AZ EN RU

Naxçıvanın peşə adamlarından: Dərzi Bəxtiyar

Geyimimiz bizim gündəlik yaşam tərzimizi və özümüzü ifadə etməyin gözəl vasitələrindən biridir. Necə görünməyimiz bizim düşüncələrimiz barədə fikir yürütməyə kifayət edir. Ona görə də daha gözəl və səliqəli geyimlər tikdirmək üçün tez-tez dərziyə müraciət edirik. Bu peşə ilə məşğul olan insanlar çoxdur, lakin peşəkar ustalıq qazanmış dərziləri tapmaq çətindir. Ona görə də “Şərq qapısı” qəzeti olaraq budəfəki yazımızda dərzilik peşəsinin incəliklərindən və dərzilərdən söz açmaq qərarına gəldik.

Naxçıvan şəhəri İstiqlal 105 ünvanında yerləşən dərzi köşkündə çalışan Bəxtiyar Hüseynov illərini bu peşəyə həsr edib. 51 yaşlı usta deyir: “8-ci sinifdən başlayaraq dərzilik sənətinin sirlərini öyrənməyə çalışmışam. Bu gün artıq peşəkar dərzi kimi fəaliyyət göstərirəm. Hər iş kimi dərziliyin də müəyyən çətinlikləri var. Lakin buna baxmayaraq peşəmə olan sevgim bu çətinlikləri üstələyib. Bu sənəti o qədər sevirəm ki, gün ərzində əlimdən iynə, qayçı əskik ola bilməz”.

Dərziliyin sirlərindən danışan Bəxtiyar Hüseynov bildirdi ki, hər bir sənətdə peşəkar olmaq üçün öncə bu sənəti sevməlisən. İşini sevərək ona yanaşmasan gördüyün iş yaxşı alınmayacaq. Dərzilik peşəsi gəlirli sahə olmasa belə məsuliyyət və diqqət tələb edir. Müştərilərlə xoşrəftar olmaq, səmimi ünsiyyət qurmaq və müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq bizim işimizin əsasını təşkil edir. Onların zövq və tələblərinə uyğun geyimi hazırlayıb təhvil vermək üçün bəzən gecəyə qədər çalışıram. Bəzi hallarda  müştərilər paltarı mağazadan əldə etsələr belə, dərziyə üz tutmaq məcburiyyətində qalırlar. Çünki mağazadan əldə etdikləri geyim standart formada olur. Bəzən ölçüləri müxtəlif, bəzən də bədən formaları üst-üstə düşmür.

Bəxtiyar usta bildirdi ki, bu peşə mənim üçün təkcə qazanc mənbəyi deyil, eyni zamanda həyatımın ayrılmaz bir hissəsdir. Demək olar ki, günümün bir çox hissəsini bu köşdə keçirirəm. Elə köşkdə Bəxtiyar usta ilə yanaşı, iki xanım dərzi də nəzərimizdən yayınmır. Həmsöhbət olan zaman öyrənirik ki, bu xanımlar da Bəxtiyar usta ilə bərabər illərdir, burada işləyirlər. Onlar bu işin sirlərini Bəxtiyar ustadan öyrəndiklərini bildirirlər. Rəsmiyyə Məmmədovanın dediklərindən: “Gün ərzində iynə-sapla işləmək, tikişləri düzgün vurmaq çox çətin və diqqət tələb edən işdir. Müştərinin sənə əmanət etdiyi paltarı onun öz zövqüncə uyğunlaşdırmağı bacarmalısan”.

Bizi mehribanlıqla qarşılayıb eləcə də yola salan bu zəhmətkeş peşə sahiblərinə bol qazanc, müştəri razılığı arzu edirik.

Bülbül QULİYEVA

Nəşr edilib : 06.08.2024 09:30