AZ EN RU

Naxçıvanın muxtariyyəti əbədidir

Naxçıvan bölgəsi muxtariyyətin yaranması ərəfəsində öz tarixinin ağır günlərini yaşayırdı. Ötən yüzilliyin əvvəllərində dünyada baş verən siyasi hadisələr, xüsusilə 1914-cü ildə başlanan I Dünya Müharibəsinin gedişi zamanı Rusiya ordusunun uğursuzluqları imperiyanın mərkəzində olduğu kimi, milli ucqarlarında da vəziyyəti xeyli ağırlaşdırmış və bu nəhəng dövlətin dağılması ilə nəticələnmişdi. İmperiyanın tərkib hissəsi kimi bu zaman Azərbaycanda da vəziyyət son dərəcə kəskinləşmiş, bundan istifadə edən ermənilər “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün Bakıda və ölkənin bir sıra yerlərində dəhşətli faciələr törətmişdilər. Bu dövrdə baş verən hadisələr Azərbaycanın qədim diyarı olan Naxçıvandan da yan keçməmiş, bölgədə vəziyyət son dərəcə pisləşmişdi.

1918-ci il Naxçıvan əhalisi üçün böyük müsibətlərlə başladı. Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Naxçıvana köməyə gələn türk qoşunları Naxçıvan əhalisi ilə, xüsusilə yerli gənclərdən təşkil olunmuş könüllü özünümüdafiə dəstələri ilə birlikdə ermənilərin Naxçıvanı tutmaq və yaratmaq istədikləri xəyali “Böyük Ermənistan”a qatmaq arzusunun həyata keçirilməsinə mane oldu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu hadisə Naxçıvan əhalisinin böyük sevincinə səbəb oldu və onlarda böyük ümidlər yarandı. Lakin 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən İrəvanın ermənilərə güzəştə gedilməsindən sonra ermənilər Naxçıvanı ələ keçirmək üçün daha da fəallaşdılar. Türk qoşunlarının Naxçıvanı tərk etməsindən sonra vəziyyət pisləşdiyinə görə bölgəni ermənilərin işğalından qorumaq üçün Naxçıvanın görkəmli şəxsiyyətlərinin və əhalinin təşəbbüsü ilə 1918-ci ilin noyabrında burada Araz-Türk Respublikası yaradıldı. Qısa müddət yaşamasına baxmayaraq, bu dövlət qurumu əhalinin erməni təcavüzünə qarşı səfərbərliyə alınmasında, bölgənin erməni işğalından qorunmasında mühüm rol oynadı. Araz-Türk Respublikası nəinki Naxçıvanı, ümumiyyətlə, Mehridən Uluxanlıya qədər olan ərazidə yaşayan müsəlman-türk əhalisini erməni qırğınlarından qorudu, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi.

1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını ləğv etdilər. Ancaq ingilislərin və onlardan sonra Naxçıvana gələn amerikalıların bütün cəhdlərinə baxmayaraq, əhalinin güclü müqaviməti sayəsində onlar öz məqsədlərinə çata, yəni Naxçıvanın Ermənistana verilməsinə nail ola bilmədilər. Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərə inanaraq 23 noyabr 1919-cu ildə Ermənistanla bağlanmış müqavilənin şərtlərinə əsasən, öz qoşunlarını Zəngəzurdan çıxartdı. Bundan istifadə edən ermənilər Zəngəzuru tutdu və bununla da Naxçıvanın Azərbaycandan ayrı düşməsinin əsası qoyuldu.  

Qızıl ordunun 1920-ci il aprelin 27-də Bakını tutması ilə Azərbaycan Xalq Cümhuriyyəti devrildi və aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu. Bunun ardınca 28 iyul 1920-ci ildə Naxçıvan sovetləşdi və Naxçıvan SSR yaradıldı. Naxçıvan əhalisinin iradəsini ifadə edərək M.Bəktaşov sovetləşmədən bir neçə gün sonra – 10 avqust 1920-ci ildə N.Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və ona birləşməyə hazır olduqlarını bildirdi.

29 noyabr 1920-ci ildə Ermənistan SSR-in yaradılmasından sonra ermənilərin Naxçıvana olan ərazi iddiaları daha da genişləndi. Bu zaman V.İ.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. İ.Stalin hələ Ermənistanda sovet hakimiyyətinin qurulmasından əvvəl – 4 noyabr 1920-ci ildə AK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu və RK(b)P Qafqaz Bürosu üzvlərinin iştirakı ilə “Ermənistanda vəziyyət” məsələsini müzakirə edərkən belə bir bəyanatla çıxış etmişdi ki, Zəngəzur və Naxçıvanı Ermənistanın indiki hökumətinə, yəni daşnak hökumətinə vermək olmaz. Sovet hökuməti olanda isə vermək olar. Bu bəyanat elə bir vaxtda verilmişdi ki, artıq Qırmızı ordu hissələri Cənubi Qafqaza daxil olmuş, Azərbaycanı, az sonra Naxçıvanı sovetləşdirmişdi. Ermənistanın isə sovetləşməsinə lap az qalmışdı. Başqa sözlə desək, Ermənistan 29 noyabrda, yəni bəyanatdan 25 gün sonra sovetləşdi. Deməli, İ.Stalin bu vəziyyəti qabaqcadan görür və faktiki olaraq Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsini istəyirdi. Məhz buna görə də Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan bölgəsi süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı. Ona görə də bu məsələlərdən bəhs edən Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, əgər Zəngəzur mahalı Ermənistana verilməsəydi, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi.

