AZ EN RU

Nazlı təbiət gözəli Qızlar bulağı

Nə zaman özümü tənha hiss etsəm, şəhərimizin bu gözəl guşəsinə üz tuturam. Nədənsə burada ruhum dinclik tapır. Bir tərəfdə Naxçıvanın şanlı dövlətçilik tarixini özündə yaşadan Xan sarayı, bir tərəfdə qadın ismətinə, ana şərafətinə bəslədiyimiz ülvi hisslərin ən böyük təcəssümü olan Möminə xatın türbəsi. Sinəsində qədim tarixi abidələrimizə qucaq açan Əcəmi seyrəngahı. Bəli, bəhs etdiyimiz sirli-soraqlı məkan Qızlar bulağıdır... Şəhərimizin ən sakit guşələrindən biri olan bu yerlər bir zamanlar Atabəylərin şəhər mərkəzi, Kəngərlilərin iqamətgahı kimi əsrlərə, əsrlərin gərdişinə şahidlik edib...
Buradan şəhərimizin aşağı məhəllələrinin canlandırdığı mənzərələri seyr etməkdən insan zövq alır. Xüsusən gümüş kəmərtək parlayan xan Arazın səltənətinin seyrinə daldıqca doyumsuz gözəlliklərin şahidi olursan. Axşam tərəfi qürub edən Günəşin şəfəqləri Arazı rəngdən-rəngə boyayır.
Gözümün önündə canlanan bir maraqlı mənzərə də var bu yerlərdə. Adama elə gəlir ki, burada nə zamansa yer yerindən oynayıb. Uca qayalar parçalanaraq sinəsində sevənlərə yer ayırıb. Yayda səs-səsə verən su damlaları, qışda buz şəlaləsi ilə Qızlar bulağı... Əfsanələr, rəvayətlərdə adıçəkilən, şəninə nəğmələr qoşulan, şeirlərdə vəsf edilən nazlı təbiət gözəli. Heç düşünmüsünüzmü bura niyə “Qızlar bulağı” adlandırılıb? 

Hər ziyarətə gəldiyimdə bu sualla dərin düşüncələrə qapılıram. Bəlkə də, qayaların arasından daranıb süzülən mirvari su damlaları qızların zülfünə bənzədiyi üçün buraya Qızlar bulağı adı veriblər.
Ya da ki çiynində səhənglə incəbelli qızlara məskən açdığı üçün bu adla tarixə yazılıb Qızlar bulağı. Axı bizim qədim adətlərimizdə “bulaq başı” ənənəsi də var idi. Bir neçə yüz il bundan qabağa qədər subay qızlar əllərində səhəng bulaq başında bir araya gələrdilər. Subay oğlanlar isə zər-zibalı geyimli qızlar arasından öz yarını seçmək üçün ətrafda pusqu qurardılar. 
Nənəmdən eşitdiyim bir xatirəni yada salıram. O, anasından qalan bir xatirəsini bölüşərkən deyirdi: “Anam bütün övladlarını evləndirib, yan-yöng etmişdi. Bircə ən kiçik qardaşımı “yola gətirə” bilmirdi. Yaşı-başı ötürdü. Bir gün paltarlarını səliqəyə salanda cibindən kiçik bir məktub tapmışdı. Sadəcə, bu sözlər yazılmışdı: “Axşam gün batanda, bulaq başında”. O zaman kiçik oğlunun da öz yarını tapdığına əmin olan anam sevincək toy tədarükünə başlamışdı”.
Bəli, beləcə, neçə-neçə saf, ülvi məhəbbətin təməli atılardı bulaq başında. Dövr dəyişdi, adətlər cilalandı, bəziləri unuduldu. Sonrakı dövrlərdə bulaq başı ənənəsi də, tədricən, arxaikləşdi. Lakin Qızlar bulağı yenə də unudulmadı. Yenə də bu nazlı diyar sevgililərin görüş yerinə çevrildi. Bu möcüzəli qayalar sinəsində minlərlə sevginin tarixçəsini daşıdı. Qayaların arasından tumurcuqlanan su damlaları neçə-neçə sevgini yuyub-arındıraraq saf məhəbbətə çevirdi. 
Bəzən də bir zamanlar qovuşmaq arzusunda olan nakam sevginin ümid yeri oldu. “Bəlkə, yenə gəldi” həsrətilə hər gün ona pənah gətirənlərin göz yaşına çevrildi bu damlalar.
İndi Qızlar bulağının özü də nakamdır. Bu cür tanışlıqlarla, gizli görüşlərlə çoxdan vidalaşıb. İndi artıq görüş yeri dəyişib. Gənclər Qızlar bulağını tərk edib, sosial şəbəkələrdə vədələşirlər. Bu sakit mənzərəni tək-tük sevgili ziyarətə gəlir. Bir də mənim kimi darıxanlar...
Beş-on il əvvəli göz önünə gətirirəm. Uşaqlığımda da tez-tez gələrdim bu sirli aləmə. O zamanlar necə də çılğın idin, Qızlar bulağı! Bəzən coşqun, bəzən həzin avazı ilə məni ovsunlayan narın damlaların zülfünə əllərimlə sığal çəkərdim. Narın-narın axan suların həzin nəğməsində sakitlik tapardım. Bir qədər kənarda Bazarçayın dərin yarğanda əks-səda verən şəlaləsi bu sakitliyi pozardı. Bu əzəmətli qayaların arasından bir neçə sərin sulu bulaq da çağlayardı. Hər gəldiyimdə ovcunu doldurub sərinlik tapan insanlara mütləq rast gələrdim.
İndi sanki küskündür Qızlar bulağı. Nə buz bulaqlar, nə hayqıran şəlalə, nə də qayaları yaşıl mamıra bürüyən narın su damlaları əvvəlkitək gur axmır. İndi çox səssiz axan zərif su damlaları onu tərk edənlərin həsrətilə boğulan Qızlar bulağının göz yaşıdır sanki. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 11.06.2024 11:01