AZ EN RU

Naxçıvanda tərkibində bakteriyalar aşkar olunan dondurma məhsulları satışdan çıxarılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri ilə bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyaları aşkarlanıb.  Uyğunsuzluq aşkarlanmış dondurmaların satışdan geri çağırılması barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib. 

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən "Şərq qapısı"na bildirilib ki, məhsulların geri çağırılması ilə bağlı topdançı şirkətlər tərəfindən agentliyə yazılı müraciət daxil olub və  9240 ədəd “Qoşa qapı” əmtəə nişanlı vanilli Eskimo( N158; 02.04.2024-02.02.2025), 7440 ədəd “İçərişəhər” əmtəə nişanlı vanilli plombir (30.03.2024-30.01.2025) və 2880 ədəd “Yolka” əmtəə nişanlı qaymaqlı dondurma (30.03.2024-30.01.2025) məhsulları olmaqla, ümumilikdə,  19 min 560 ədəd məhsulun məhv edilməsi barədə müvafiq qərar qəbul edilib. Məhvetmə prosesi agentlik əməkdaşlarının iştirakı ilə bu gün həyata keçirilib.

 İnsanların həyat və sağlamlığının qorunması istiqamətində bundan sonra da nəzarət tədbirləri həyata keçiriləcək və ictimaiyyətə məlumat veriləcək.

Nəşr edilib : 10.07.2024 17:49