Yaranan şəraitdə Naxçıvanın muxtariyyəti zərurət idi. Çünki Zəngəzur mahalının itirilməsi Naxçıvanı daha pis vəziyyətdə qoymuşdu. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Erməni təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Behbud ağa Şahtaxtinski müstəsna rol oynadı. Vəziyyətin ciddiliyini görən Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil Sovet Sosialist Respublikası kimi tanıdı və Naxçıvanla bağlı ərazi iddialarından əl çəkdiyini bildirdi. Naxçıvanı Azərbaycanın tərkib hissəsi kimi deyil, Azərbaycandan ayrı, müstəqil bir dövlət kimi tanımaqda da erməni hiyləgərliyi özünü büruzə vermiş, gələcəkdə Naxçıvana olan ərazi iddialarının gerçəkləşdirilməsinin asan olması üçün onu Azərbaycanın bir hissəsi kimi deyil, müstəqil Sovet Sosialist Respublikası kimi tanımışdı.

Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilərin Naxçıvana ərazi iddiaları səngimədən davam etməkdə idi. Onlar öz iddialarından əl çəkmədikləri üçün bu məsələ ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədi ilə 1921-ci ilin yanvarında Naxçıvanda Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə rəy sorğusu (referendum) keçirildi. Referendumda respublika əhalisinin 90 faizi Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin də etiraf etdiyi kimi, Naxçıvan əhalisinin igidliyi, qəhrəmanlığı, vətənpərvərliyi sayəsində çox çətin və mürəkkəb şəraitdə bölgənin ərazi bütövlüyü qorunub-saxlanıldı, ermənilərin “Böyük Ermənistan” xülyasının gerçəkləşməsinə imkan verilmədi. Əgər belə olmasaydı, ermənilər Naxçıvanı ələ keçirəcək və daha sonrakı tariximizdə  Naxçıvan Muxtar Respublikası da yaradılmayacaqdı.

Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Moskva və Qars müqavilələrinin böyük rolu oldu. N.Nərimanovun bu məsələdə prinsipial mövqeyi, B.Şaxtaxtinskinin Moskvada apardığı danışıqlar Naxçıvan məsələsində Moskvanın mövqeyinin dəyişməsinə öz təsirini göstərdi. Ümumiyyətlə, B.Şaxtaxtinskinin Naxçıvana muxtariyyət statusunun verilməsində çox böyük xidmətləri olmuşdur. O hətta Moskvaya, V.İ.Leninə məktub yazmış, məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Məktubda tarixi Azərbaycan torpaqları olan bu ərazilər, həmin yerlərin tarixi coğrafiyası, əhalisinin milli tərkibi haqqında məlumatlar verilmiş, fikirlərini sübut etmək üçün Moskvaya bir sıra arayışlar göndərilmişdi. Bütün bunlar V.İ.Leninin diqqətini cəlb etmiş, nəticədə Siyasi Büro onun təklifi ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan SSR-in təşkili haqqında Qərar qəbul etmişdi.

16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında bağlanan Moskva müqaviləsi, bunun ardınca 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyətini, hətta sərhədlərini belə təsdiqlədi. Ancaq müxtəlif səbəblərdən Naxçıvan Muxtar Respublikasının yaradılması ləngimiş, 27 fevral 1923-cü ildə III Ümumnaxçıvan Sovetlər qurultayının qərarı ilə “Naxçıvan Muxtar Diyarı”  yaradılmışdı.

Nəhayət, 9 fevral 1924-cü ildə Azərbaycan MİK Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Beləliklə, qədim və əzəli Azərbaycan ərazisi olan Naxçıvan 1920-1923-cü illərdə Naxçıvan SSR, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-cü ilin 9 fevralından 1990-cı ilin 17 noyabrınadək Naxçıvan MSSR adlandırıldı. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ildə yeni seçilmiş deputatlarının iştirakı ilə 17 noyabrda keçirilən ilk sessiyasına sədrlik edən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Həmin vaxtdan Azərbaycanın bu qədim diyarı Naxçıvan Muxtar Respublikası adlanmağa başladı.

