdır. İxtisas seçimi birinci addımdır, məqsədə çatmaq üçün isə həm də bacarıqlı və bilikli olmaq önəmlidir. Savadı olmayan işçi həmişə digərlərinin kölgəsində qalır və karyerasında irəliləmək onun üçün çox çətin olur. Əlinizdə olanlardan istifadə etmək üçün kifayət qədər bacarığınız olmalıdır, əks halda, ixtisasınızın önəmi qalmır.

            Gülcamal TAHİROVA

Nəşr edilib : 24.07.2024 17:58