AZ EN RU

Naxçıvanda ticarətçilər etiraz aksiyası keçiriblər

Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilər onlardan alınan icarə haqlarının çox olması ilə bağlı narazılıqlarını bildirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına toplaşan ticarətçilər icarə haqlarının azaldılmasını tələb ediblər.

Kirayə və xidmət haqlarının həddindən artıq çox olmasını əsas gətirən Cahan Ticarət Mərkəzindəki mağaza sahibləri bu gün mağazaların qapılarını müştərilərin üzünə bağlayıb.

Onların dediyinə görə, dükanların əksəriyyəti onlara yox, bəzi məmurlara və ticarətlə əlaqəsi olmayan digər şəxslərə satılıb. Həmin sahibkarlar isə 8-10 kvadratmetrlik dükanlar üçün ticarətçilərdən 400-600 manat kirayə haqqı alırlar. Bundan əlavə ticarət mərkəzi tərəfindən isə sahibkarlardan müqavilədə 175 manat göstərildiyi halda, 280-300 manat arası xidmət haqqı alınır. Onlar bildirirlər ki, karqo şirkətləri də qiymətləri qaldırıb. Təbii ki, bütün bunların hamısı qiymətlərə öz təsirini göstərir.

Ticarət mərkəzində meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər də 1-2 kvadratmetrlik piştaxta üçün onlardan alınan 100-150 manat icarə haqqının çox olmasından narazılıqlarını bildiriblər.

Cahan Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov ticarətçilərin tələblərinin sahibkarların və ticarətçilərin iştirakı ilə araşdırılacağını bildirib.

Ticarətçilər məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasındakı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin də qəbulunda olublar. Səlahiyyətli nümayəndə onların problemlərinin həll ediləcəyini bildirib.

Nəşr edilib : 05.01.2023 17:54