Ötən yüzilliyin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevlə açıq mübarizədə heç bir nəticə əldə edə bilməyən və iflasa uğrayan bəzi qüvvələr Ulu Öndəri hakimiyyətdən kənarlaşdırmaq, siyasi həyatdan təcrid etmək üçün müxtəlif bəhanələrlə həmin vaxt dahi şəxsiyyətin rəhbərlik etdiyi Naxçıvanın muxtariyyət statusunun ləğv olunması istiqamətində iş aparmağa başladılar. Lakin Ümummilli Lider Heydər Əliyev bütün bu cəhdlərin qarşısını qətiyyətlə aldı. Hətta Ulu Öndər  1992-ci il mart ayının 22-25-də Türkiyə Respublikasında səfərdə olarkən 13 oktyabr 1921-ci ildə Qarsda müddətsiz imzalanan və imzalayan dövlətlərdən heç birinin birtərəfli qaydada ləğv edə bilməyəcəyi müqavilənin gündəliyə çıxarılmasına nail olmuş, bu zaman “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikri xüsusi olaraq vurğulanmışdır. Həmin vaxt Türkiyə Respublikasının Baş naziri vəzifəsini daşıyan Süleyman Dəmirəl bəyan etmişdi ki, Moskva və Qars müqavilələrinə görə Naxçıvan Muxtar Respublikasının statusunda hər hansı bir dəyişiklik edilərsə, Türkiyə burada söz sahibidir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən “...Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün çox böyük, əvəzi olmayan bir sənəd” kimi dəyərləndirilən Qars müqaviləsinin bir daha gündəliyə çıxarılması ilə Naxçıvana ərazi iddiaları getdikcə güclənən işğalçı Ermənistana və Naxçıvanın muxtariyyət statusunu ləğv etmək istəyən bəzi daxili qüvvələrə Naxçıvanın muxtariyyət statusunun qarantı olan Qars müqaviləsinin qüvvədə olduğu və bu statusun heç bir qüvvə tərəfindən dəyişdirilməsinin və ya ləğv olunmasının yolverilməz, qeyri-mümkün olması bildirildi. Beləliklə, ulu öndərin həyata keçirdiyi bu və digər uğurlu tədbirlər nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub-saxlanıldı. Bütün bunları nəzərə alan xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvanın muxtariyyət statusuna yüksək qiymət verərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub-saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub-saxlamalıyıq”.

Ulu Öndərin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər artıq reallaşır. Məlum olduğu kimi, Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə işğal olunmuşdu. Digər işğal altında olan yaşayış məntəqələrimiz kimi, Günnüt kəndi də tamamilə dağıdılmış, vətəndaşlara məxsus evlər, məktəb binası, tibb məntəqəsi, kənd məscidi, hətta qəbiristanlıq belə, yerləyeksan edilmişdir. Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi də daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında strateji mövqelər işğaldan azad olunmuşdur. Nəticədə Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülmüş, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınmışdır. Bununla da, dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliklərdə yerləşən bu ərazilər ordumuzun birləşmələrinə düşmənin hərəkət edən və etməyən çoxsaylı obyektlərinə nəzarət etməyə imkan vermişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan muxtar respublika kimi öz tarixi inkişafının çox mühüm və şərəfli dövrünü yaşamaqdadır. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində inamla irəliləyir və ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında irəlidə gedən bölgələrin ən öncüllərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib-hazırlanmış inkişaf konsepsiyasının uğurlu tətbiqi sayəsində bölgədə əsl möcüzə, inkişafın mükəmməl modeli yaradılmış, Naxçıvan inkişaf səviyyəsinə görə ölkənin bölgələri arasında ön sıraya keçmiş, muxtar respublika geridə qalmış aqrar regiondan inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir.

Sovet hakimiyyəti illərində Naxçıvanda fəaliyyət göstərən 56 sənaye müəssisəsinin sayı hazırda yüzlərlə ölçülür, vaxtilə müxtəlif məhsullar idxal edən Naxçıvan indi xaricə bir sıra yüksək keyfiyyətli məhsullar ixrac etməyə başlamış, ixracın həcmi 1995-ci ilə nisbətən yüz dəfələrlə artmışdır. Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfərləri zamanı bölgədə əldə olunan nailiyyətlərə yüksək qiymət vermiş, aparılan işlərdən yüksək səviyyədə məmnunluğunu bildirmişdir.

Bir sözlə, bu gün qələbə sevincini yaşayan Naxçıvan Muxtar Respublikası 100 illik yubileyini böyük uğurlarla, nailiyyətlərlə qeyd edir və onu qarşıda daha böyük müvəffəqiyyətlər gözləyir.

Xəyal EYVAZOV

 Naxçıvan Muxtar Respublikası

 Ədliyyə Nazirliyinin Bələdiyyələrlə

 iş mərkəzinin rəisi

Nəşr edilib : 09.08.2024 10:52