AZ EN RU

Naxçıvanda musiqi məktəblərinə direktor və direktor müavini vəzifələri üçün işə qəbul müsabiqəsi keçiriləcək

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün müsabiqə elan edir. 
"Şərq qapısı" xəbər verir ki, müsabiqəyə sənəd qəbulu avqustun 5-dən  17-dək həyata keçiriləcək. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ali ixtisas təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahə üzrə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini vəzifəsinə işə qəbul üçün  müsabiqədə müvafiq sahə üzrə azı üç il pedaqoji iş stajına malik olan orta ixtisas (kadr çatışmazlığı olduğu təqdirdə) və ya ali ixtisas təhsilli mütəxəssislər iştirak edə bilərlər. 
Müsabiqə qabiliyyət imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil edilir. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin, təhsil (direktor olmaq istəyən şəxslər ali təhsil haqqında sənədin surətini, direktor müavini olmaq istəyən şəxslər ali və ya orta ixtisas təhsili haqqında sənədin surətini) haqqında sənədin və əmək kitabçasının surətini) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, imtahanların 26 – 30 avqust tarixlərdə keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 03.08.2024 12:38